Son vaxtlarda ölkə baçısı cənab İlham Əliyev Avropa və dünyanın bir sıra aparıcı informasiya agentliklərinə çoxaylı müsahibələr verib. Azərbaycanın bölgədə aparıcı mövqe tutması, Prezident İlham Əliyevin qalib sərkərdə və uğurlu iqtisadi siyasət aparan dövlət rəhbəri kimi tanınması tanınmış KİV-lərin müsahibələrlə bağlı müraciətlərini də artırıb.
Prezident İlham Əliyev növbəti müsahibəsini Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına verib və müsahibə avqustun 26-da həmin telekanalda yayımlanıb. Dünya miqyasında tanınan telekanalda yayımlanan müsahibədə bir sıra önəmli məqamlara toxunulub.
Müsahibədə avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə baş tutan Ermənistan və Azərbaycan arasında imzalanmış tarixi razılaşmaya böyük yer ayrılıb. Qeyd edilib ki, uzun illər ərzində Azərbaycan və Ermənistanla müharibə vəziyyətində olub. Buna da əsas səbəb 90-cı illərin əvvəlində Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin işğalı, bunun nəticəsində bir milyondan çox insanın qaçqın və məcburu köçkün vəziyyətinə düşməsi olmuşdu. Həmin dövrdə Azərbaycan zəif, ordusuz idi, Ermənistanın isə əksinə bu işğala dəstək göstərən xarici havadarları çox idi.
1994-cü ildən 2020-ci ilə qədər zaman kəsiyində müxtəlif səviyyələrdə aparılan sonsuz və mənasız danışıqlara baxmayaraq heç bir irəliləyiş əldə edilmədi. Nəhayət ki, beş il əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Qalib dövlət olmağına baxmayaraq məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim etdi.
Avqustun 8-də Vaşinqtonda Prezident Tramp və onun komandasının böyük dəstəyi ilə Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə sənəd imzalandı. Cənab prezidentin müsahibəsində qeyd etdiyi kimi Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır.
Sülh sazişinin layihəsi üzrə danışıqlar bir neçə il davam etdiyini, nəhayət Vaşinqtonda Prezident Trampın və onun komandasının böyük dəstəyi ilə başa çatdığını söyləyən dövlətimizin başçısı vurğulayıb: “Mən hesab edirəm ki, bu, münaqişənin, müharibənin sonudur”.
Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi vardı, bu da Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcudluğu idi. Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarin Ermənistanın konstitusiyasından çıxarıldıqdan sonra formal sülh sazişi də imzalanacaqdır.
Eyni zamanda dövlətimizin başçısı vurğulayıb ki, “əgər Ermənistanın hər hansı gələcək hökuməti hakimiyyətə gəldiyi vaxtdan asılı olmayaraq, Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.
Vaşinqtonda imzalanan sənədin əhəmiyyəti ondan ibarətdir ki, hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcək təmaslarını beynəlxalq hüququn bu fundamental tezisi əsasında planlaşdıracaq. “Əgər onlar bizim ərazi bütövlüyümüzü tanımaqdan imtina etsələr, biz də onların ərazi bütövlüyünü tanımaqdan imtina edəcəyik”. Müsahibədə qeyd edilib ki, “Ermənistanın istənilən gələcək hökumətində kifayət qədər müdriklik, ağlabatan yanaşma olacaq ki, Vaşinqtonda razılaşdığımızı şübhə altına almasın. Bir daha qeyd edirəm ki, bu, iki dövlət arasında razılaşmadır”.
“Amma bu, Ermənistanın özü üçün çox zərərli olar, çünki Vaşinqtonda sənədlərin kim tərəfindən imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın adından Ermənistan lideri tərəfindən imzalanıb”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər orada hər hansı dəyişiklik baş verərsə və imzalanmış sənəddən geri addım atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı münasibətləri ciddi şəkildə pisləşdirər.
Müsahibədə həm də Minsk qrupunun ləğvi məsələsinə də toxunulub. Bu Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi. 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılan bu qurum münaqişənin başa çatdığı üçün lazımsız bir təşkilata çevrilib. Bu gün Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. ABŞ-da Prezident Trampın iştirakı ilə keçirilən görüşdə hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazıb və hazırda beş ildən çox fəaliyyətsiz qalan bu qurumun ləğvi prossesinə başlanılıb.
“Əl-Ərəbiyyə” kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması ilə bağlı rastlaşılan problemlərdən danışıb. Dövlətimizin başçısı bildirib ki, bu işlərə əsas iki maneə ərazilərin minalanması və Qarabağda infrastrukturun tamamilə məhv edilməsidir. “Hazırda infrastrukturun inkişafı üzrə artıq yekun mərhələyə yaxınlaşmışıq. Düşünürəm ki, bütün infrastruktur layihələri bəlkə də iki-üç il ərzində tam hazır olacaq”, - deyə Prezident əlavə edib.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü