• 4 May 2024
logo
Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir

Azərbaycan hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir

Tərəqqi bəşəriyyəti irəli aparır, lakin inkişaf özü ilə qlobal problemlər də gətirir. Müharibələr, transmilli cinayətkarlıq və narkotika ilə mübarizə, eləcə də ekoloji problemlər bəşəriyyətin gələcəyi üçün narahatlıq keçirməyə ciddi əsaslar verir. Bunlar planetin bütün insanlarının həyati mənafelərinə aid olan və bir çox sahələri əhatə edən problemlərdir və onları yalnız ümumi səylərlə həll etmək mümkündür. Bəşəriyyəti narahat edən qlobal problemləri hər zaman diqqət mərkəzində saxlayan, otuz il torpaqları işğal altında qalan və yalnız beynəlxalq hüquq norma və qaydalarına uyğun olaraq hərbi güc tətbiq etməklə ərazi bütövlüyünü bərpa edən Azərbaycan dünyanın inkişaf və təhlükəsizlik gündəmini dəstəkləyir, ölkələrin “yaşıl enerji”yə keçidinin planetin hər bir vətəndaşı üçün önəm daşıyacağını bildirir. Aprelin 23-də “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda səsləndirilən fikirlər və irəli sürülən təkliflər belə deməyə əsas verir.
Azərbaycan qlobal səhnədə, xüsusilə enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri kontekstində əsas rol oynayır. Ölkə Avropa və Mərkəzi Asiya arasında mühüm oyunçudur, Avropaya resursların çatdırılması üçün ən qısa və sərfəli hesab edilən marşrutları təmin edir. Azərbaycanın mövqeyi və enerji resursları onun Avropa üçün geosiyasi və geoiqtisadi əhəmiyyətini artırır. Ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə də regional müstəvidən kənara çıxır və Bakı Qərb-Şərq enerji dialoqunda aparıcı oyunçu kimi qiymətləndirilir. Bir çox ölkələr üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyinə mənfi təsir göstərir və münaqişənin davam etməsi yanacağın qiymətlərinə təsir edir. Yanacaq qiymətlərinin bahalaşması da Avropa İttifaqı ölkələrinin iqtisadi təhlükəsizliyinə mənfi təsir göstərir. Azərbaycanın ayırıcı yox, birləşdirici siyasi xəttə üstünlük verməsi, etibarlı enerji tərəfdaşı kimi özünü təsdiq etməsi “Köhnə dünya”nın enerji təhlükəsizliyinə öz töhfəsini verir.
Təbii ki, enerji mənbələri və strateji nəqliyyat yollarına nəzarət uğrunda mübarizənin getdiyi bir dövrdə ölkələr alternativ resurslara çıxışın asanlaşdırılması istiqamətində də fəal işləyirlər. Azərbaycan da bu gerçəkliyi anlayır və “yaşıl enerji” sahəsinin inkişaf etməsi üçün müvafiq addımlar atır. Ölkəmiz alternativ enerjinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir və hazırda xarici şirkətlər bu bazarın imkanlarını fəal şəkildə araşdırırlar. Azərbaycan yanacaq-enerji kompleksində bərpa olunan enerji sektorunun genişləndirilməsində maraqlıdır, bu sektorda sabit dövlət investisiyaları və iri layihələrin həyata keçirilməsi üçün xarici investisiyaların cəlb edilməsi nəzərdə tutulur. Azərbaycan 2027-ci ilədək 3 QVt külək və 1 QVt günəş enerjisi istehsal etmək, bunun da 80 faizini ixrac etməyi düşünür. Bundan başqa, Azərbaycandan Avropaya yaşıl enerji daşımaq üçün Qara dənizin dibi ilə 1100 kilometr uzunluğunda sualtı kabelin yaradılması da nəzərdən keçirilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın “yaşıl enerji” sahəsinin inkişafına yönəlmiş qayğılarını bölüşür və Bakı bu istiqamətdə səylərini artıracaq.
Əlbəttə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi barədə qərarın verilməsi məhz ölkəmizin qlobal problemlərə yanaşmada dünyaya göndərdiyi müsbət siqnalların nəticəsidir. Bu, həm də dünya ictimaiyyəti tərəfindən ölkəmizə verilən yüksək dəyərdir.
“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda iştirak edən Prezident İlham Əliyev bununla bağlı qeyd etdi ki, COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür. Bununla yanaşı, dövlət başçısı bildirdi ki, Azərbaycan COP29-a sədrliyinə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxır. Yəni, dövlət başçısı bir daha təsdiqləyir ki, Azərbaycan COP29-u bəşəriyyəti narahat edən problemlərin həllinə müsbət təsir göstərən platforma kimi nəzərdən keçirir və beynəlxalq ictimaiyyətin Bakıya etimad etdiyi bu vəzifəni uğurla yerinə yetirməyə çalışacaq. Bu, həm də onu göstərir ki, Azərbaycan hasilat ölkəsi olmasına baxmayaraq “yaşıl enerji”nin inkişaf etməsinə can atan ölkədir.
Forum həm də onunla yadda qaldı ki, Prezident İlham Əliyev dünyaya önəmli mesajlar da ünvanladı. Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi ətrafında yaranmış son vəziyyəti dəyərləndirən ölkəmizin başçısı sülhün çox da uzaqda olmadığını vurğuladı. Bundan başqa, dövlət başçısı çoxaspektli siyasət nəticəsində Azərbaycanın çox qütblərə ayrılmış regionlarda özünü rahat hiss etdiyini bildirdi və Azərbaycan cəmiyyətinin əsrlər boyu hər iki sivilizasiyanın - həm Avropanın, həm də İslamın dəyərlərini böyük ölçüdə mənimsədiyi üçün heç bir narahatlıq hiss etmədiyini açıqladı. Eyni zamanda, Prezident Azərbaycanın uğurlarının düsturunu açıqladı. Bakının heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmadığını vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırdı ki, “Biz Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Biz hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır”.
Azərbaycan beynəlxalq arenadakı tutduğu üstün mövqeyi və gücü hesabına ölkəmizin diplomatik və iqtisadi uğurlarını artırmaqdadır. Bu gün paytaxtımız yalnız beynəlxalq tədbirlərə evsahibliyi etməklə məhdudlaşmır, həm də məhz bizim aparıcı olduğumuz ümumdünya səviyyəli toplantılardan dünyaya səsimizin çatdırıldığı məkana çevrilib. Artıq Azərbaycan öz geopolitik mövqeyini, milli maraqlarını, hədəf və məqsədlərini məhz Bakıdan dünyaya bəyan edir.
Bu baxımdan ADA-da keçirilən “ COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum və bu tədbirdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb etdi. Hər zaman olduğu kimi fikirlərini konkret faktlarla dəqiq ifadə edən Azərbaycan lideri ölkəmizin gələcək perspektivi, siyasi düzənə baxışı və geopolitik mövqeyi haqda bütün beynəlxalq platformalara mesaj verdi. Tədbirin mahiyyətindən irəli gələn bəşəri humanizm prinsiplərini hər zaman gözləyən Azərbaycan bu dəfə də dünyaya xoş və sülhpərvər niyyətini göstərmiş oldu.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı