• 19 Dekabr 2024
logo
“Çalışmalıyıq ki, yüksək ixtisaslı kadrlar ölkəmizi tərk etməsinlər”-millət vəkili

“Çalışmalıyıq ki, yüksək ixtisaslı kadrlar ölkəmizi tərk etməsinlər”-millət vəkili

“Bjezinski “Böyük şahmat taxtası” əsərində qeyd edir ki, yaxın vaxtlarda Amerika Birləşmiş Ştatlarını heç kim iqtisadi baxımdan üstələyə bilməyəcək. Ona görə ki, ABŞ xüsusi proqram əsasında orada təhsil alan istedadlı gənclərin həmin ölkədə qalıb işləməsi üçün çox əlverişli şərait yaradır. Mən, bunu ona görə xatırladım ki, ilk növbədə yüksək ixtisaslı kadrların ölkəmizi tərk etməməsi üçün çalışmalıyıq. Bəzi dövlət müəssisələrinin tanıdığım rəhbərləri ilə söhbət əsasında onlar qeyd edirlər ki, müəyyən həddən artıq maaş verə bilmirlər. Hətta qaynaqçılar belə ölkəni tərk edib gedirlər. Ona görə ki, onlara işlərinə görə başqa ölkələrdə 3-4 dəfə artıq maaş verilir".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında
“Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili dəyişikliyi dəstəklədiyini bildirib: “Amma bununla yanaşı hesab edirəm, Nazirlər Kabineti də yüksək ixtisaslı sahələr hansılardırsa, onun siyahısını çap etməlidir. O sahədə çalışan yerli mütəxəssislərin dövlət və özəl sektorda olmasından asılı olmayaraq, onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Mənə müraciət edənlər bildirirlər ki, onlar da güzəştli ipotekadan istifadə edə bilsə idilər, bu, çox yaxşı olardı. Bu böyük stimul olardı ki, həmin insanlar ölkəni tərk etməsinlər”.