• 26 Dekabr 2024
logo
Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilib

Milli Məclisdə bələdiyyə sədrlərinin iştirakı ilə videokonfrans keçirilib

Bu gün Milli Məclisin Regional məsələlər Komitəsi və Azərbaycan Şəhər, Qəsəbə və Kənd bələdiyyələri milli assosiasiyalarının birgə təşkilatçılığı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr” mövzusunda videokonfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbirə Milli Məclisin Regional məsələlər komitəsinin üzvləri, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Bələdiyyə İşçiləri Həmkarlar Komitəsinin nümayəndələri, Azərbaycan Şəhər, Qəsəbə, Kənd bələdiyyələrinin milli assosiasiyalarının rəhbərliyi və nümayəndələri, həmçinin 55 şəhər, qəsəbə və kənd bələdiyyəsinin sədrləri qatılıblar.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov videokonfransın açılışında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda yerli özünüidarəetmə institutunun və onun hüquqi bazasının yaradılması, bələdiyyələrin inkişaf yolu haqqında danışıb. Bildirib ki, 44 gün davam edən ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörən daxili və xarici siyasəti, yenilməz ordumuzun gücü, xalqımızın milli-mənəvi həmrəyliyi nəticəsində 30 ilə yaxın düşmən işğalı altinda qalmış ərazilərimiz işğaldan azad edilib. Bundan sonra həmin ərazilərin bərpası mərhələsi başlayıb və bu mərhələdə bələdiyyələrin də üzərinə mühüm vəzifələr düşür.

Siyavuş Novruzov bələdiyyələrin rastlaşdıqları çətinliklərdən danışıb, mövcud problemlərin həlli məqsədilə görüləcək zəruri tədbirləri qeyd edib. Bildirib ki, ölkədə uğurla davam edən sosial-iqtisadi inkişaf yolunda bələdiyyələrin rolu əhəmiyyətli dərəcədə artırılmalıdır.

Çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov rayon Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Rəhman Məmmədov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və Binəqədi rayonunun M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov yerli özünüidarəetmənin təkmilləşdirilməsi, həyata keçirilən pilot layihələr, yerli vergilərin yığılması, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması, büdcə vəsaitlərindən səmərəli istifadə, bələdiyyələrin fəaliyyətini genişləndirməli olduğu sahələrlə bağlı fikirlərini bildiriblər.

Videokonfransda çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bələdiyyələrin fəaliyyətinin canlandırılması, yerli özünüidarəetmə institutunun keçdiyi inkişaf yolu, bu sahənin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi prosesi, islahatların aparılması, bələdiyyə-vətəndaş münasibətlərinin gücləndirilməsi vacibliyindən danışıblar, bir sıra təkliflər veriblər.

Mövzu ətrafında müzakirələrdə çıxış edən bələdiyyə sədrləri bələdiyyə institutu barədə öz fikirlərini bölüşüblər.

Videokonfransda Milli Məclisin deputatları Elşən Musayev, Səttar Möhbalıyev, Cavid Osmanov və Səbinə Xasayeva da iştirak ediblər.