• 21 Dekabr 2024
logo
Vüqar Rəhimzadə: Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır

Vüqar Rəhimzadə: Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır

Bu gün Azərbaycan regionda və dünya miqyasında mehriban qonşuluq siyasəti yürüdür, bir çox ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa önəm verir. Bu sırada Rusiyanı xüsusi vurğulamaq lazımdır. Uzun illərdir ki, ölkələrimiz arasındakı əlaqələr sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında ölkə başçılarının şəxsi təşəbbüsləri xüsusi qeyd edilməlidir.
Bu fikirləri açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfərini və burada keçirdiyi görüşləri şərh edərkən bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, bu günlərdə Azərbaycan Prezidentinin Rusiyaya işgüzar səfəri, keçirdiyi görüşlər, Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı mühüm məqamlarla yadda qaldı: “Möhtərəm Prezidentimizin Rusiya Prezidenti Vladimir Putinlə görüşündə qeyd edildi ki, ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr möhkəmlənir, ötən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollara bərabər olub. Bu və digər amillər göstərir ki, Azərbaycan-Rusiya əməkdaşlığı yüksək səviyyədədir və gələcək üçün böyük perspektivlər mövcuddur. Dövlətimizin başçısının “Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur” fikirləri də bu reallığı bir daha təsdiq edir”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Prezident İlham Əliyevin Soçi şəhərində Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı və mühüm mesajlar verməsi həqiqətlərimizin təbliği və ölkəmizin milli maraqlarının müdafiə edilməsi istiqamətində kifayət qədər yüksək qiymətləndirilir: “Möhtərəm Prezidentimiz bütün beynəlxalq tribunalardan hər zaman Azərbaycanın gələcək strateji hədəflərini bəyan edir, milli maraqlarımızı qətiyyətlə qoruyur. Xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı haqlı mövqeyimiz, problemin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin mümkün ola biləcəyi vurğulanır. Prezident İlham Əliyevin Valday Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında da əsas mövzu bu istiqamətdə olub. Möhtərəm Prezidentimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışıb, işğal faktından və onun acı nəticələrindən bəhs edib. Dövlətimizin başçısı BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini bəyan edib”.
Vüqar Rəhimzadə əlavə edib ki, Azərbaycan Prezidenti sessiyada çıxışı zamanı Paşinyanın da layiqli cavabını verib: “Möhtərəm Prezidentimiz Ermənistan baş naziri Paşınyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu xüsusi olaraq diqqətə çatdırıb, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” - deyə, sərt cavab verib. Bu, Ermənistana və bütün dünyaya ünvanlanan bəyanatdır. Hər kəs bir daha bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur və gec-tez bu qədim torpaqlarımız işğaldan azad olunacaq, ölkəmiz öz ərazi bütövlüyünü bərpa edəcək”.