Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.
Trend-in məlumatına görə, son iki həftə ərzində sözügedən əyalətdən iki təyyarə reysi ilə Azərbaycana göndərilənlər sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlər olublar.
Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları gecə saatlarında onları Münhen hava limanına aparıblar.
Qeyd edək ki, deport olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdirlər.
Onların arasında könüllü şəkildə Azərbaycana qayıtmaq istəyənlər də olub. Həmin şəxslər Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) əməkdaşlarının müşayiəti ilə hava limanına gətiriliblər.
Xatırladaq ki, noyabrın 14-də Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaq olub.