• 16 Sentyabr 2024
logo
Region gəncləri qohum nikahlarının fəsadları barədə maarifləndiriliblər

Region gəncləri qohum nikahlarının fəsadları barədə maarifləndiriliblər

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyinin icra etdiyi “Qohum nikahları əleyhinə maarifləndirmə” layihəsi çərçivəsində 9-11 avqus 2024-cü il tarixində Lənkəranda 3 günlük “Təlimçilər üçün olan təlim” həyata keçirilib.

Baymedia.az-ın məlumatına görə, təlimdə ölkəmizin 9 regionunu təmsil edən sosial aktiv gənclər, psixoloq, sosioloq, media sahəsində çalışanlar təmsil olunublar.

Tədbirin proqramı və layihənin məqsədi ilə bağlı birliyin sədri, layihə rəhbəri İntiqam Səfərov geniş məlumat verib. O, layihənin hədəflərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Layihə üzrə təlimçi Afiq Məlikov tərəfindən iştirakçılarla nikah, nikah hüququ, Azərbaycanda ailə dəyərləri, qohum nikahları və onların doğurduğu genetik xəstəliklər, qohum nikahlarının yaratdığı sosial problemlər, qohum nikahlarının sosioloji fəsadları və s mövzularda məlumatları bölüşüb və müzakirələr aparılıb. Təlim zamanı müxtəlif qrup işləri kimi fəaliyyətlər də icra edilib. Tədbirdə ekspert qismində iştirak edən hüquqşünas Adəm Rəcəbli nikahlarla bağlı hüquqi aspektlərə toxunub, Azərbaycan qanunvericiliyində bu barədə nəzərdə tutulan müvafiq müddəaları diqqətə çatdırıb. Digər ekspert Astara rayon Mərkəzi Xəstəxanasının psixoloqu Fərrux Əliyev də iştirakçılarla qohum nikahlarının psixoloji aspektlərini müzakirə edib, praktiki misallarla çıxış edib.

Tədbirin sonunda iştirakçılar tədbirin cəmiyyət üçün əhəmiyyətini qeyd edib gələcəkdə qohum nikahlarının fəsadlarını nəzərə alaraq belə evliliklərə qarşı mübarizə tədbirlərinin aparılmasının vacib olduğunu qeyd etdiblər. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Təşkilatdan verilən məlumatda o da bildirilib ki, təlimdə iştirak edən gənclər ətrafında olanlar üçün müxtəlif məlumatlandırma görüşləri təşkil edəcək və sosial şəbəkələrdə qohum nikahları əleyhinə müxtəlif formada təbliğat xarakterli yazılar paylaşmağı hədəf götürüblər.

Qeyd edək ki, layihənin əsas məqsədi ictimaiyyət arasında qohum evliyinin qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərini həyata keçirtməklə belə evliliklərdən yarana biləcək xəstəliklərin qarşısının alınmasına nail olmaq və sağlam gəncliyin formalaşmasına töhfə verməkdən ibarətdir.