• 30 Dekabr 2024
logo
Ovçuluq təsərrüfatlarına ictimai nəzarətlə bağlı Dəyirmi Masa keçirildi

Ovçuluq təsərrüfatlarına ictimai nəzarətlə bağlı Dəyirmi Masa keçirildi

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Ovçuluq təsərrüfatlarına ictimai nəzarət" sosial-ekoloji layihəsi çərçivəsində Dəyirmi Masa keçirib.
Dəyirmi Masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, ETSN, DİN və digər qurumların nəzdindəki İctimai Şuraların üzvləri, QHT və media təmsilçiləri, ekspertlər və ovçular iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Pragma" İB sədri Taleh Şahsuvarlı layihə barədə iştirakçılara məlumat verib. Sədr bildirib ki, hazırda Azərbaycanda mövcud olan ovçuluq təsərrüfatları ETSN-in tabeliyindəki Milli Parkların balansındadır və ayrıca hüquqi statusu yoxdur. Bu isə təsərrüfatların inkişafına mane olan əsas faktorlardan biridir.
Layihənin eksperti, ETSN yanında İctimai Şura üzvü Elşad Əsgərov ovçuluq təsərrüfatlarının inkişafı üçün bioresurslardan səmərəli istifadəni vacib sayıb: "Bioresursların bərpası üçün ov heyvanlarının təsərrüfatlarda yetişdirilməsi vacibdir".
Tədbirdə dolğun və konseptual çıxış edən DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev ölkəmizdə ovçuluq təsərrüfatlarının və bütövlükdə ov mədəniyyətinin yüksəldilməsi üçün qanunvericilikdə ciddi dəyişikliklər edilməsinə ehtiyac olduğunu bildirib.
Millət vəkili Vüqar İskəndərov qeyd edib ki, Milli Məclis vətəndaş cəmiyyətindən daxil olan təkliflərə həmişə diqqətlə yanaşıb.
ETSN nümayəndəsi Asif Cəfərov qaldırılan məsələlər barədə nazirliyin QHT-lərlə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu dilə gətirib.
Tədbir çıxışlar və sual-cavab formasında davam etdirilib.