• 4 May 2024
logo
BQXK-nin “qaçaqmalçılıq oyunu”

BQXK-nin “qaçaqmalçılıq oyunu”

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhədçiləri tərəfindən aşkarlanan qaçaqmalçılıq faktını qəbul edib. Komitənin rəsmi açıqlamasında iddia olunur:
- BQXK Laçın yoludan bəyan edilməmiş məhsulların keçirilməsindən xəbərdardır və bunu dəstəkləmir;
- Qanunsuz yük aparan 4 avtomobil komitə tərəfindən icarəyə götürülüb və üzərinə BQXK emblemi vurulub;
- 4 avtomobilin sürücüsü daşıdıqları yük haqda komitəyə məlumat verməyib;
- Həmin sürücülərlə müqavilələrə xitam verilib;
Ekspert Asif Nərimanlı deyib ki, açıqlamada BQXK-nın “humanitar missiyası”ndan ağızdolusu bəhs edilir. Lakin komitənin bu etirafı qaçaqmalçılıq faktı qarşısında qaldığı üçün etdiyi bəllidir. Çünki BQXK avtomobillərində qaçaqmalçılıq halı dəfələrlə olub və Azərbaycan tərəfi bununla bağlı komitəni məlumatlandırsa da, qaçaqmalçılıq fəaliyyəti davam edib. İndi sərhədçilərimiz avtomobillərə müdaxilə etdiyi və faktı aşkarladığı üçün BQXK məsuliyyəti üzərindən atmaq istəyir: “Aydındır ki, komitənin məqsədi fəaliyyəti üçün yenidən şəraitin yaradılmasıdır, hərçənd, rəsmi Bakı şərtlərində israr etməlidir: BQXK-nın Xankəndidəki nümayəndələri İrəvan yox, Bakı ofisinə tabe olmalıdır; Qarabağdakı erməni əhalisinin ehtiyacları BQXK-nın vasitəsilə Azərbaycan tərəfindən təmin edilməlidir. Əks təqdirdə, BQXK qanunsuz əməllərini başqa formada həyata keçirməyə davam edəcək”
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov isə bildirib ki, özünü ən nüfuzlu humanitar təşkilat kimi tanıtdıran və eyni zamanda Azərbaycanın humanizmindən sui-istifadə edərək Laçın dövlət sərhəd-buraxılış məntəqəsini su yoluna döndərən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndidəki separatçı ermənilərə görə öz nüfuzunu, imicini zərbə altında qoyması həqiqətən də dərin təəssüf hissi doğurur. Bu cür qlobal dünya miqyaslı bir təşkilatın adı hansısa xoşagəlməz olaylarda, şübhəli əməliyyatlarda, avantüralarda və qanunsuzluqlarda hallanmamalıdır.
QHT sədrinin fikrincə, ancaq əfsuslar olsun ki, biz bunun əksini sübut edən həqiqətlərlə, faktlarla üzləşməli oluruq. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) adından da göründüyü kimi beynəlxalq humanitar təşkilat olsa da, ancaq bu təşkilatın erməni əsilli sürücülərinin Laçın keçid məntəqəsində saxlanılan və bəyannamədə təsbit edilməyən yükləri – telefon, siqaret, benzin və s. tələbat məhsullarını qaçaqmalçılıq yolu ilə Xankəndiyə aparmaq cəhdləri nəinki separatçıları, BQXK-nin özünü də ifşa edir: “Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən BQXK-yə aid nəqliyyat vasitələrində qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlanması əlbəttə, ilk növbədə bu təşkilata qarşı inam və etimadımızı ciddi şəkildə sarsıdır. Ona görə də BQXK-nın Cenevrədəki baş ofisi və ya Ermənistandakı nümayəndəliyi qeyri-qanuni malların Xankəndiyə keçirilməsi, qaçaqmalçılıq faktlarının üzə çıxması ilə əlaqədar olaraq olaya münasibət bildirməli, təşkilatın adının bu cür xoşagəlməz işbazlıq faktlarında yer almasına obyektiv surətdə aydınlıq gətirməlidir. BQXK-nin maşınları vasitəsilə Laçın postundan daşınan yüklərə ciddi nəzarət prinsipi ilə yanaşaraq ayıq-sayıqlıq göstərmələrinə görə isə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına heç şübhəsiz ki, təşəkkür düşür. Sözügedən ifşaedici faktların ortaya çıxarılması separatçılara havadarlıq edən bəzi beynəlxalq güclərin ölkəmizə qarşı qərəzli təbliğatlarının neytrallaşdırması baxımından Azərbaycanın əlini gücləndirəcək”.

Cavid