• 15 Yanvar 2025
logo
“Yaşıl iqtisadiyyat”a keçid

“Yaşıl iqtisadiyyat”a keçid

“Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir. “Yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər.
İndiyədək KOBİA tərəfindən KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Belə ki, KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, ekoloji R2 (Responsible Recycling) sertifikatının alınmasına dəstək, atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb. Alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su depolayıcı materialın hazırlanması və s. layihələr üçün KOB subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib.
Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb. Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib. Sahibkarların yaşıl layihələrinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib.
Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması (https://yb.smb.gov.az/) yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.
“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə atmosfer havasının mühafizəsi sahəsində sahibkarların maarifləndirilməsi məqsədilə görüş də keçirilib. ETSN-nin müvafiq qurumlarının iştirakı ilə təşkil olunan tədbirdə sənaye və ictimai-iaşə (restoran, şadlıq evi) sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib. Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə çıxış edərək fikirlərini bölüşüb, eyni zamanda Nazirliyin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi və fiziki şəxslər atmosferə atılan tullantıların qarşısını almalı, onların zərərsizləşdirilməsi təmin olunmalı, az tullantılı və tullantısız texnologiyalar tətbiq edilməli, bu sahədə normativlərə əməl olunmalıdır. Həmçinin sahibkarların diqqətinə çatdırılıb ki, sənaye və ictimai iaşə obyektlərində qaz-toz tutucu qurğuların quraşdırılması, bu qurğulara mütəmadi texniki xidmətin göstərilməsi və filtrlərin təmizlənməsi, atmosferə atılan tullantılarla bağlı uçot və hesabatın aparılması, məlumatların regional ekologiya və təbii sərvətər idarəsinə təqdim edilməsi vacibdir.
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir.
Ölkəmizdə təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şərait yaratmaq məqsədilə dövlət başçısının 2011-ci il 28 dekabr tarixli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncamla "Təmiz Şəhər" ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı təyin edilib. Sənaye Parkında həyata keçirilən təkrar emal prosesinin mühüm önəm kəsb edir. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən Sənaye Parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb.
Balaxanı Sənaye Parkının yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən "yaşıl" iqtisadiyyatın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək "yaşıl" istehsalla məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, "yaşıl" məhsul istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib.
Balaxanı Sənaye Parkında rezident kimi fəaliyyət göstərmək sahibkarlara bir sıra üstünlüklər qazandırır. Müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən rezidentlər 10 il müddətinə mənfəət, torpaq, əmlak vergisindən azad edilir. Eyni zamanda, istehsal məqsədi ilə idxal edilən texnoloji avadanlıqlar ƏDV-dən və idxal rüsumundan 7 il müddətinə azad olunur. Balaxanı Sənaye Parkında tullantılardan xammal kimi istifadə edilərək hazırlanan məhsullar bir sıra ölkələrə ixrac olunur.
İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq, iqtisadi reinteqtasiya tədbirləri aparılmaqdadır və bu istiqamətdə nəzərdə tutulmuş strateji baxışlardan biri də bu ərazilərdə yaşıl enerji zonasının yaradılmasıdır. Yaşıl enerji zonası - enerji tələbatı yaşıl enerjidən (bərpa olunan enerji mənbələrindən) maksimum istifadə edilməklə təmin edilən və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli "yaşıl" texnologiyalardan istifadə edilən ərazidir. Azərbaycanda gələcək iqtisadi inkişafın ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində işlərin artırılması ilə sıx bağlı olacağını deməyə əsas verir.

Mahir