“Media haqqında” qanun layihəsi, neuzübillah, Quran ayəsi deyil… Media ilə yaxından-uzağa bağlılığı olan istənilən şəxs layihənin konkret müddəalarını təhlil və tənqid edə bilər. Amma etik normalar çərçivəsində, etirazın səbəblərini əsaslandırmaqla, konkret faktlara istinad etməklə, ortaya tutarlı, subyektiv siyasi baxışlardan uzaq, ciddi hüquqi arqumentlər qoymaqla... Təbii ki, həm iştirak etdiyim, həm də sonradan izlədiyim müzakirələr zamanı hüquqi cəhətdən əsaslandırılmış, qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən tərəfsiz, qərəzsiz yanaşmaların şahidi olmuşam. Bəzilərinin, hətta öz fikirlərini əsaslandıra bilməsələr də, tənqidi yanaşmaları ilə prosesə töhfə vermək niyyətində olduqları, hansısa alt niyyət güdmədikləri də nəzərə çarpırdı... Bu müsbət və sivil cəmiyyətlərə xas olan tendensiyadır və çox şadam ki, bəlli düşərgənin hər addımda tənqid hədəfinə çevirdiyi Milli Məclisin son 2 il ərzindəki faəliyyətində nəzərə çarpan dəyişikliklər, parlamentdə həyata keçirilən islahatlar qanun layihələrinin real ictimai müzakirəyə çıxarılmasına imkan verir.
...Daha öncə də qeyd etdiyim kimi, “Media haqqında” qanun layihəsinin, yaxud ictimaiyyətin diqqətini cəlb edən, fundamental hüquq və azadlıqlarla bağlı olan istənilən sənədə tənqidi münasibət kifayət qədər normal və təbii qəbul olunmalıdır və müşahidə etdiyim qədər, olunur da...
Amma bu və ya digər sənədə olan tənqidi münasibət, subyektiv baxışlar müstəvisindən, yaxud bütövlükdə aşağılayıcı, təhqiramiz ifadələrlə müşayiət olunmamalı, ayrı-ayrı sahələrdə, o cümlədən media sektorunda həyata keçirilən islahatların qərəzli və məqsədyönlü bir şəkildə gözdən salınmasına xidmət etməməlidir. Təəssüf ki, son bir neçə gündə hərəkətə gələn, yaxud hərəkətə gətirilən ənənəvi nüfuz müvəkkillərinin, həmçinin “küyə düşənlər”in davranışları birgəyaşayış qaydalarını, peşə etikasını, bütövlükdə etik normaları pozmaqla yanaşı, media sektorunda həyata keçirilməsi nəzərdə tutulan islahatların sabotaj olunması məqsədi güddüyünü söyləməyə əsas verir. Bu prosesin haradan idarə olunduğunu müəyyənləşdirmək üçün, düşünürəm ki, həm daxildən, həm də xaricdən ötürülən ismarıcların mənbələrinə və istiqamətlərinə nəzər salmaq yetərlidir. Hər zaman olduğu kimi, təzyiq və gözdənsalma kampaniyalarına əsas yaratmaq üçün istifadə olunan ənənəvi texnologiyalar yenə də işə salınıb. Nüfuz müvəkkilərinin vasitəsilə təxribat törətməyə, qarşıdurma yaratmağa cəhdlər göstərilir. Bu cəhdlər bəhanələrə, bəhanələr isə böhtan və qarayaxma kampaniyalarına zəmin yaradır. Eyni sifarişçilər, eyni texnologiya və eyni icraçılar...
Bu icraçılardan biri, bir müddət öncə Ermənistan hərbçilərinin Azərbaycanla sərhəddə törətdikləri təxribatlara haqq qazandırır, ölkəmizi “Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozmaqda”, BMT Nizamnaməsinin və beynəlxalq konvensiyaların tələblərinə əmək etməməkdə günahlandırırdı. İctimai qınaqdan qismən də olsa çəkinməsəydi, Azərbaycanı birbaşa “işğalçılıqda” ittiham edərdi...
Torpaqlarımızın 30 ilə yaxın Ermənistanın işğalı altında olmasına, yaşayış məntəqələrimizin Yer üzündən silinməsinə, misli görünməmiş vandalism aktlarına, yüzminlərlə vətəndaşımızın öz evindən didərgin düşməsinə, bütün fundamental hüquqlarının pozulmasına susan, xarici ölkələrdə keçirilən tədbirlərdə ermənilərlə qol-boyun olub “sülh”dən dəm vuran, hər addımında Azərbaycanın əleyhinə kampaniya aparan birisinin və ətarındakı aqressiv sözçü yığınağının indi özlərini “azad söz”ün müdafiəçisi kimi gözə soxmaları ən azından ikrah doğurur. Mənəviyyatları kimi deqrodasiyaya uğramış leksikonları da həmçinin...
Azərbaycan mediasına bayırdan basılanlar, hələ də ölkənin informasiya mühitinin kənar müdaxilələrin təsir və təzyiqləri altında qalmasında maraqlı olduqlarını nümayiş etdirməklə, ənənəvi sifarişçilərinə “vəzifələrinin öhdəsindən layiqincə gəldiklərini” çatdırmaq istəyirlər. Bu xüsusda ilk “mesaj”a, Azərbaycan jurnalistlərinin ermənilərin mina terrorunun qurbanına çevrilməsi faktına səssiz qalan bəzi təşkilatların dərhal reaksiya verməsi, əslində baş verənlərin növbəti təxribat ssenarisi, oncədən planlaşdırılmış siyasi aksiya olduğunu söyləməyə əsas verir.
Jurnalistin leksikonuna bax: “Bas bayıra”. Etirazın da, onu ifadə etməyin də bir forması, üslubu var. Aşağılayıcı ifadələrlə, söyüş və təhqirlərlə səninlə eyni mövqedə olmayanları, fərqli düşünənləri geriyə çəkilməyə məcbur etmək, ən primitiv, ən əxlaqsız siyasi təzyiq vasitəsi olmaqla yanaşı, soyğunçu (reket) təfəkkürün nümunəsidir. Bu adamların məqsədi sosial şəbəkələrin xaricdən üfunət hopdurulan seqmentlərinin üslubunu Azərbaycan mediasına gətirməkdən, bizi ayaqda saxlayan, birgəyaşayışımızı və birliyimizi təmin edən dəyərləri sıradan çıxarmaqdan ibarətdir. İllərdən bəri xaricdən ölkənin ictimai rəyinə müxtəlif vasitələrlə püskürdükləri söyüş və təhqirlər, yalan və böhtanlar, aqressiya və qəzəb vasitəsilə cəmiyyətimizi parçalamağa, müqavimətimizi qırmağa, bizi təslimçi sülhə sövq etməyə çalışsalar da, son nəticədə Azərbaycan xalqının, dövlətinin və Ordusunun monolit, sarsılmaz birliyi ilə qarşılaşdılar. Eyni prosesi indi ölkə daxilinə daşımağa çalışırlar və buna hüquqi müstəvidə mane olan əsas amillərdən biri də “Media haqqında” qanun layihəsidir. Artmaqda olan aqressiyanın, söyüş və təhqirlərin təməlində də, məhz bu amil dayanır. Amma gecdir. İndi ölkənin media mühitinə bayırdan basılanların bayıra basılmaq zamanıdır!
Elçin Mirzəbəyli
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru