Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" və "Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi" publik hüquqi şəxslərin yenidən təşkili ilə bağlı dövlət başçısının fərmanından irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədilə yeni sərəncam imzalayıb.
Sərəncama əsasən Ədliyyə Nazirliyi Medianın İnkişafı Agentliyi, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi ilə razılaşmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Prezidentin 730 nömrəli Fərmanına uyğunlaşdırılması üçün təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
"Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Fərmanın icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib bu barədə altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin", - sərəncamda qeyd olunub.