Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, ABŞ və Rusiya nümayəndələrinin noyabr ayına planlaşdırılan üçtərəfli görüşünün hazırlanması barədə məlumat verib.
Xalqcebhesi.az -ın xəbərinə görə, Zelenski "Telegram" kanalında paylaşdığı məlumatda bildirib ki, o, bu məsələni Finlandiya Prezidenti Aleksander Stubb və Norveç Baş naziri Yonas Qar Störe ilə onların Rusiya rəhbərliyi ilə aparılan telefon danışığının yekunlarına əsasən müzakirə edib.
Ukrayna liderinin sözlərinə görə, Stubb və Störe Moskva ilə danışıqların məzmunu barədə onu məlumatlandırıblar. Həmin danışıqlar zamanı onlar deeskalasiya üzrə real addımların atılmasının, xüsusən də Ukraynanın energetika və digər infrastrukturlarına zərbələrin dayandırılmasının vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin diplomatik səyləri dəstəkləmək və təhlükəsizliyi möhkəmləndirmək üçün avropalı tərəfdaşlarla mümkün qarşılıqlı fəaliyyət formatlarını müzakirə ediblər.
Zelenski vurğulayıb ki, Finlandiya və Norveç Rusiya ilə həmsərhəd olan dövlətlər kimi təhlükəsizlik sahəsində etibarlı razılaşmaların əldə olunmasında maraqlıdırlar.
"Sülhə nail olunmalı, deeskalasiya zəruridir, Rusiyanın müharibəni uzatmasına isə son qoyulmalıdır", - deyə Ukrayna Prezidenti bəyan edib.
Məryəm Quliyeva