• 23 Oktyabr 2026
logo
Fransada qadağalara rəğmən yarım milyonluq etiraz aksiyası gözlənilir

Fransada qadağalara rəğmən yarım milyonluq etiraz aksiyası gözlənilir

Hakimiyyət tərəfindən tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, 24 oktyabr tarixində Fransa üzrə 400 mindən 500 minə qədər insanın etiraz aksiyalarında iştirak edəcəyi gözlənilir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TF1" telekanalı məlumat yayıb.

Məlumata görə, nümayişlərin "Nümayiş qadağalarına meydan oxumaq, dövləti sarsıtmaq" şüarı altında keçirilməsi planlaşdırılır.

Telekanalın qeyd etdiyinə görə, hüquq-mühafizə orqanları dövlət müəssisələrinin binalarına və polis əməkdaşlarına hücumların ola biləcəyini istisna etmirlər. Həmçinin yeni qarət hallarının baş verməsi riski var.

Eyni zamanda, Fransanın Ərazi Kəşfiyyatı xəbər verir ki, ticarət obyektlərinin sahibləri öz əmlaklarını müstəqil şəkildə qorumağa hazırlaşırlar. Məlumatlara görə, sahibkarlar kütləvi şəkildə gözyaşardıcı qaz balonları, elektroşokerlər və digər özünümüdafiə vasitələri satın alırlar.

Yeni etiraz aksiyaları ərəfəsində Fransa hakimiyyəti nümayişlərin keçirilməsinə çoxlu sayda məhdudiyyətlər tətbiq edib. Fransa Prezidenti Emmanuel Makron həmkarlar ittifaqları tərəfindən təşkil edilən yürüşlər istisna olmaqla, yaxın günlərdə nümayişlərin keçirilməsinə icazə verilməməsi barədə tapşırıq verib. Xüsusilə, 24 oktyabrda Lion və Marseldə nümayişlər tamamilə qadağan edilib, məhdudiyyətlər həmçinin Nitstsa, Tulon, Ruan, Havr və bəzi digər şəhərlərdə də qüvvədədir. Parisdə isə hakimiyyət yalnız paytaxtın şərqindəki Bastiliya meydanından Millət meydanına qədər həmkarlar ittifaqının yürüşünə icazə verib. Bundan əlavə, Fransa şəhərlərinin ayrı-ayrı rayonlarında komendant saatı tətbiq olunub.

Məryəm Quliyeva