• 1 Sentyabr 2026
logo
Qanun ifadə azadlığının möhkəmləndirilməsinə xidmət edir

Qanun ifadə azadlığının möhkəmləndirilməsinə xidmət edir

1999-cu ildə qəbul edilən “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanuna sonradan çoxsaylı əlavə və dəyişikliklərin edilməsinə baxmayaraq, sözügedən hüquqi-normativ akt informasiya və kommunikasiya sektorundakı müasir çağırışlara, yeni dövrün media anlayışına cavab vermirdi və bu baxımdan da medianı əhatə edə biləcək hüquqi tənzimləmə mexanizmlərinin yer aldığı “Media haqqında” Qanunun qəbul edilməsi zərurətə çevrilmişdi. Qanun layihəsi ətrafında aparılan çoxsaylı müzakirələr də müəyyən qeyri-obyektiv yanaşmalara, ilk baxışda ziddiyyətli görünən fikir ayrılıqlarına baxmayaraq, əslində, peşəkar medianın gözləntilərini nümayiş etdirir.
Bu fikirləri “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli bildirib.
Baş redaktor diqqətə çatdırıb ki, dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş Qanunda nəzərdə tutulan hüquqi mexanizmlər tətbiq olunduqca, sənədə prosesi kompleks şəkildə görə bilmədiyi üçün spektrik yanaşan həmkarlarımızın da gözləntilərini doğruldacaq. “Media haqqında” Qanun, əslində, media sektorunda həyata keçirilən islahatların hüquqi konstruksiyasıdır. Bu konstruksiya olmadan islahatların bütün komponentlərini həyata keçirmək mümkün olmayacaqdı. “Media haqqında” Qanun möcüzə yaratmayacaq, illərdən bəri yığılıb qalmış problemləri bir göz qırpımında həll etməyəcək, amma həlli mexanizmlər ortaya qoyacaq ki, bu da prosesin içərisində yer alan və ölkə mediasını ən azı öz çalışdığı, rəhbərlik etdiyi hüquqi subyekt çərçivəsində inkişaf etdirməyi arzulayan şəxslərin ideyalarını gerçəkləşdirmələri və layiq olduqları yeri tutmaları üçün yetərlidir.
E.Mirzəbəylinin sözlərinə görə, Qanun peşəkar media ilə “media” adına iddia edən, əslində isə söz və fikir azadlığından, jurnalistikadan özlərinin qeyri-qanuni əməlləri üçün istifadə etməyə çalışanlar arasındakı “qırmızı xətt”i müəyyənləşdirəcək və sonuncuların qol-qanad açmamaları üçün hüquqi məhdudiyyətlər yaradacaq, gerçək və məsuliyyətli söz və ifadə azadlığının keşiyində dayanacaq. “Əslində, islahatlar yeni başlayır. Bu günə qədər görülən işlər, həyata keçirilən layihələr, sadəcə, medianın yeni dövrə - islahatların real mərhələsinə hazırlanmasına xidmət edirdi. Şübhəsiz ki, sadəcə, “Media haqqında” Qanunu, yaxud sözügedən sənədin ayrı-ayrı müddəalarını oxumaqla, subyektiv təhlil süzgəcindən keçirməklə reallaşdırılması nəzərdə tutulan islahatların tam mənzərəsini görmək mümkün deyil. Amma tam əminəm ki, həyata keçirilməsi nəzərdə tutulan islahatların hər addımında Qanunun bu və ya digər maddəsinin, hətta ayrı-ayrı ifadə və müddəalarının hansı məqsədə xidmət etdiyini görmək, islahatların səmərəliliyinə inanmaq, prosesin içində fəal şəkildə yer almaq mümkün olacaq”. – deyə E.Mirzəbəyli vurğulayıb.
Baş redaktor qeyd edib ki, qanun peşəkar medianın və bu sahəyə peşəkar jurnalistika ilə məşğul olmaq məqsədi ilə gələn fərdlərin, bütövlükdə isə cəmiyyətin maraqlarının qorunmasına, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə, ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir və bütün bu məqsədlərin yerinə yetirilməsi üçün dəqiq, manipulyasiyalara yol açmayacaq hüquqi mexanizmlər formalaşdırır: “Qanun, eyni zamanda tənzimlənən və tənzimlənməyən media növləri arasındakı sərhədləri dəqiq şəkildə müəyyənləşdirir, jurnalist anlayışına daha dərin və fundamental məna verir, peşəkar jurnalistikanın nüfuzunun və ictimai çəkisinin artmasına zəmin yaradır. Bununla yanaşı, hazırda informasiya və kommunikasiya sahəsində mövcud olan, lakin peşəkar media anlayışına uyğun gəlməyən digər fəaliyyət növlərinin fəaliyyətini məhdudlaşdırmır, əksinə bu sahədə peşəkarlıq nümayiş etdirən şəxslərin də heç bir məhdudiyyət tətbiq edilmədən “jurnalist” anlayışının sərhədləri çərçivəsində yer almasına imkan yaradır. Yəni, qanun sərhəd çəkmir, amma imkan yaradır ki, peşəkar media ilə məşğul olan şəxslər və subyektlər öz sərhədlərini müəyyənləşdirsinlər”.
Ekspert vurğulayıb ki, Qanunda beynəlxalq təcrübədə yer alan bir çox komponentlərlə yanaşı, jurnalistlərə könüllülük əsasında vəsiqələrin verilməsinin də nəzərdə tutulması, əslində, jurnalistlərin söz və ifadə azadlığına təminat verən beynəlxalq sənədlərin və yerli qanunvericiliyin tələblərinə uyğun olaraq, hüquqlarının hərtərəfli müdafiəsinin təşkil edilməsinə imkan yaradır, jurnalistlərin fərdi söz, ifadə və yaradıcılıq azadlıqlarının keşiyində dayanır.
“Əslində, qanunun ayrı-ayrı müddəalarını şərh etməklə hər bütöv fikrin altında yatan hüquqi məna yükü haqqında sonsuza qədər yazmaq olar. Hesab edirəm ki, yaxın zamanlarda Medianın İnkişafı Agentliyi qanunun ayrı-ayrı müddəalarının izahı üçün layihələr həyata keçirəcək və mütəxəssislərin iştirakı ilə “Media haqqında” Qanunun mahiyyəti, həmçinin qanundan yol alan islahatlar haqqında bu sektorda fəaliyyət göstərən hər kəsin daha ətraflı məlumatlandırılmasına çalışacaq”, - deyə baş redaktor bildirib.
Milli Məclisin deputatı Hikmət Babaoğlunun qənaətinə görə isə, “Media haqqında” Qanunun tətbiq edilməsi mediamızın inkişaf tarixində tamamilə yeni bir mərhələ təşkil edəcək. Hər şeydən əvvəl ona görə ki, yeni Qanun bu inkişafı bütün parametrlərlə təmin edə biləcək hüquqi əsaslar və azadlıqları özündə ehtiva edir. Bu da informasiya cəmiyyətinin zəruri tələblərindən biridir.
Deputatın sözlərinə görə, yeni cəmiyyət-media münasibətləri kontekstində aktual olan mühüm məsələlərdən biri də peşəkar və məsuliyyəti media problemi idi ki, yeni Qanunda bu məsələləri tənzimləyən hüquqi mexanizmlər də öz əksini tapıb. Yəni, Media Reyestrinin qarşıdakı 6 ay ərzində yaradılmasının nəzərdə tutulması, jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhədin müəyyənləşdirilməsi, ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması kimi strateji istiqamətlərin inkişafı üçün hüquqi əsasların yaradılması yeni Qanunun tətbiqi sayəsində mediamızın əldə edə biləcəyi mühüm nailiyyətlər kimi xarakterizə oluna bilər.
“Ən başlıca məsələlərdən biri yenə də jurnalistlərin məişət problemlərinin həlli və mənzil-kommunal şəraitlərinin yaxşılaşdırılması məsələsidir. Bu mənada jurnalistlərin güzəştli kreditlərdən yararlanmaqla mənzil problemlərini həll edə bilmələri üçün hüquqi bazanın yaradılması Azərbaycan dövlətinin jurnalistlə növbəti qayğısıdır. Bu yeni yanaşma jurnalistlərin məişət problemlərini kütləvi və birbaşa həll etmək imkanları yaradır”, - deyə H.Babaoğlu vurğulayıb.
Onun sözlərinə görə, iki kateqoriyada güzəşt hüququnun tanınması isə həm 5 il jurnalist kimi əmək fəaliyyəti olan jurnalistlərə gənc ailə statusunda, digərlərinə isə 15 illik əmək stajı əsasında nəzərdə tutulur ki, bu da demək olar davamlı jurnalistika fəaliyyəti ilə məşğul olan bütün jurnalistləri əhatə edir. Ona görə də Qanunun tətbiqinə paralel olaraq jurnalistlərin güzəştli kreditlərdən istifadə etməsi üçün hüquqi bazanın yaradılması mediamızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməzi kimi də xarakterizə edilməlidir.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Media haqqında” qanunun medianın inkişafında mühüm rol oynayacağını düşünür.
“Geniş ictimai müzakirəyə səbəb olan bu qanun layihəsi göstərirdi ki, cəmiyyətin də mediaya marağı və gözləntiləri böyükdür”, - deyə qeyd edən baş redaktor qanunun bütün media spektrini əhatə etdiyinə diqqət çəkib.
Rəşad Məcid əlavə edib: “Buraya audivizual, çap, onlayn media və informasiya agentlikləri daxildir. Bu əhatəli qanun layihəsində həm media subyektləri, həm jurnalistlər üçün həm media reyestrinə daxil olan jurnalistlərə müəyyən güzəştlərin edilməsi, o cümlədən sosial sahədə güzəştlərin verilməsi kimi məsələlər var”
Baş redaktorun sözlərinə görə, eyni zamanda mediadan kənar, qeyri-peşəkarların mediaya axının qarşısı alınacaq: “Hamımızın bildiyi kimi jurnalistlərin əməkhaqqı arzuladığımız səviyyədə deyil. Vaxtı ilə jurnalistlər üçün mənzillərin tikintisi zamanı cənab Prezident də bunu vurğulamışdı ki, jurnalistlərin əməkhaqqı azdır və onların mənzil almasında çətinliklər var. Məhz ona görə də dövlətin jurnalistləri mənzilə təminatı ilə bağlı heç bir ölkədə görünməmiş böyük bir qərar qəbul etmişdi.
Hazırda isə jurnalistlər üçün dövlətin müəyyən güzəştləri nəzərdə tutulur. Arzu edirik ki, media haqqında qanun həm jurnalistikanın peşəkarlaşması, həm jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm rol oynasın. İnanıram ki, mütəmadi jurnalist fəaliyyəti ilə məşğul olan insanlar bu güzəştlərdən, o cümlədən ipoteka kreditinin şərtlərindən yararlana biləcəklər”.

Elçin