• 25 Dekabr 2025
logo
"Sərhədlər açılmalıdır" - Qüdrət Həsənquliyev

"Sərhədlər açılmalıdır" - Qüdrət Həsənquliyev

Son günlərdə sərhədlərin açılması məsələsi yenidən gündəmə gətirilir. Bu məsələdə fərqli fikirlər mövcuddur. Əgər əvvəlki dönəmdə sərhədlərin bağlı qalması xaricdən təhdid planlarının qarşısının alınması ilə bağlı idisə, artıq bu təhdinin böyük ölçüdə aradan qalxdığını söyləyənlər də var. Həmçinin mövcud iqtisadi durumda sərhədlərin açılmasının sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət daşıdığı da vurğulanır.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevdir:

- Quru sərhədlərin açılıb-açılmaması məsələsi yenə gündəmdədir. Necə hesab edirsiz, sərhədlərin açılması geosiyasi, regional müstəvidə hansı təsirini göstərə bilər? Sərhədlər açılmalıdırmı?

- Əlbəttə ki, sərhədlər açılmalıdır. Kənardan təhlükə ola bilər deyə, biz daim digər dövlətlərlə sərhədlərimizi qapalı saxlaya bilmərik. Ona görə də sərhədlər açılmalı, sərhədyanı ölkələrlə qarşılıqlı ticarət əlaqələri qurulmalı, genişlənməlidir. Onu da nəzərə almalıyıq ki, bizim çoxsaylı soydaşlarımız Dərbənddə, Gürcüstanda, İranda - Cənubi Azərbaycanda yaşayırlar. Bura həm də onların vətənidir. Sərhədlərin açıq olması soydaşlarımızın Azərbaycana sərbəst gəlib-getməsi üçün lazımdır. Öz ev-eşiklərini tərk edib iş dalınca Rusiya, Ukrayna, Türkiyəyə gedən, orada qalmağa məcbur olan çoxsaylı azərbaycanlı var. Onların öz Vətənlərinə gediş-gəlişi asan olmalıdır. Dövlət Təhlükəsizlik Xidməti öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir. Hesab etmirəm ki, ölkədə təhlükəsizliyimiz üçün təhdidlər var. Ən böyük təhdid əhalinin sosial vəziyyəti ilə bağlı olan məsələlərdir. Dövlət daha çox iqtisadi islahatlar aparmalıdır ki, insanların yaşayışı yaxşı olsun. Kənardan təhlükəsizliyimizə təhdid olacaq təhlükəni görmürəm. Ona görə də hər zaman hökuməti dövlət sərhədlərini açmağa çağırıram.

- Rusiyada azərbaycanlılara qarşı yenidən başlanan həbs hücumları, Avropa İttifaqının Ermənistanla imzalanan “Tərəfdaşlıq sazişi”ndəki qərəzi, eləcə də Avropa Parlamentində ölkəmizə qarşı qəbul olunan ədalətsiz qətnamə özü kənar təhlükənin mövcudluğundan xəbər vermirmi?

- Dünyada elə bir ölkə yoxdur ki, onun qonşu dövlətlərlə hər hansı gərginliyi, narahatlığı olmasın. Belə götürəndə, gərək, bütün dünya dövlətləri bir-birləri ilə sərhədlərini bağlaya. Yəni bu, çıxış yolu deyil, qonşularımızla yaxşı münasibətlər qurmağa çalışmalıyıq və hazırda da bütün qonşu dövlətlərlə münasibətlər qaydasındır. Düzdür, Rusiya ilə müəyyən gərginlik var idi. Prezidentlərin Düşənbə görüşündən sonra o da aradan qalxıb. Ermənistana, artıq benzin satırıq, eləcə də bizim üzərimizdən bu ölkəyə yüklər daşınır. Artıq ticarət, nəqliyyat əlaqələri qurulur. Belə olduğu təqdirdə, Ermənistanın üzərinə qoyulan əvvəlki şərtlərlərdən də geri çəkilmək lazımdır. Konstitusiyanın dəyişdirilməsi tələbini bir kənara qoyub, Ermənistanla sülh sazişi imzalamalıyıq. Bir sözlə, Azərbaycan doğrudan da həm daxildə, həm də xarici siyasətlə bağlı çevik qərarlar qəbul etməlidir.

- Bəllidir ki, Ermənistanda revanşist qüvvələr cücərdilir. Azərbaycandan Ermənistana gedən neft məhsulları ilə bağlı iddialar ortaya atılır...

- Əslində, Ermənistana neft məhsulları göndərməklə, dəmir yolu xəttini açmaqla revanşistlərə böyük zərbə vururuq. Ermənistan xalqı görür ki, Azərbaycanla dost olmaqla, sülh şəraitində yaşamaqla, yaxın qonşuluq siyasəti apamaqla çox şeyə nail ola bilərlər; ölkələri inkişaf edər, nəqliyyat xərcləri azalar, malların qiyməti aşağı düşər. Belə olduğu təqdirdə, revanşistlərin dayaq nöqtələri zəifləyəcək. Əslində, bu, Paşinyana ciddi dəstəkdir və o da bunu qiymətləndirməlidir. Azərbaycanın tələb etdiyi konstitusuya dəyişikliyini etməlidir. Buna baxmayaraq, Azərbaycan doğru siyasət yeridir və inşAllah bu siyasət özünü doğruldar.

Digər tərəfdən, Avropada elə bir xalq yoxdur ki, zaman-zaman bir-biri ilə müharibələr aparmasın. Avropada yüzillik müharibələr olub. İndi onlar bir ittifaqın içərisində yaşayırlar, əmin-amanlıq təmin olunur.

Ermənlər bizə elə yaralar vurublar ki, zaman sağaltmaz. Zaman, sadəcə, bizə o yaralarla yaşamağı öyrədir. Bu baxımdan anlamalıyıq ki, Ermənistan qonşu dövlətdir və bunu dəyişmək mümkün deyil. Biz övladlarımız, gələcək nəsillər üçün düşünməli, onlara düşmən qonşu qoyub getməməliyik. Münasibətləri elə tənzimləməliyik ki, əməkdaşlıq, firavanlıq olsun.

- Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamə nədən xəbər verir?

- Avropa İttifaqı Ermənistan və Azərbaycanın bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır. Aİ münasibətlərin perspektivlərinə mənfi təsir edir.

Aİ Azərbaycan torpaqları işğal altında olduğu illərdə Ermənistanı tutduğu mövqedən çəkindirəcək açıqlama belə verməyib. İndi də Avropa parlamentariləri, guya, ölkəmizdə “siyasi məhbus”ların olduğunu, insan haqlarının pozulduğunu iddia edir, üstəlik, etnik zəmində aranı qarışdırmağa çalışırlar. Onlar, hətta müharibə cinayətləri törətmiş erməniəsilli məhbusları müdafiə etməkdən də çəkinməyiblər. Hesab edirəm, bu tip məsələlər xoşniyyətli edilirsə, əvvəlcə bağlı qapılar arxasında müzakirələr aparılmalıdır. Bu cür hallar məsələnin həllini çətinləşdirir. Yəni kimlərsə Azərbaycana qarşı şərt qoyub, tələb irəli sürürsə, deməli, məsələnin həllini deyil, bundan faydalanmağı, vəziyyəti qızışdırmağı planlayır.

Avropa Parlamenti Azərbaycanda etnik mənsubiyyətinə görə insanların hüquqlarının pozulduğunu iddia edir. Əslində isə Avropa Parlamenti özü etnik qruplara heç bir yardım etmir. Ermənistanın arxasında dünyanın böyük bir erməni diasporası, lobbiçiliyi dayanmışdı. Avropanın ən aparıcı ölkəsi olan Fransa, eləcə də ABŞ Ermənistanda separatizmi qızışdırmaqla o xalqa nə verdilər? Əlləri o qədər qana batdı ki, axırda ölkədən çıxıb getmək məcburiyyətində qaldılar. İndi etnik qrupları qızışdıranlar o xalqlara düşmənçilik edirlər. Separatçılara, revanşistlərə qarşı ciddi tədbir görülməyəndə həmin xalqın özünün faciəsinə gətirib çıxarırlar. Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti vaxtında o cür adamları ifşa edərək, ölkədə xalqların qardaşlıq şəraitində birgə yaşayışını təmin etdi. Biz hamımız azərbaycanlıyıq. Burada milli etnik fərqliliklər, azsaylı xaqların nümayəndələri ola bilərlər. Ona görə də birliyimizi pozmağa çalışanlar haqqında sərt tədbirlər görülməlidir.

Hesab edirəm, Avropa Parlamentinin qərarı xoş niyyətlə qəbul olunmuş qərar deyil. Bu, Azərbaycanda gərginlik yaratmaq məqsədi daşıyır. Bu cür təxribatlara görə sərhədlərimizi bağlayıb, ölkə iqtisadiyyatına ciddi ziyan vura bilmərik, insanların rahat həyatını poza bilmərik...