Ekspert: “Azərbaycan üçün də dezinformasiya ilə mübarizənin uğurlu təşkili vacibdir”
Ermənistan mediasının yaydığı məlumata görə, İrəvan hakimiyyəti ölkəyə qarşı mümkün xarici informasiya təsirlərinin qarşısını almaq üçün Avropa Birliyinə müraciət edib. Bildirilir ki, rəsmi dairələr Avropa qurumlarından sürətli hibrid cavab qrupu göndərilməsini təklif ediblər.
Məlumatlara əsasən, bu qrupun əsas məqsədi sosial şəbəkələr və rəqəmsal platformalarda yayılan, xarici mənbələrlə əlaqəli olduğu ehtimal edilən dezinformasiya kampaniyalarını müəyyənləşdirmək, analiz etmək və yerli qurumlarla birlikdə qarşı tədbirlər hazırlamaq olacaq. Layihə reallaşarsa, mütəxəssislər həm texniki monitorinq, həm də strateji kommunikasiya sahəsində Ermənistan strukturları ilə birgə fəaliyyət göstərəcəklər.
Ekspertlər bu təşəbbüsü Ermənistanın təhlükəsizlik siyasətində yeni mərhələ kimi qiymətləndirirlər. Onların fikrincə, bu addım təkcə informasiya təhlükəsizliyi tədbiri deyil, həm də ölkənin xarici siyasi kursunda Qərbə doğru istiqamətlənmənin davamı kimi şərh olunur. Son illər Rusiya ilə münasibətlərdə müşahidə edilən gərginlik bu qərarın arxasında duran əsas səbəblərdən biri hesab edilir.

Qeyd olunur ki, Aİ oxşar missiyanı daha əvvəl Moldovada keçirilən parlament seçkiləri zamanı həyata keçirib. Həmin vaxt təxminən 20 mütəxəssisdən ibarət qrup sosial mediada yayılan şübhəli məlumat axınlarını izləyərək yerli hakimiyyət orqanları ilə koordinasiyalı işləyib və iddia edilən xarici dezinformasiya şəbəkələrinin xəritəsini çıxarıb. Bu təcrübə Brüsselin informasiya təhlükəsizliyi sahəsində operativ mexanizmlər formalaşdırdığını göstərir.
Siyasi analitiklər hesab edir ki, Ermənistanın belə bir mexanizmə qoşulmaq istəyi regionda geosiyasi rəqabətin yeni mərhələyə keçdiyini göstərir. Onların fikrincə, Cənubi Qafqazda təsir uğrunda mübarizə artıq yalnız diplomatik və hərbi sahələrlə məhdudlaşmır, informasiya məkanı da strateji rəqabət arenasına çevrilir.
Hazırda rəsmi tərəflər təşəbbüslə bağlı yekun qərarın verilib-verilmədiyini açıqlamayıblar. Bununla belə, müşahidəçilər hesab edir ki, belə bir missiyanın reallaşması həm regiondakı qüvvələr balansına, həm də Ermənistanın beynəlxalq tərəfdaşlıq prioritetlərinə birbaşa təsir göstərə bilər. Azərbaycan da Rusiyanın hibrid təhdidi altındadır. Eyni addımı Bakı da ata bilərmi və s.
ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı Musavat.com-da erməni baş nazirin bu müraciətdə məqsədinin nə ola biləcəyi ilə bağlı təxminlərini bölüşdü:
“Bəllidir ki, bu ilin yayında Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Paşinyan hakimiyyəti artıq parlament seçkilərinə hazırlıq işlərinə çoxdan başlayıb. Paşinyanın əsas rəqibləri bu dəfə də Rusiyanın təsir dairəsində olan revanşıstlər-Köçəryan-Sərkisyan cütlüyüdür. Paşinyan Avropa Birliyinə bu cür müraciət etməyi seçki öncəsi hibrid təxribatların və dezinformasiya müharibəsinin qarşısını almaq məqsədi daşıyır. Təbii ki, söhbət Rusiyanın hücumundan qorumaq məqsədi daşıyır. Bu gün insanların böyük əksəriyyəti sosiallaşıb, milyonlarla insan ilk xəbəri sosial platformalar üzərindən alırlar. Belə bir vəziyyətdə yalan, saxta, böhtan və ya şantaj xarakterli məlumatların yayılması baş verir. Hətta mənəvi terrora da əl atılır. Heç kimin ağlına gəlməyən dərəcədə saxta məlumatlar yayılır. Bu dezinformasiyalar bir neçə dəqiqə ərzində milyonlarla insanlara çatdırılır. Təbii ki, “Facebook”, “Tik-Tok”, “İnstaqram” və digər vasitələrlə həyata keçirilir. Baş vermiş bu hadisələrin qarşısını almaq üçün Paşinyan Avropadan kömək istəyir. Əlbəttə razıyam ki, bu tək informasiya təhlükəsizliyi tədbiri deyil, həm də Ermənistanın xarici siyasi kursunda Avropaya, Qərbə doğru istiqamətinin göstəricisidir. Paşinyanı hakimiyyətə Qərb gətirib və buna Rusiya qarşı olub. Sadəcə, xalqın böyük dəstəyi səbəbindən Rusiya reallıqla razılaşıb. O ki, qaldı sizin Azərbaycan da Rusiyanın hibrid təhdidi altındadır sualınıza, bu, məsələ ilə bağlı deyə bilərəm ki, son günlər Azərbaycan prezidenti cənab İlham Əliyevə qarşı yönələn təxribatları görürük. İqtidara yaxın siyasi ekspertlər açıq söyləyirlər ki, bu təxribatlar qonşu ölkə tərəfindən təşkil olunur və bunun cavabı olacaq. Əgər həqiqətən bu təxribatların arxasında Rusiya dayanıbsa, bu, Ermənistanla yaxınlaşmaya, Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşmasına və bizim bunu dəstəkləməmizə, ABŞ ilə strateji tərəfdaşa çevrilməyimizə görə ola bilər. Azərbaycanın Ukraynaya humanitar yardım etməsi və müstəqil xarici siyasəti, o cümlədən, ola bilsin ki, Rusiyanın liderliyi ilə yaradılmış ittifaqlara qoşulmamağımız da onları qıcıqlandıra bilər”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə hesab edir ki, dezinformasiya qlobal müstəvidə gedərək artan hibrid təhdid olaraq dəyərləndirilməlidir:
“Dövlətlər kiber məkanını qorumaq, o cümlədən xaricdən idarə olunan dezinformasiya ilə mübarizə aparmaq üçün alətlər formalaşdırmaqdadırlar. Məsələn, qardaş Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzi 2022-ci ildə təsis olunub. Onlar aktiv fəaliyyətdə olub ölkənin milli maraqlarına toxunan saxta xəbərlərə dərhal münasibət bildirirlər.
Məsələn, bu günlərdə Türkiyənin İrana açıq müdaxiləsi ilə bağlı yayılan xəbərlərə təkzib verdikləri xatırlana bilər. Dezinformasiya ilə mübarizə alətlərini öz resursları ilə yarada bilməyən ölkələrə xarici dəstək göstərilməsi əhəmiyyət daşıyır. Məsələn, Moldova 2022-ci ildən Avrointeqrasiya prosesinə start verdiyi üçün Aİ müvafiq alətlərin yaradılmasına dəstək olub. Hətta 2022-24-cü illərdə keçirilən seçkilər dövründə bunun vasitəsilə bir sıra Rusiyayanlı partiya və təşkilatların fəaliyyətinin qeyri-qanuniliyi aşkarlanaraq ləğv edilib. Diqqət edərsək, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda informasiya cəbhəsində də mübarizənin artması belə bir alətlərin əhəmiyyətini artırıb. Vətən müharibəsindəki qələbəmizdən sonra Ermənistanla sülh gündəliyinə keçid etməyimizə baxmayaraq, qlobal-revanşist erməni şəbəkəsinin artan hibrid hücumları fonunda Azərbaycan üçün də dezinformasiya ilə mübarizənin uğurlu təşkili vacibdir. Ermənistanın Qərbyönümlü siyasət xəttinə üstünlük verdiyi, o cümlədən seçki dövrünə keçid etdiyi üçün müvafiq sahədə əməkdaşlıqda Qərb ölkələrinə yönəlməsi təbiidir. Azərbaycan isə bu məsələdə qardaş Türkiyənin təcrübələrindən faydalana, yaxud daha geniş beynəlxalq əməkdaşlıq çərçivəsində öz mexanizmlərini formalaşdıra bilər”.