• 15 Yanvar 2025
logo
Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Bakının COP29-a ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Bu gün dünyada gedən siyasi proseslərdə ən mühüm amillərdən biri ölkələrin hərbi və iqtisadi qüdrətidir. Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz hər iki istiqamətdə inkişafın pik nöqtəsindədir. Azərbaycan inkişaf etmiş demokratiyaya malik sabit dövlətdir. Bu, COP29 üçün əlverişli şərait yaradır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29 Tərəflər Konfransının 29-cu sessiyasının 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qərar da bu reallığın etirafıdır.
Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi Tərəflərin 29-cu Konfransı (COP) noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək. COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab olunur. COP "Tərəflərin Konfransı" adlanır və addakı 29 rəqəmi tədbirin sayca 29-cu olduğunu göstərir.
Azərbaycan Prezidenti deyib: "Hesab edirəm ki, COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir. Ölkələrin təmsilçiliyi baxımından o, BMT Baş Assambleyasından heç də geri qalmır. Ona görə də dərhal başlamalıyıq. Bütün hazırlıq işləri çox vaxtımız yoxdur”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov COP29-da ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə verdiyi töhfələrin qlobal səviyyədə karbon emissiyalarının daha da azalmasına və iqlim dəyişikliyinə qarşı daha güclü tədbirlərin görülməsinə imkan verəcəyini bildirib: “İnkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə və adaptasiya tədbirləri üçün daha çox maliyyə dəstəyi təmin etmək məqsədi ilə yeni maliyyə mexanizmlərinin və öhdəliklərin qəbul edilməsi gözlənilir. Eyni zamanda, iqlim texnologiyalarının inkişafı və yayılması sahəsində beynəlxalq əməkdaşlığın artırılması gözlənilir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə innovativ həllərin və texnologiyaların tətbiqini təşviq edəcək. Bu gözləntilər, COP29-un qlobal iqlim dəyişikliyi ilə mübarizə səylərini gücləndirmək və davamlı inkişaf məqsədlərinə çatmaq üçün vacib bir platforma olduğunu göstərir”.
COP29-un fəaliyyəti və məqsədləri BMT başda olmaqla müxtəlif qlobal təşkilatlar ilə sıx əməkdaşlıq nəticəsində həyata keçirilir. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) Paris Sazişi və Kyota Protokolu kimi mühüm beynəlxalq iqlim sazişlərinin qəbulunda və həyata keçirilməsində əsas rol oynayır. COP vasitəsilə UNFCCC ölkələrin milli səviyyədə iqlim dəyişikliyinə qarşı tədbirlər görmələrini və bunları beynəlxalq miqyasda koordinasiya etmələrini təmin edir.
S.Qurbanov qeyd edib ki, COP-un BMT başda olmaqla digər qlobal təşkilatlar ilə əlaqələri çox yaxşıdır və inkişaf xətti boyunca irəliləyir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində iqlim dəyişikliyi ilə mübarizə üçün Konvensiya ilə sıx əməkdaşlıq edir. FAO iqlim dəyişikliyinin kənd təsərrüfatına və qida istehsalına təsirlərini azaltmaq üçün texniki dəstək və resurslar təmin edir. Bu əməkdaşlıq, qlobal ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiya edilməsinə yönəlmiş tədbirləri əhatə edir.
BMT-nin Dünya Ərzaq Proqramı (WFP) iqlim dəyişikliyinin qida təhlükəsizliyinə təsirlərini araşdırır və bu sahədə Konvensiya ilə əməkdaşlıq edir. WFP iqlim dəyişikliyinə qarşı həssas olan bölgələrdə qida yardımı və adaptasiya tədbirləri həyata keçirir. COP çərçivəsində WFP qida təhlükəsizliyinin iqlim dəyişikliyinə uyğunlaşdırılması və dayanıqlılığının artırılması üçün müxtəlif proqramlar həyata keçirir.
Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) kənd təsərrüfatının davamlı inkişafını dəstəkləmək üçün iqlim dəyişikliyi tədbirlərinə maliyyə və texniki dəstək təmin edir. IFAD inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının iqlim dəyişikliyinə adaptasiyasına yönəlmiş layihələri dəstəkləyir. Bu əməkdaşlıq kənd təsərrüfatı sektorunun iqlim dəyişikliyinə qarşı dayanıqlılığının artırılmasına yönəlmiş tədbirlər görür.
COP tədbirləri, həmçinin BMT-nin İnkişaf Proqramı (UNDP), BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və digər qlobal təşkilatları bir araya gətirərək sıx əməkdaşlığı təşviq edir. Bu qlobal təşkilatlar ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərin gücləndirilməsinə və dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına kömək edir”.
COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat komitəsinin üzvü Fatma Yıldırım bildirib ki, Azərbaycanın COP29-a sədrliyi həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə verməkdir:
“Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Cənab İlham Əliyev tərəfindən işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin "yaşıl enerji" zonası elan olunması da bu baxımdan yüksək dəyərləndirilməlidir. Ümumiyyətlə, COP29 bütün dünya üçün önəmlidir. Biz gözləyirik ki, bu mötəbər tədbirdə dünya ölkələri iqlim dəyişiklikləri ilə mübarizəni gücləndirmək üçün maliyyələşmə məsələsində razılığa gələcək. Bu, bütövlükdə bəşəriyyətin gələcəyi üçün çox önəmlidir".
Rusiya Elmlər Akademiyası P.P.Şirşov adına Okeanologiya İnstitutunun baş elmi işçisi, professor-okeanoloq Andrey Kostyanoy isə diqqəti Xəzər dənizinə yğnəldib. Qeyd edib ki, Xəzər dənizinin dayazlaşması eyni sürətlə davam edərsə, yaxın gələcəkdə sahilyanı ölkələrin sosial-iqtisadi problemləri yaranacaq.
Professor qeyd edib ki, iqlim dəyişikliyi Xəzər dənizinin səviyyəsinə birbaşa təsir göstərir: “Bu, Xəzər dənizinin su balansının dəyişməsinə gətirib çıxarır ki, bu da dəniz səviyyəsinin artıb-azalmasını müəyyənləşdirir”.
Kostyanoy qeyd edib ki, dənizin su balansının əsas komponentini çayların axını təşkil edir. “Təəssüf ki, hazırda bu da azalır. Səbəb isə onların su hövzələrinə düşən yağıntıların miqdarının azalması, havanın temperaturunun artması, eləcə də Xəzər dənizinin özündən buxarlanmadır”, - o vurğulayıb.
Professor onu da bildirib ki, Xəzərin dayazlaşması problemində insan fəaliyyəti o qədər də böyük rol oynamır: “Xüsusilə, 1995-ci ildən - dəniz səviyyəsinin daim azalmağa başladığı müasir dövrdən etibarən, iqlim faktorları ilə müqayisədə Xəzər dənizinin dayazlaşmasında insan fəaliyyəti nəzərəçarpacaq dərəcədə az rol oynayır”.
Xəzər dənizinin dayazlaşmasının fəsadlarından danışan A.Kostyanoy vurğulayıb ki, bu tendensiya beş sahilyanı dövlətin hamısına problem yaradacaq.
“Əgər dayazlaşma hələ bir neçə onilliklər ərzində belə davam edərsə, gələcəkdə ekoloji problemlərlə yanaşı, həll edilməli olan sosial-iqtisadi problemlər də yaranacaq. Bunların arasında limanların və dəniz infrastrukturunun fəaliyyətinin pozulması, gəmi daşımalarının azalması və sair də var”, - o qeyd edib.
Okeanoloq bildirib ki, bu, gəlirlərin azalması, işsizlik, əmək miqrasiyası kimi sosial problemlərə gətirib çıxara bilər.
Noyabrda Bakıda keçiriləcək COP29-dan gözləntiləri haqda danışan professor bu məsələ ilə bağlı mütəxəssislər arasında dialoqa ümid etdiyini vurğulayıb.
“Ümid edirəm ki, COP29 Xəzər dənizinin dayazlaşması problemlərinə dair mütəxəssislərin və qərar qəbul edən şəxslərin görüşlərinin keçirilməsi üçün mühüm platformaya çevriləcək”, - o deyib.
Lançjou Universitetinin iqlim üçün optimallaşdırılmış kənd təsərrüfatı sahəsi (CSA) üzrə eksperti Adnan Arşad isə bildirib ki, aqrar işlərin aparılması sahəsində iqlimə davamlı üsullar kiçik fermerlərin iqtisadi rifahını yaxşılaşdıra bilər. Eyni zamanda, fermerlərin özləri də iqlim dəyişikliklərinin təsirlərinin yumşaldılmasında mühüm rol oynayırlar.
Onun fikrincə, bu cür texnologiyalar inkişaf etməkdə olan ölkələrdə kiçik fermer təsərrüfatlarına çox müsbət təsir göstərə bilər, onlardan biri də Azərbaycandır. Ekspert qeyd edib ki, fermerlər əhalinin iqlim dəyişikliyinin mənfi təsirlərinə daha çox həssas olan təbəqəsidir.
“Məhsuldarlığı artırmaq və gəlir mənbələrini şaxələndirməklə bu üsullar gəlir əldə edilməsi və yoxsulluğun azaldılması üçün imkanlar yaradır”, – o bildirib.
A.Arşad qeyd edib ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarların informasiya, maliyyə və institusional dəstəyə ehtiyacı var.
"Bu dəstək üsulları kiçik fermerlərə iqlimə davamlı təcrübələrə daha yaxşı uyğunlaşmaqda kömək edə bilər", – ekspert vurğulayıb.
Qeyd edək ki, belə təcrübə mübadiləsi üçün platformalardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) sessiyalarıdır.
2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP-29 haqqında danışan A.Arşad bildirib ki, tərəflərin fermerlərin problemlərinə və onların iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə roluna daha çox diqqət yetirməsini görmək istərdi.
“Qarşıdan gələn COP29-da fermerlərin iqlim dəyişikliyinin fəsadlarının yumşaldılması və onlara uyğunlaşma səylərində vacib rolu və fəal iştirakı qəbul edilməlidir”, - o sonda əlavə edib.

Cavid