• 21 Noyabr 2024
logo
“Dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsi önəmlidir”

“Dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsi önəmlidir”

Fuad Hüseynzadə: “Xaricdə nüfuzlu alimlərimizin olması Azərbaycan elminin inkişafı üçün zəmin yaradır”

Azərbaycan elminin inkişafı ilə yanaşı diasporunun güclənməsi və daha effektiv fəaliyyət göstərməsi üçün də xaricdə yaşayan azərbaycanlı alimlərinin potensialından istifadə olunmalıdır. Alimlər xüsusilə Qərb ölkələrində daha üstün mövqedə qəbul olunurlar və onların fikirləri siyasətçi və media mənsubları ilə müqayisədə daha obyektiv və sayılır. İndiyə qədər diapsor istiqamətində alimlərlə iş effektiv şəkildə qurulmayıb. Nəzərə alsaq ki, Rusiya başda olmaqla bir sıra ölkələrdə nüfuzlu azərbaycanlı alimlər var və onlar diaspor işinə cəlb olunmalıdır.
Bu baxımdan Bakıda keçirilən Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu Azərbaycan elmi ilə yanaşı, diapsoru üçün də əhəmiyyətli hadisə sayıla bilər. Həm Azərbnaycan elminin inkişafı, həm də diapsor fəaliyyətinin effektivliyinin artırılması baxımından bu cür tədbirlər önəmlidir. Bir şərtlə ki, yeni fikir və ideyaların həyata keçirilməsi üçün praktiki mexanizmlər yaradılsın.
Xatırladaq ki, Forum Diasporla İş üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Dünya Azərbaycanlı Alimlər Birliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirə 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ölkəmizin müxtəlif elm ocaqlarında çalışan alim və professorlar, nüfuzlu ali məktəblərin rektorları qatılıb.
Forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, AMEA-nın prezidenti İsa Həbibbəyli, ADA Universitetinin rektoru Hafiz Paşayev və bir sıra ictimai xadimlər, ziyalılar iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumun iştirakçılarına müraciətini oxuyub. Müraciətdə dünyadakı azərbaycanlı alimlərin fəaliyyəti yüksək qiymətləndirilib və forumun işinə uğurlar arzulanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları təbrik edib, forumun əhəmiyyətindən, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimlərin şəbəkələşməsinin üstünlüklərindən danışıb və qeyd edib ki, biz hər zaman alimlərimizin birgə fəaliyyət imkanlarının genişlənməsinə dəstək verməyə hazırıq.
Elm və təhsil naziri Emin Əmirullayev forum iştirakçıları ilə Azərbaycanın ali və orta məktəbləri kollektivlərinin görüşlərinin təşkilinin faydalı olacağını, forumun alimlərimizin şəbəkələşməsində əvəzsiz rol oynayacağını qeyd edib.
ADA Universitetinin rektoru Hafiz Paşayev xaricdə yaşayan azərbaycanlı alimlər vasitəsilə Azərbaycan elminin inkişafını dünyaya göstərməyin mümkünlüyünü bildirib.
Xaricdə yaşayan azərbaycanlı alimlərin İstanbul görüşü zamanı yaradılan Dünya Azərbaycanlı Alimlər Birliyinin rəhbəri Məsud Əfəndiyev çıxışında forumun əhəmiyyətindən danışıb, bu mötəbər tədbirin alimlərin öz bilik və bacarıqlarını birləşdirmələrində önəmini dilə gətirib.
Tədbirin davamında Nobel Mükafatı laureatları Aziz Sancarın və Arie Varşelın foruma ünvanladıqları məktublar təqdim olunub.
Forum çərçivəsində Mədəniyyət Nazirliyinin xətti ilə xalça və kitab sərgisi təşkil edilib.
Forum öz işini panel müzakirələri ilə davam etdirir.
“Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda aparılan panel müzakirəsi zamanı önəmli mövzulara toxunulub.
“Qadınlar Nüvə sahəsində” (“Women in nuclear”) Ümumdünya Assosiasiyasının Azərbaycan üzrə rəsmi nümayəndəsi, Avstriyada fəaliyyət göstərən Dinara Abbasovanın moderatorluğu ilə keçirilən paneldə biliklərin idarə olunması bazasından bəhs edilib.
“Universitetlərin, o cümlədən fakültə və tələbə mobilliyinin, eyni zamanda kurikulumun əmək bazarının tələb-təkliflərinə uyğunlaşdırılması, müasir bilik və bacarıqlara malik məzun buraxılışları üçün beynəlmiləlləşmə strategiyaları nə kimi rol oynayır?” və “Xaricdə yaşayan alimlər Azərbaycanda elm və ali təhsilin inkişafı, beynəlxalq tələbə və professorların cəlbində xaricdə hansı funksiyaları yerinə yetirə bilər?” sualları ətrafında fikir mübadiləsi aparılıb, müxtəlif təkliflər səsləndirilib.
İlk olaraq çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev rəhbəri olduğu ali təhsil müəssisəsinin təcrübələrini bölüşüb, xaricdə yaşayan azərbaycanlı alimlərin bazasının formalaşdırılmasından söz açıb.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov tələbələrin yerli və dünya bazarına uyğun hazırlanmasından, xaricdə yaşayan gənclərin rəqəmsallaşmadan istifadə edərək Azərbaycana gəlmədən ölkəmizdə baş verən ictimai-siyasi prosesləri öyrənməsinin mümkünlüyündən danışıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova qloballaşan dünyada süni intellektin mühüm əhəmiyyət kəsb etdiyini və incəsənətdə onun xüsusi yeri olduğunu vurğulayıb. Bu məsələnin universitetin professor, müəllim heyəti arasında maraq doğurduğunu qeyd edib.
Azərbaycan Texniki Universitetinin Almaniyadakı müəssisələrlə əlaqə yaratdığını qeyd edən rektor Vilayət Vəliyev Türkiyə universitetləri ilə ikili diplom proqramının həyata keçirildiyini bildirib.
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı beynəlmiləlləşmənin əsasını əsasən araşdırmaçı professorların qoyduğunu vurğulayıb. Magistr, fəlsəfə doktoru proqramları haqqında məlumat verib.
Strategiyalar vasitəsilə beynəlmiləlləşmənin əhəmiyyətindən və məqsədindən danışan Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov universitetlərdə xarici dilin, ikili diplom proqramlarının artmasının və gənclərin bu standartlara uyğun yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışlarda əcnəbi tələbə və müəllimlərin tədrisə cəlbi, qrantlara nail olunması, mübadilə proqramlarının həyata keçirilməsi, regional və beynəlxalq səviyyədə tədbirlərin təşkili, universitetlərdəki kadrların xarici alimlərlə işləmə bacarığının artırılması məsələlərinə toxunulub.
Panel görüşü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.
Forumun ikinci gününün ilk sessiyası isə Fransanın Tuluza Universitetinin nəzdində Milli Tarbes Mühəndislik Akademiyasının dosenti Aynur Quliyeva və “Oracle France” Beynəlxalq şirkətində tədqiqat məsləhətçisi Reyhan Həsənovanın moderatorluğunda keçirilib.
Xaricdə yaşayan alimlərimiz sessiyada müxtəlif maraqlı mövzularda çıxış edib, fikir mübadiləsi aparıblar.
Boras Universitetinin dosenti, SONOMA elmi mərkəzinin elmi işçisi - tədqiqatçısı Səadət Kərimi Azərbaycan Respublikası ilə Skandinaviya və digər Qərbi Avropa dövlətləri arasındakı elm və təhsil münasibətlərinin aktual məsələləri mövzusunda çıxış edib.
Kanadanın York Universitetində Elm Fakültəsinin Riyaziyyat və Statistika Departamentinin mövsümi dosenti Yulduz Rəhimov ətraf mühit nümunələrinin proqnozlaşdırılmasında və insan müdaxilələrinin təsirinin qiymətləndirilməsində riyazi modellərinin rolundan danışıb.
Birləşmiş Genom İnstitutunun Laürence Berkeley Milli Laboratoriyasının personal data alimi (staff data scientist) Asəf Salmanov “Məlumat elminin (data science) inkişafı Azərbaycanda prioritet sahələrdən ola bilər” mövzusunda bir çox vacib məsələlərə toxunub.
Marmara Universitetinin dosenti, Qafqaz dil və mədəniyyətləri kafedrasının müdiri Mehdi Gəncəli “1918-1920-ci illərdə nəşr olunmuş Azərbaycan qəzetinin müasir zamanda əks sədası” mövzusunda fikirlərini iştirakçılarla bölüşüb.
Misirin Qahirə Universitetinin Ədəbiyyat fakültəsində azərbaycan dili müəllimi, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin idarə heyətinin sədri Seymur Nəsirov Ərəb mənbələrində Azərbaycan və azərbaycanlılar haqqında məlumatlardan bəhs edib.
Kahramanmaraş Sütçü İmam Universitetində Siyasət elmi və beynəlxalq əlaqələr bölümünün rəhbəri Toğrul İsmayıl Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsindəki əməkdaşlıq məsələri ilə bağlı fikirlər səsləndirib.
İqtisad elmləri namizədi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Reklam və ictimaiyyətlə əlaqələr kafedrasının müdiri Nigar Məsumova Azərbaycan və Rusiya arasında elmi əməkdaşlığın xüsusiyyətləri və perspektivlərindən söz açıb.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “Safeguards” departamentində İnformasiya Sistemləri şöbəsinin rəhbəri Bəxtiyar Siracov Dünya Azərbaycanlı Alimlər Birliyinin (DAAB) virtual məkanda fəaliyyəti haqqında məlumat verib.
Sessiyada bütün mövzular maraqla qarşılanıb və tədbir sualların cavablandırılması, alimlərin fikir mübadiləsi ilə davam edib.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun Bakıda keçirilməsi bir daha göstərir ki, dünyada artıq çox böyük alim ordumuz var: “Onları Vətəndə görmək çox xoşdur və qürurvericidir. Xaricdəki elm xadimləri, eyni zamanda Azərbaycan diasporunun üzvləri olaraq ölkəmizi təmsil edirlər. Xaricdə belə alimlərimizin olması həm ölkəmizin, həm də diasporumuzun nüfuzunu artırır, eyhni zamanda Azərbaycan elminin inkişafı üçün zəmin yaradır. Bu insanların elmi fəaliyyəti və yaradıcılığı, eləcə ixtiraları müəllif olaraq xalqlımzın adı ilə bağlı olur.
Əlbəttə ki, Azərbaycanda belə bir forumun təşkil edilməsi və xaricəki elm xadimlərimizin tədbirlə bağlı ölkəmizə dəvət edilməsi, onlara dövlətimiz tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Bu Forum, eyni zamanda dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə çox müsbət təsir edə bilər.
Ümid edirik ki, Forum çərçivəsində xaricdə yaşayan alimlərimiz sessiyalarda müxtəlif maraqlı fikir və təkliflər irəli sürəcəklər. Aparılan müzakirə və fikir mübadiləsində əhəmiyyətli ideyalar verilə, forumun nəticəsi olaraq xarcdəki alimlərimizlə yerli alimlərin gələcəkdə müşətrək fəaliyyəti isitiqamətində layihələr icra oluna bilər. Burada səslənidirilən fikir və ideyaların həyata keçirilməsi Azərbaycan elminin inkişafı üçün əhəmiyyətlidir”.