• 31 İyul 2026
logo
"Dostluq münasibətlərimiz ildən-ilə daha da möhkəmlənir"

"Dostluq münasibətlərimiz ildən-ilə daha da möhkəmlənir"

Mərakeşin Milli Bayramı – Kral Əlahəzrət VI Məhəmmədin taxta çıxmasının 27-ci ildönümü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edilib.

Səfir Adil Embarş ölkəsinin bu əlamətdar günün ilə bağlı çıxış edib.

Bildirib ki, Taxt Günü Mərakeşin ən mühüm milli bayramlarından biridir. On iki əsrdən artıq tarixə malik olan bu ənənə Mərakeş xalqı ilə onun Hökmdarı arasında mövcud olan sarsılmaz sədaqət və qarşılıqlı öhdəlik bağını ifadə edir. Bu gün eyni zamanda ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salmaq üçün də mühüm fürsətdir.

Ötən il bir daha göstərdi ki, Əlahəzrət Kralın son iyirmi ildən artıq müddətdə həyata keçirdiyi strateji baxış öz aktuallığını qoruyub saxlayır. Bu baxış iqtisadiyyatın şaxələndirilməsi və modernləşdirilməsi, infrastrukturun inkişafı və sosial tərəqqi prinsiplərinə əsaslanır. Bu gün Mərakeş ildə 1 milyondan artıq avtomobil istehsal gücü ilə Afrikanın aparıcı nəqliyyat istehsalı və ixrac platformasına çevrilib.

Aerokosmik sənaye də Mərakeşin sənaye inkişafının əsas sütunlarından biri olub. Hazırda Krallıqda bu sahədə 150-dən çox şirkət fəaliyyət göstərir. Eyni zamanda, Rabat yaxınlığında Gotion High-Tech şirkətinin akkumulyatorlar üçün nəhəng “gigafactory” zavodunun tikintisi Mərakeşin elektromobillər, enerji saxlama sistemləri və təmiz texnologiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində yeni mərhələnin əsasını qoyur.

Bu sənaye yüksəlişi Mərakeşi region və dünya ilə daha sıx əlaqələndirən iri infrastruktur layihələri ilə dəstəklənir.

Daxla Atlantik Limanının tikintisi Mərakeşin Avropa, Afrika və Atlantik arasında strateji keçid məntəqəsi kimi mövqeyini daha da gücləndirəcəkdir. Bu layihə xüsusilə Sahel ölkələri üçün ticarət, investisiya və regional inteqrasiya sahəsində yeni imkanlar yaradacaq. Eyni əməkdaşlıq ruhu və Cənub-Cənub tərəfdaşlığı Afrika–Atlantik Qaz Boru Kəməri layihəsinin də əsasını təşkil edir. Ötən həftə Sierra-Leonedə Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (ECOWAS) üzv olan 12 dövlət başçısı tərəfindən layihəyə verilən dəstək bu iddialı təşəbbüsün həyata keçirilməsində mühüm addım olub. Nigeriyadan Mərakeşə qədər Atlantik sahili boyunca uzanacaq və 13 ölkəni əhatə edəcək bu boru kəməri təkcə regional enerji təhlükəsizliyini möhkəmləndirməyi deyil, həm də Qərbi Afrika və Sahel ölkələrinin sənaye inkişafına və yeni iqtisadi imkanların yaradılmasına xidmət etməyi hədəfləyir.

Mərakeşin inkişafı idman, mədəniyyət və turizm sahələrində də aydın şəkildə özünü göstərir. Ölkəmizin futbolda qazandığı mühüm uğurlar 2008-ci ildən etibarən Əlahəzrət Kralın rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli milli strategiyanın nəticəsidir. Beləliklə, idman artıq yalnız milli qürur mənbəyi deyil, həm də gənclərin inkişafı, sosial inklüzivlik və iqtisadi fəaliyyət üçün mühüm vasitəyə çevrilib.

Eyni dinamizm Mərakeşin mədəniyyət və turizm sektorlarında da müşahidə olunur. Ölkəmiz zəngin tarixi, mədəni müxtəlifliyi, möhtəşəm təbiəti və canlı ənənələri ilə seçilir. Atlantik sahillərindən Saxaraya, imperiya şəhərlərindən Atlas dağlarına qədər Mərakeş dünyanın hər yerindən turistləri və kino istehsalçılarını cəlb etməyə davam edir. Yeni çəkilmiş məşhur “The Odyssey” filminin bir çox səhnələri də Mərakeşdə lentə alınıb və bu, Krallığı çəkiliş məkanı kimi seçən beynəlxalq film layihələrinin uzun siyahısını daha da genişləndirir.

2025-ci ildə Mərakeş təxminən 20 milyon turist qəbul etmişdir ki, bu da Krallığın Afrikanın bir nömrəli turizm istiqaməti kimi mövqeyini bir daha təsdiqləyir.

Diplomat qeyd edib ki, ötən il diplomatik sahədə də mühüm hadisələrlə yadda qalıb. BMT Təhlükəsizlik Şurasının 2797 saylı qətnaməsinin qəbul edilməsi Mərakeş Səhrası ilə bağlı beynəlxalq prosesdə mühüm irəliləyiş olub. Qətnamə Mərakeşin 2007-ci ildə irəli sürdüyü Muxtariyyət Təşəbbüsünü bu regional mübahisənin real, praqmatik və davamlı siyasi həlli üçün aparılan danışıqların əsas çərçivəsi kimi təsbit edir.

Mərakeş Krallığı ilə Azərbaycan Respublikası arasında münasibətlərə yoxunan diplomat deyib ki, bu dostluq münasibətləri ildən-ilə daha da möhkəmlənir. Ölkələrimiz qarşılıqlı hörmətə, siyasi etimada, suverenlik və ərazi bütövlüyü prinsiplərinə sadiqliyə əsaslanan möhkəm tərəfdaşlığı bölüşür.
Siyasi dialoqumuz intensivləşmiş, yüksək səviyyəli təmaslar artmış və ikitərəfli əməkdaşlıq getdikcə daha çox sahəni əhatə etməyə başlamışdır. İqtisadi və ticarət əlaqələri genişlənir, xalqlarımız arasında təmaslar isə daha da sıxlaşır.

Vizasız gediş-gəliş haqqında saziş turizmə və insanlar arasında əlaqələrə yeni təkan vermiş, biznes, investisiya və qarşılıqlı tanışlıq üçün yeni imkanlar yaradıb.

"Bu əziz milli bayramı qeyd edərkən, biz eyni zamanda Mərakeş ilə Azərbaycanı birləşdirən sarsılmaz dostluğu da qeyd edirik. Qoy bu dostluq xalqlarımızın rifahı, eləcə də regionumuzun sabitliyi və tərəqqisi naminə bundan sonra da daha da möhkəmlənsin".

Mərakeşin Milli Bayramı ilə bağlı Azərbaycan hökuməti adından Mərakeş xalqını və hökumətini təbrik edən Azərbaycan mədəniyyət naziri Adil Kərimli ölkələrimiz arasında əlaqələrə toxunub:

Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin əsası 1991-ci ildə Mərakeş Krallığının Azərbaycanın müstəqilliyini tanıması ilə qoyulmuş, 1992-ci ildə isə ölkələrimiz arasında diplomatik münasibətlər qurulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Əlahəzrət Kral II Həsən tərəfindən formalaşdırılan qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlər bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Zati-aliləri Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirilərək strateji məzmun kəsb edən əməkdaşlıq səviyyəsinə yüksəldilib.

Bu gün Azərbaycan ilə Mərakeş arasında münasibətlər həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət, etimad və dəstək prinsipləri əsasında uğurla inkişaf edir.

İkitərəfli əsaslarla əməkdaşlığımız çərçivəsində qarşılıqlı olaraq dövlət və hökumət nümayəndələrinin səfərləri təşkil edilir. Qeyd edilməlidir ki, 28 sentyabr 2007-ci ildə təsis edilmiş “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya” bu əlaqələrin inkişafında xüsusi rol oynayır.

Eyni zamanda 2024-cü il mayın 4-də “Ümumi vətəndaş pasportlarına sahib vətəndaşların vizadan azad edilməsi haqqında Saziş”in imzalanmasını xüsusi qeyd etmək istərdim. Bu saziş, şübhəsiz ki, insanlar arasında təmasların genişlənməsinə, turizm və işgüzar əlaqələrin inkişafına mühüm töhfə vermişdir. Sevindirici haldır ki, ötən il Mərakeşdən Azərbaycana gələn turistlərin sayında 28 faiz artım qeydə alınmış, onların ümumi sayı 4300 nəfəri ötüb.

Eyni zamanda, ölkələrimiz arasında ticarət dövriyyəsi ötən il 2024-cü illə müqayisədə 5 faiz artıb.

Cari ildən etibarən müvafiq ikitərəfli sazişə uyğun olaraq, qarşılıqlı əsasda hər iki ölkədən 10 tələbənin akademik mübadiləsi həyata keçiriləcəkdir. Bu proqram gənclər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və gələcək əməkdaşlıq üçün etibarlı körpülərin formalaşmasına xidmət edir.
Bu müsbət dinamika ölkələrimiz arasında iqtisadi, ticarət və investisiya əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli zəmin yaradır və mövcud potensialın səmərəli reallaşdırılmasına xidmət edir.

Müasir dövrdə dövlətlər arasında münasibətlərin möhkəmləndirilməsində mədəni-humanitar əməkdaşlıq mühüm rol oynayır. Bu baxımdan Azərbaycan ilə Mərakeş arasında mədəni əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etməsi xüsusi məmnunluq doğurur.

Xüsusilə, Əlahəzrət Kral VI Məhəmmədin bacısı, Zati-aliləri Şahzadə Lalla Hasnaanın ölkəmizə səfəri Azərbaycan–Mərakeş münasibətlərinin yüksək səviyyəsinin növbəti təzahürü olub. Səfər çərçivəsində keçirilən görüşlər və tədbirlər mədəni və humanitar əməkdaşlığın daha da inkişafına mühüm töhfə verib.

Ötən il Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri cənab Mohamed Mehdi Bensaidin ölkəmizə səfəri və hörmətli həmkarımla keçirdiyimiz görüş iki ölkə arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addım olub. Görüş zamanı mədəni irsin qorunması, muzey işi, kitabxanaçılıq, yaradıcı sənayelər və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında məhsuldar fikir mübadiləsi aparılıb.

İki ölkənin naşirləri, yazıçı və şairləri Bakı və Rabat Beynəlxalq Kitab Sərgilərində mütəmadi olaraq iştirak edirlər. Ötən il ölkəmizdə keçirilmiş XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə Mərakeş Milli Kitabxanası arasında Əməkdaşlıq Memorandumunun imzalanması, həmçinin Milli Kitabxanada Mərakeş ədəbiyyatı guşəsinin açılması ədəbi-mədəni əlaqələrimizin daha da dərinləşməsinin bariz nümunəsidir.

Bu xüsusda ötən il Mərakeşin tanınmış şairi Hassan Najminin Bakıda keçirilən Beynəlxalq Poeziya Gecəsində iştirakını, eləcə də İƏT Mədəniyyət Festivalı çərçivəsində təşkil olunan tədbirlərdə Mərakeşin təmsil olunmasını yüksək qiymətləndiririk.

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan və Mərakeş beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı, ICESCO və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq edir, qarşılıqlı maraq doğuran məsələlərdə bir-birinə ardıcıl dəstək nümayiş etdirirlər. Bu əməkdaşlıq ölkələrimiz arasında mövcud olan etimada və çoxtərəfli tərəfdaşlığın yüksək səviyyəsinin bariz göstəricisidir.

Məmnunluqla qeyd edirik ki, Mərakeş nümayəndə heyətinin Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda (World Urban Forum) fəal iştirakı ölkələrimiz arasında çoxtərəfli platformalarda mövcud olan səmərəli əməkdaşlığın daha bir nümunəsi olmuşdur. Bu kimi beynəlxalq tədbirlər qarşılıqlı dialoqun və tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Fürsətdən istifadə edərək qeyd etmək istərdim ki, bu ilin oktyabr ayında ölkəmizdə keçirilməsi nəzərdə tutulmuş “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nda Mərakeşin yüksək səviyyədə təmsil edilməsindən məmnun olarıq.

Azərbaycan Respublikası dini, tarixi və mədəni dəyərlərlə sıx bağlı olduğu Mərakeş Krallığı ilə münasibətlərin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. İnanırıq ki, dövlət başçılarımızın siyasi iradəsi, qarşılıqlı etimad və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar və mədəni əlaqələr bundan sonra da yeni məzmunla zənginləşəcək, xalqlarımızın rifahına və regionlarımızda sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Sonda bir daha Azərbaycan Hökuməti və xalqı adından Zati-aliləri Kral VI Məhəmmədə, Mərakeş Hökumətinə və dost Mərakeş xalqına sülh, əmin-amanlıq, firavanlıq və davamlı inkişaf arzulayır, Milli Bayram münasibətilə ən səmimi təbriklərimi çatdırıram.