Çin bundan sonra da Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını dəstəkləyəcək.
Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Diplomat qeyd edib ki, Çin-Azərbaycan münasibətlərində qarşılıqlı siyasi etimad daha da möhkəmlənir.
Lu Mey vurğulayıb ki, Azərbaycan Çinin beynəlxalq ədalətin və çoxtərəfliliyin müdafiəsinə yönəlmiş mövqeyini yüksək qiymətləndirir və beynəlxalq, regional məsələlərdə Çinlə koordinasiya və əməkdaşlığı gücləndirməyə hazırdır.
“Çin, əvvəlki kimi, Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, eləcə də ölkənin milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyəcək”, – səfir bildirib.
O əlavə edib ki, Pekin Azərbaycanın Çinin əsas maraqlarına toxunan məsələlərdə uzunmüddətli və qətiyyətli dəstəyini yüksək qiymətləndirir.
Səfirin sözlərinə görə, Qlobal Cənub ölkələri olan Çin və Azərbaycan BMT də daxil olmaqla çoxtərəfli platformalarda səmərəli əməkdaşlıq edir, həqiqi çoxtərəfliliyin təşviqi və beynəlxalq ədalətin müdafiəsi istiqamətində birgə fəaliyyət göstərirlər.
Lu Mey, həmçinin Çinin Azərbaycanın 2026–2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik etməsini və Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bildirib.