• 4 Noyabr 2026
logo
AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

AÇG-dən dövlətə ötürülən səmt qazının həcmi azalıb

Bu ilin yanvar-sentyabr aylarında "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan Azərbaycan dövlətinə, əsasən SOCAR-a Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 4,8% azdır.

Bu barədə “APA-Economics” BP-nin Azərbaycanda fəaliyyəti üzrə 2026-cı ilin ilk 9 ayının nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 9 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.

Qeyd edək ki, AÇG-də hasil edilən səmt qazının bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 35,3%, MOL – 9,57%, "Inpex" – 9,31%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73% və "ONGC Videsh Ltd." (OVL) – 2,92%.