• 19 Sentyabr 2024
logo
ADEX sərgisində 37 ölkədən 118 şirkət iştirak edəcək

ADEX sərgisində 37 ölkədən 118 şirkət iştirak edəcək

"Müdafiə sənayesi sahəsində nəhəng tədbirlərdən olan ADEX və "Caspian Securex" sərgilərində 37 ölkədən 118 şirkət iştirak edəcək. 14 ölkə isə sərgidə öz pavilyonu ilə iştirak edəcək".

APA xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirliyinin aparat rəhbəri Samir Ağabalayev bugünkü mətbuat konfransında söyləyib.
Aparat rəhbəri onu da əlavə edib ki, İtaliya, Slovakiya, Qətər və Macarıstan ilk dəfə olaraq öz pavilyonu ilə təmsil olunacaq:

"Hər iki sərgi miqyasına görə ölkəmizin müdafiə sənayesinin gücünü nümayiş etdirir. Bu sərgilər iştirakçılar arasında səmərəli əlaqələrin qurulmasına şərait yaradır. Bu ilki sərgilər miqyasına görə daha genişdir. Belə ki, sərgi Bakı Ekspo Mərkəzi ilə yanaşı açıq havadakı pavilyonlarda da keçiriləcək. Ölkəmizin milli pavilyonu 4 stend ilə iştirak edəcək. Onu da deyim ki, sərgilənəcək silahlarımız Azərbaycanın yerli mütəxəssisləri tərəfindən hazırlanıb. Budəfəki sərgidə həm Müdafiə Sənayesi Nazirliyi, həm də "Azərsilah" tərəfindən bir sıra xarici istehsalçılarla əməkdaşlıq müqavilələrinin imzalanması gözlənilir".