• 20 Sentyabr 2024
logo
"Əsrin müqaviləsi": Xəyalları uğurlu gerçəyə çevirən 30 il

"Əsrin müqaviləsi": Xəyalları uğurlu gerçəyə çevirən 30 il

Azərbaycanın neft-qaz sektoru uzun tarixə malikdir. Ölkəmiz neft hasilatı sahəsində bir çox böyük dünya kəşflərinin və ilklərin vətənidir. Buna baxmayaraq, yüksəlişlərlə yanaşı, enişlər də olub. Lakin SSRİ-nin dağılmasına yaxın sənaye tənəzzülə uğrasa da, müstəqillik əldə etdikdən sonra Azərbaycanda iqtisadiyyatın hazırda aparıcı olan bu sahəsinin dirçəldilməsi və inkişafı istiqamətində mühüm addımlar atıldı.

Ölkə iqtisadiyyatını yüksəltməyə və beynəlxalq iqtisadi münasibətlərin tam hüquqlu iştirakçısına çevirməyə imkan verən ən mühüm, demək olar ki, həlledici addım “Əsrin müqaviləsi”nin imzalanması oldu.

“Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz neft-qaz yataqları blokunun işlənməsi üzrə Hasilatın pay bölgüsü haqqında Saziş (HPBS) 1994-cü il sentyabrın 20-də imzalandı. O vaxtdan artıq 30 il keçir...

HPBS ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, LUKoil, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco”, “Delta Nimir”) təşkil olunub. 1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq funksiyasını öz üzərinə götürüb.

Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (layihə operatoru) – 30,37%, SOCAR - 25%, MOL 9,57%, INPEX - 9,31%, “Equinor” - 7.27%, “ExxonMobil” - 6.79%, TPAO - 5,73%, ITOCHU - 3,65% və “ONGCVidesh” - 2,31%.

AÇG-də hasil olunan karbohidrogenlərin dünya bazarına çıxarılmasını təmin etmək məqsədilə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində bütün zəruri addımlar atılıb, xüsusən də Azərbaycan neftinin Aralıq dənizi sahillərinə çıxışını təmin edən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas neft ixrac kəməri tikilib və istifadəyə verilib. BTC ilə artıq 4,3 mlrd. bareldən çox AÇG nefti dünya bazarlarına daşınıb. Vacib məqam ondan ibarətdir ki, hazırda ölkədə magistral kəmərləri ilə nəql edilən neftinin 75%-i BTC-nin payına düşür və Azərbaycan nefti ilə yanaşı onun vasitəsi ilə Qazaxstan və Türkmənistan nefti də daşınır.

Yataqların işlənməsinin möhtəşəm uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.

Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard dollardan çox kapital qoymağa imkan verir. O, növbəti otuz ildə AÇG üzrə iştirakçı şirkətlərin AÇG yatağının uzunmüddətli işlənmə potensialını yeni investisiyalar, yeni texnologiyalar və yataqdan hasilatı maksimuma çatdırmaq üçün yeni birgə səylər hesabına açmaq üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirəcəklərinə zəmanət verir.

Bütün qeyd olunanların nəticəsində AÇG layihəsinin əsaslı xərcləri 2024-cü ilin ikinci rübünün sonunadək 45 mlrd. dollar təkil edib.

İndi əminliklə demək olar ki, ölkədə hasil edilən neftin böyük əksəriyyəti AÇG-nin payına düşür və onun Azərbaycan iqtisadiyyatında rolu misilsizdir. Belə ki, AÇG istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək buradan 595,8 mln. ton neft və 225 mlrd. kubmetr səmt qazı hasil edilib.

Səmt qazından söz düşmüşkən, onu da qeyd etmək lazımdır ki, AÇG-də hasil edilən qazın bir hissəsi təməmnasız olaraq Dövlət Neft Şirkətinə ötürülür, qalan hissəsi isə təzyiqi saxlamaq üçün yenidən laylara vurulur. Hasilatın başlanğıcından 2024-cü ilin ikinci rübünün sonunadək təqribən 57 mlrd. kubmetr AÇG səmt qazı Azərbaycana təhvil verilib.

Lakin blokun qaz imkanları təkcə neft hasilatı zamanı alınan yanacaqla məhdudlaşmır. Söhbət blokun işlənməsi sazişin əhatəsinə daxil olmayan dərin laylarda yerləçən “mavi” yanacağından gedir, bu da AÇG-nin işlənilməsinin inkişafı üçün böyük imkanlar açır və yeni sazişin imzalanmasına zəmin yaradır.

Bu planlar çərçivəsində 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılmasına başlanılıb, aprel ayında quyu tamamlanıb. Hazırda BP şirkəti qeyd olunan layihə çərçivəsində ilk hasilat quyusunun qazılmasına hazırlaşır. Blokda dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.

Bununla yanaşı, bu ilin aprelində AÇG-nin işlənməsi çərçivəsində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlanıldığı elan edilib. ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir.

AÇG-nin işlənilməsinin davam etdirilməsi istiqamətində atılan vacib addımlardan biri də burada yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına start veriməsiidir. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olacaq. AÇG yatağının hazırkı məhsuldar layları olan Balaxanı və Fasilə dəstlərinin tədqiqinə yönəlmiş bu proqram seysmik mənbənin altında 740 kvadrat kilometr, qəbuledicilərin altında isə 507 kvadrat kilometrlik bir ərazini əhatə edəcək. Proqramın ümumi dəyərinin təxminən 370 mln. dolları, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır.

Proqram çərçivəsində aparılacaq işlər gələcəkdə quyularda gözlənilməz halları minimuma endirmək və növbəti onilliklər ərzində yatağın neftvermə əmsalını maksimuma çatdırmaq üçün həll yolları müəyyənləşdirməyə kömək edəcək.

“Azəri-Çıraq Günəşli”nin uzun illər işlənməsinə baxmayaraq, onun böyük potensialı var. Məhz bu potensial xarici investorların diqqətini cəlb etməkdə davam edir və onun ömrünün uzadılmasına yönəlmiş bir sıra iri layihələrin həyata keçirilməsinə öz töhfəsini verir.

İmzalanması düşünülmüş və səriştəli neft strategiyasının tərkib hissəsi olan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək illər üçün iqtisadi siyasətini müəyyən etdi. Ölkə özünün enerji təhlükəsizliyini tam təmin edib və qlobal neft-qaz bazarında oyunçulardan birinə çevrildi.

Əminliklə deyə bilərik ki, bu uğurun əsasını AÇG-nin işlənməsi layihəsi qoymuşdur ki, bu layihə hələ uzun illər ölkəmizin daha da inkişafına və çiçəklənməsinə öz töhfəsini verəcək.