• 4 May 2024
logo
Həmişə işıqlıqda, yaxud “üçüncü sektor” neqativlərdən arınır

Həmişə işıqlıqda, yaxud “üçüncü sektor” neqativlərdən arınır

Təxminən 2 ilə yaxındır ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində ciddi dönüş hiss olunmaqdadır. Gözümüzün önündə Qeyri-Hökumət Təşkilatlarının əhəmiyyətli hissəsinin, təkcə fəaliyyətlərinin mahiyyəti deyil, həm də sözün bütün mənalarında obrazları dəyişilir. Daha dəqiq desəm, cəmiyyətin gözlədiyi, arzuladığı, bir çox hallarda, sadalamaq istəmədiyim səbəblərdən açıq şəkildə ifadə etmək istəmədiyi forma və məzmun alır. Artıq passiv, ətalət basmış, bəzən “fon”, “dekorasiya”, yaxud keçici “səhnəciklər” üçün “əlbisə” funksiyasını yerinə yetirən təsisatların əhatə dairəsi daralır, QHT-lərin fəaliyyətlərinin bütün istiqamətləri üzrə rəqabət güclənir, ölkədə, regionda və dünyada baş verən proseslərə vətəndaş cəmiyyəti institutlarının reaksiyası özünü gözlətmir, ardıcıl və sistemli fəaliyyətlə müşahidə olunan təşəbbüskarlıq sözçülüyü üstələyir. Cəmiyyətin maraqlarını ifadə edən vətəndaş mövqeyi, özünü əməli fəaliyyətdə və bu fəaliyyətin peşəkar təqdimatında büruzə verir.

Bu gün Azərbaycan QHT-lərinin böyük əksəriyyəti “kateqoriyalara”, “qütblərə”, “zümrələrə” bölünmüş, dağınıq, səsini ölkə sərhədlərindən kənarda zorla eşitdirməyi bacaran və yaxud ümumiyyətlə bacarmayan, süst, dinamizmdən uzaq, ictimaiyyətdən gələn təşəbbüsləri müşahidə edən bir vəziyyətdə deyil. İndi Azərbaycanın vətəndaş cəmiyyətləri institutlarının böyük əksəriyyəti nəzəri quruculuqla praktiki reallıq seçimi qarşısında aciz qalan, prioritetlərini müəyyənləşdirə bilməyən, gözdən-qulaqdan uzaq, “dəymə mənə, dəyməyim sənə” prinsipi ilə gün xərcləyən “formal təsisatlar toplusu” təsiri bağışlamır, vətəndaşın mənafeyinin ifadə olunduğu hər yerdə ön sıraya çıxır, prinsipial mövqeyini, baxışlarını, əsaslandırımış şəkildə göz önünə sərgiləməyi, ictimai maraqları müdafiə etməyi daha yüksək peşəkarlıqla bacarır, toplumun gözləntilərinə cavab vermək üçün mücadilə aparır.

Son vaxtlar, istər birbaşa ölkə həyatı, yaxud ölkəmizlə bağlı, istərsə də regional və qlobal müstəvidə baş verən elə bir proses yoxdur ki, Azərbaycan QHT-ləri həmin prosesin içərisində yer almasın. Bu, özünü Qeyri-Hökumət Təşkilatlarının beynəlxalq platformalar çərçivəsindəki fəaliyyətində də göstərir. Azərbaycan QHT-ləri, daha kənardan gələn təşəbbüslərin dəstəkçisi rolunda çıxış etmir, o, özü beynəlxalq müstəvidə dəstəklənən təşəbbüslərin müəllifi missiyasını uğurla yerinə yetirməklə dəstək qazanır. Qeyri-Hökumət Təşkilatlarımızın təşəbbüsləri ciddi beynəlxalq rezonans doğurur, müxtəlif ölkələri təmsil edəm onlarla vətəndaş cəmiyyəti təsisatı tərəfindən bu təşəbbüslərə çevik reaksiyalar verilir, dəstək mesajları gəlir. Azərbaycan QHT-ləri dünyaya öz milli obrazı, baxış bucağı və təşəbbüsləri ilə açılır.

Ermənistanın dağ-mədən sənayesindəki ekoloji pozunmtularla bağlı Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının müraciətlərinə xarici ölkələrin çoxsaylı QHT-lərinin qoşulması, sözügedən təsisatların ölkəmizin vətəndaş cəmiyyəti instutlarının qaldırdığı problemlərlə bağlı ayrıca bəyanatlar verməsi, müraciətlər qəbul etməsi, qısa bir zaman ərzində “üçüncü sektor”un fəaliyyətinin real məzmun alması istiqamətində həyata keçirilən islahatların effektivliyini nümayiş etdirir.

Prezident İlham Əliyevin bu il iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təşəbbüslərinə xüsusi diqqət ayırması da, QHT sektorunda yaranan canlanmaya dövlət başçısının verdiyi dəyəri nümayiş etdirir.

Sitat: “Bu gün Azərbaycan ictimaiyyəti, qeyri-hökumət təşkilatları, artıq bu məsələ ilə bağlı Ermənistanın rəsmi orqanlarına müraciət ünvanlayıblar və ekologiya sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri də bu müraciətə qoşulublar. Ona görə mən hesab edirəm ki, Azərbaycan Hökuməti də burada kənarda qalmamalıdır. Bizim vətəndaş cəmiyyətimiz bu addımı atır, çox yaxşı, amma baxmaq lazımdır, rəsmi xətlə, yəni, dövlət xətti ilə hansı təşkilatlara hansı müraciətlər ünvanlanmalıdır ki, Ermənistan bu təhlükəli praktikadan əl çəksin”.

Vətəndaş cəmiyyətinin təşəbbüslərinin dövlət başçısı tərəfindən qiymətləndirilməsi, bu təşəbbüslərin hökumət qarşısında konrtet tapşırıqlar şəklində davam etdirilməsi QHT sektorunun inkişafı ilə bağlı atılan addımların, görülən işlərin, nəticə verməkdə olduğunu, prosesin konseptual əsaslarla və düzgün istiqamətdə aparıldığını təsdiqləyir.

Son dövrlərdə Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətində nəzərə çarpan və gündəlik fəaliyyətimlə bağlı olduğu üçün, əvvələr məni daha çox narahat edən bir məqama da diqqət çəkmək istəyirəm: Azərbaycanın vətəndaş cəmiyyəti təsisatlarının xarici ölkələrə, beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərində inanılmaz dərəcədə keyfiyyət dəyişikliyi nəzərə çarpır. Müraciət və məktubların mətnləri xüsusi peşəkarlıqla hazırlanır, əks arqumentlər üçün boşluqlar buraxılmır, standartlara əməl olunur. Yəni artıq ənənəvi sözçülük və şüarçılıqdan əsər-əlamət yoxdur. Əlahəzrət fakt və faktlara söykənən əsaslandırılmış qənaətlər var. İndi Azərbaycan QHT-ləri müxtəlif qütblərdən ünvanlanan təbliğat və kampaniya xarakterli əsassız iddialardan, gəlişigözəl və subyektiv mülahizələr üzərində qurulan suallardan mümkün qədər yayınmaqla, öz “kölgələri”ni qorumaqla məşğul olmurlar, gerçək mahiyyəti ifşa olunmuş iddiaçıların özlərini cavabsız suallar qarşında susmağa məcbur edirlər.

Şübhəsiz ki, bütün bunlar Azərbaycanın vətəndaş cəmiyyətində keyfiyyət dəyişikliklərinin mümkünlüyünü ortaya qoyur, yeni və daha yaradıcı təşəbbüslərə yol açmaqla yanaşı, həm də bu prosesi sonunadək qəbullənə bilməyənlər üçün müsbət nümunələr yaradır. Bu nümunələri gözdən salmağa cəhd göstərməklə, onsuz da dinamik hərəkətdə olan mühüm bir prosesi dayandırmaq mümkün deyil. Ən doğru seçim hər kəsin dəyişiklərə özündən başlayaraq, vətəndaş cəmiyyətini inkişafa aparan dəyişikliklərin içərisində yer alması, prosesin ayrılmaz bir parçasına çevrilməsidir.

Birdəfəlik anlamaq lazımdır ki, şantajla, avantürist iddialarla, emosional notlar üzərində media, yaxud sosial media şouları təşkil etməklə, müxtəlif qrupların əllərində və ya “ciblərində” istifadə alətinə çevrilməklə, prosesi geriyə, “ələbaxımlılıq” və “maraqlar koalisiyaları”nın çərçivəsinə qaytarmaq mümkün deyil. Heç kimi “şörəyi qulağına yemir”. Himayə olunanların da, itirilmiş mövqelərin kandarına “atılıb”, guya himayəsiz qalanların da haradan “qidalandığını” da çöx yaxşı görmək və hədəfini də müəyyənləşdirmək mümkündür. Dövləti şantaj edənlərin sonu ədalətin kəskin hökmü ilə qarşı-qarşıya qalmaqdır.

Düşünürəm ki, özünə, fəaliyyətinə hörmət edən istənilən QHT təmsilçisi, ictimai rəydə uzun illər boyu sözügedən sektorla bağlı, bəzi “maraq ovçuları”nın əməlləri ucbatından kök salan “qrantyeyən”, “müftəxor” kimi ifadələrin hədəfinə tuş gəlmək istəməz və istəmir də. Vətəndaş cəmiyyəti neqativlərdən arınmaq istəyir – həm obraz, həm də mahiyyət etibarilə... Dəyişiklik labüddür və labüd olduğu üçün də, bəzən ağrılı, neqativ reaksiyalarla müşayiət olunan bu prosesin irəliyə doğru aparılması üçün, Qeyri-Hökümət Təşkilatlarını “qeyri-ciddi təsisatlar” platformasına doğru sürükləmək istəyənlərə münasibətdə daha sərt, daha açıq və birmənalı mövqe sərgiləmək, xarakter göstərmək lazımdır. Üzümüzü çamura bulamaq istəyənlərin qarşısında “üz gizləmək” çıxış yol deyil. Hər kəs səfini, yerini, mövqeyini tamamilə açıq bir şəkildə nümayiş etdirməyi bacarmalıdır. Şərin təhdid və əsassız iddiaları qarşısında geri çəkilmək, işığın qaranlığa təslim edilməsiylə barışmaqdan və qaranlığın yanında yer almaqdan başqa bir şey deyil.

“Reket QHT-lərin”, qanunsuz əməllərini bərkdən çığırmaqla, şər-böhtan atmaqla pərdələmək istəyənlərin sonuna az qalıb, lap az!

Həmişə işıqlıqda!

Elçin Mirzəbəyli