• 4 May 2024
logo
Azərbaycan aşıq sənəti dünya qeyri-maddi irsinin inciləri sırasındadır

Azərbaycan aşıq sənəti dünya qeyri-maddi irsinin inciləri sırasındadır

Aşıq yaradıcılığı xalqımızın mədəniyyətini dərin türk köklərinə bağlayır. Ona görə də Azərbaycan aşıq sənətinin öyrənilməsi, təbliği, dünyaya tanıdılması mədəniyyətimizin qarşısında duran vəzifələrdəndir. Fərəhləndirici haldır ki, son dövrdə bu iş ardıcıl şəkildə, elmi əsaslarla, yüksək səviyyədə aparılır. Zəngin mədəni irsimizin tərkib hissəsi olan aşıq sənətinin təbliği həm xalqımızın mənəvi təkamülünə, həm də dünya mədəniyyətinin bu sənət inciləri ilə zənginləşməsinə xidmət edir.
Aşıq sənəti şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biridir. Ta qədim zamanlardan aşıqlar elin ən hörmətli ağsaqqalı, məsləhətçisi, dostu sayılmışlar. Onlar həmişə el içində yaşamış, öz dövrlərinin, mühitlərinin bilikli, məlumatlı adamları, müdrik sənətkarları olmuşlar. Aşıq yaradıcılığında xalqımızın çoxəsrlik tarixi, xarici düşmənlərə qarşı mübarizəsi, əmək şəraiti, toy-düyünləri rəngarəng bədii boyalarla öz ifadəsini tapmışdır.
"Folklor və Musiqi İrsini Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə bu mövzuda layihə həyata keçirib. QHT rəhbəri Nemət Qasımov layihə ilə bağlı qəzetimizin suallarını cavablandırıb.
Qeyd edək ki, N.Qasımov Mədəniyyət və İncəsənət Universitetinin Aşıq kafedrasının müəllimi, Dünya incəsənət və musiqi ustası, beynəlxalq müsabiqələr laureatı, "Əməkdar mədəniyyət işçisi", Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 2009-cu ildən başlayaraq YUNESKO nun tədbirlərində aşıq sənətini mütəmadi olaraq təmsil edir. YUNESKO ya təqdim edilən aşıq sənəti haqqında filmin əsas aparıcısı olub. YUNESKO tərəfindən onun sənət fəaliyyəti ilə bağlı 52 dəqiqəlik sənədli film çəkilib. 2010-cu ildə Cənubi Koreyanın Yeosu şəhərində keçirilən "Dünyaya sülh gərək" beynəlxalq müsabiqənin qalibi olub. Dünya İncəsənət və Musiqi Ustası diplomu və kubokunu qazanıb.
O, bildirib ki, bu gün Azərbaycan hökumətinin həyata keçirdiyi məqsədyönlü siyasət və bu istiqamətdə müvafiq tədbirlər nəticəsində Azərbaycan aşıq sənətini dünya qeyri-maddi irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir: "Son dövrdə Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin milli mədəniyyətin qorunması və təbliği yönündə yürütdüyü məqsədyönlü siyasət bu yöndə bir-birindən gərəkli addımların atılmasına yol açıb. Ozan-aşıq mədəniyyəti sahəsində görülən işlər də məhz bu əsasda həyata keçirilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aşıq və söz sənətinin inkişafı və gələcək nəsillərə ötürülməsi sahəsində çox böyük işlər görürlər. 2009-cu ildə aşıq sənətinin UNECKO-nun Qeyri-maddi mədəni irs üzrə "Dünya sənət şedevrləri" siyahısına daxil edilməsi isə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqət və təşəbbüsünün göstəricisidir.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mədəniyyət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin müxtəlif sahələr üzrə gerçəkləşməsində gəncliyin üzərinə mühüm vəzifələr düşür. Bu gün aşıq sənətinə yenicə qədəm qoyan yenyeniyetmə və gənclərə dəstək durmaqla yanaşı, yeni istedadların üzə çıxarmaq vacibdir. Fikrimizcə, gənc nəsildə bu sənətə dərin maraq yaratmaq üçün kökə toxunmadan yeniliklər etmək lazımdır".
N.Qasımovun sözlərinə görə, QHT və onun üzvləri ölkə ərazisində aşıq sənətinin, aşıq musiqisinin təbliği və istedadlı gənc aşıqlarımızın tanıdılması ilə bağlı fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışır. Hazırda gənc istedadları aşkara çıxarmaq, müxtəlif səpkili müsabiqələr, tədbirlər keçirmək, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına nail olmağı qarşılarına məqsəd qoyub.
QHT sədri həyata keçirilən layihənin ideyasından da bəhs edib. Deyib ki, Ulu Öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu «milli varlığımızın mötəbər qaynağı» kimi dəyərləndirmişdir. Bu gün saza tapınmaq həm də tariximizə tapınmaqdır. Bədii yaradıcılıq forması kimi bu sənətin kökləri xalqımızın dərin tarixinə söykənir və həyatın özü onu daim zənginləşdirir. Aşıq sənəti xalq yaradıcılığı bulağı olmaqla xalqın spesifik mədəniyyətinin formalaşmasına çox güclü təsir göstərir və mədəniyyət yaradıcıları üçün ilham mənbəyi kimi çıxış edir. Saz bizim ən qədim musiqi alətimizdir. Ulu dədələrimizin bir əlində qılınc olanda bir əlində də saz olub. Bu gün ozan-aşıq sənəti bu gün özünün yeni dövrünü yaşayır. Ozan-aşıq sənətini öyrənmək, gənc istedadları üzə çıxarmaq, ustadların yaradıcılıq ənənələrinin davamında onlara dəstək durmaq, aşıq sənətinin böyük mənəvi dəyər olaraq qorunub saxlanması və bu sənətin bölgələrdə geniş şəkildə yayılması günün tələbidir. Aşıq sənəti folklorumuzun yazılı və şifahi abidəsidir. Onu qoruyub saxlamalı, olduğu kimi gələcək nəsillərə çatdırmalıyıq: "Əsas məqsəfimiz yerli internet resursları vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində gənclər arasında aşıq sənətinin yaşadılmasına və qorunub saxlanmasına, dünyada tanıdılmasına dəstək olmaqdır. Bunun üçün gənclər arasında zəngin aşıq sənətinin, qədim musiqi alətlərinin təbliği məqsədilə 5 yazını hazırlayıb hər birinin 6 yerli internet resursunda ictimailəşdirdik. Düşünürük ki, ideoloji baxımdan təbliğedici və maarifləndirmə işinin aparılması bu sənətə gənclərin cəlb olunması ilə yanaşı, mədəniyyətimizi, musiqimizi, milli mənəvi dəyərlərimizi, folklor və maddi mədəniyyət nümünələrimizin qorunmasına xidmət edəcək".
QHT sədri onu da vurğulayıb ki, qarşıya qoyulan vəzifələrdən biri Azərbaycan mədəniyyəti və incəsənətini təbliği etmək, istedadlı gənclərin bu sənətə marağını artırmaq və onlara dəstək olmaq, gənclərimizdə vətənpərvərlik, qəhrəmanlıq ruhunu artırmaq, Azərbaycanın zəngin folklor nümunələrini qorumaq və inkişaf etdirmək, ulu sənəti dünyada yaymaq, saz və balaban musiqi alətinin Azərbaycana məxsusluğunu bir daha dünya ictimaiyyətinə tanıtmaq, mədəniyyətimizi, musiqimizi, milli mənəvi dəyərlərimizi, folklor və maddi mədəniyyət nümünələrimizi qorumaqdır: "Aşıq sənəti muğam sənəti ilə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin iki vacib əsaslarındandır. Aşıq sənəti əlvan xüsusiyyətlərə, müxtəlif mövzulara və süjet xəttinə malikdir. Aşıq sənəti yalnız poetik düşüncə nümunəsi deyil, xalqın müdrikliyinin, çoxəsrlik təcrübəsinin, mədəniyyətinin təzahürüdür. O, şifahi nitqin zənginliyi və müxtəlifliyi ilə fərqlənir, onda xalqın dilinin sadəliyi, poetikliyi və gözəlliyi, əvəzolunmaz emosionallığı əks olunur. Aşıqlar öz zəngin poetikalarını yaratmışlar. Aşıq aşıq sənətinin əsas lirik qəhrəmanı, əsas siması və aparıcı obrazıdır. Aşıq sənətində ədəbi-bədii ifadələr əks olunmaqla, onlar şifahi xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında birləşdirici halqadırlar.
Azərbaycan aşıqlarının ən qədim epik yaradıcılıq nümunəsi müasir Azərbaycan aşıqlarının ulu babaları olan qədim ozanların həyatına, sevgi və qəhrəmanlıqlarına həsr olunmuş VII əsrə aid edilən “Kitabi Dədə Qorqud” dastanıdır. Aşıq sənəti həmçinin bəstəkarların yaradıcılığına da təsir göstərmişdir. İlk dəfə aşıq musiqisinin xüsusiyyətləri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən “Koroğlu” operasında istifadə olunmuşdur. Müasir musiqinin texniki vasitələri ilə aşıq musiqisinin xüsusiyyətlərini birləşdirən bəstəkar Qara Qarayev isə Üçüncü simfoniyasının ikinci hissəsində onların vəhdətini yarada bilmişdir".
QHT rəhbəri sonda onu da qeyd edib ki, milli musiqimiz, milli musiqi alətlərimiz xalqımızın dünyagörüşünü əks etdirir. Məlumdur ki, aşıq sənəti ən qədim milli musiqi sənətimizdir. Aşıq sənəti özündə dilimizi, tariximizi, mənəvi keyfiyyətlərimizi, söz və musiqi sərvətimizi qoruması, dövləti, dövlətçiliyi ruhunda yaşatdığı üçün azərbaycançılığa xidmət edir: "Milli musiqimiz varsa, xalqımız da yaşayır. Məlumdur ki, ozan-aşıq sənəti xalqımızın arxaik dövrdə yaratdığı milli sənətdir Aşıq sənəti, sözün əsl mənasında, Azərbaycan dövləti tərəfindən qorunur, ona diqqət göstərilir.
Aşıq sənəti xalq arasında hər zaman hörmətlə qarşılanan bir sənət kimi sovet illərində də inkişaf edib. Azərbaycan aşıqları hər zaman xalqımızın milli maraqlarından çıxış edib. Aşıqları xalq da sevib, dövlət də. Azərbaycan aşıq sənəti tarixi ənənələrdən çıxış edərək bu gün də yaşayıb nüfuz etməkdədir".

Cavid