• 26 Dekabr 2024
logo
ABŞ-da etirazçılar sabiq prezidentin heykəlini dağıtmaq istəyib

ABŞ-da etirazçılar sabiq prezidentin heykəlini dağıtmaq istəyib

Vaşinqtonun “Lafayett” meydanında ABŞ-ın yeddinci prezidenti Endryu Ceksonun heykəlini aşırmaq istəyən etirazçılarla polis arasında toqquşma olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçıların bir qismi abidənin ətrafına çəkilmiş müvəqqəti hasarı yıxaraq heykəli dağıtmağa cəhd ediblər.

Bu zaman heykəl ətrafında canlı sədd yaradan polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur qalıb.

Bir neçə gün əvvəl isə “Lafayett” meydanında quraşdırılmış və N-Strit küçəsində hərəkətə mane olan çadırların yığışdırılması zamanı etirazçıların atdıqları müxtəlif əşyalar nəticəsində dörd polis zabiti xəsarət alıb.

Qeyd edək ki, Minneapolis ştatında polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif ştat və şəhərlərini etiraz dalğaları bürüyüb. İnsanlar küçəyə çıxaraq polis zorakılığına və irqçiliyə qarşı şüarlar səsləndirməyə başlayıblar. Bəzi nümayişlər talan və tarixi abidələrin dağıdılması ilə müşayiət olunur, hakimiyyət polisdə islahatların aparılmasını müzakirə edir.