Elman Rəfiyev- 55
Sumqayıt bir şəhər kimi gənc olsa da, ötən əsrin 90-cı illərinə qədər, demək olar ki, hamı bir-birini tanıyırdı. Sonradan məlum səbəblərdən şəhərin əhalisi artdı və köhnə sumqayıtlılar bu artımın içərisində seyrəldilər. Atası Məmmədrza kişi əslən Masallıdan olsa da, Sumqayıtda çoxdan yaşayanlardandır. Əvvəllər harada işlədiyini bilmirəm, amma müstəqilliyimizdən sonra kitab ticarəti ilə məşğul olurdu. Aramızda salam-əleyk, mehriban münasibət var idi. Bilirdim ki, şəhərin 13-cü mikrorayonunun sakinidir. Arada köhnə univermaqdakı dükanına kitab almaq üçün gedir, həmsöhbət olurduq. Onu maraqlı və məzmunlu, yaxşı insan kimi xatırlayıram. Mütaliəsi güclü olduğundan söhbətlərindən doymaq olmurdu...
...2015-ci ildə təxminən altı ay olardı ki, ABŞ-ın Miçiqan ştatında “Spartan village” adlanan yaşayış massivində məskunlaşmışdıq. Bir gün eşitdim ki, massivə gənc bir azərbaycanlı ailə gəlib. Tanışlığımızdan məlum oldu ki, həmin ailənin Fəridə adlı xanımı Məmmədrza kişinin nəvəsi, əməkdar artist Elman Rəfiyevin qızıdır. Miçiqan Dövlət Universitetində təhsilini artırırdı. Bir neçə il bizimlə eyni massivdə yaşayandan sonra başqa ştata köçdülər...
Bəli, bugünkü söhbətimin qəhrəmanı Elman Rəfiyevdir. O,1971-ci il yanvar ayının 19-da Sumqayıt şəhərində dünyaya gəlib. 1988-1992-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsində ali təhsilə yiyələnib və həmin universiteti fərqlənmə diplomu ilə başa vurub. 1992–1993-cü illərdə Dövlət Gənclər Teatrının aktyoru olub. 1994–2000-ci illərdə Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən "Dəli yığıncağı" Pantomim teatr-studiyasında, 2000-ci ildən Dövlət Pantomim teatrında direktor müavini vəzifəsində çalışaraq, həm də aktyorluq fəaliyyətini davam etdirib. 2009-2025-ci illərdə isə tetrın direktoru vəzifəsində çalışıb. 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Deyir ki:- “Bilirsinizmi uşaqlıq illərimizdə niyə nadinc oluruq, niyə dəcəllik edirik? Çünki daim hərəkət etmək istəyirik. Məsələn, məktəb vaxtı zəng vurulanda, tənəffüs zamanı nə baş verirdi? Hərəkət! Biz tez hərəkət etməyə başlayırdıq, yerimizdən qalxırdıq, sinifdən çıxırdıq. Pantomimaya ehtiyacın səbəbi də bu olub: hərəkət! Biz həmişə hərəkət etməyə, qaçmağa meyl edirik. İnsanların pantomimaya marağı belə yaranıb. Bəzən hərəkət bizim üçün sözdən daha vacib olur. Axı, "səni sevirəm” və ya "sənə nifrət edirəm”i, eləcə də bütün digər hissləri sözlə yox, hərəkətlə də göstərmək mümkündür...”
Elman Rəfiyev bütün bunlardan əlavə 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil alıb və 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak edib. Bir sıra beynəlxalq teatr festivallarının iştirakçısı olub. Onlarla tamaşada rol alan əməkdar artist İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilib. B. Xanızadənin "Arzular aləminə səyahət" elmi-tədris filmində – Kloun Nini rolunda oynayıb. Odur ki, səhnə ləqəbi Kloun Ninidir. Onu bu gün keyfiyyətli cizgi filmlərinin olmaması, uşaq seriallarının çəkilməməsi çox narahat edir...
“Biz xarici cizgi filmlərin keyfiyyətinə baxanda görürük ki, elə bil canlı nəyəsə baxırsan. Ona görə bizim övladlarımız türklərin, ingilislərin cizgi filmlərinə baxırlar. Uşaqları maraqlandıran bir dənə maraqlı veriliş yoxdur. Yutub kanalında yayımlanan “Cocomelon”u bütün uşaqlar əzbər bilir. Niyə bizdə belə bir şey olmamalıdır?! Niyə biz bunu yaratmırıq? Əlbəttə ki, bütün bunların başında maliyyə dayanır. Çünki maliyyə olmasa, bunlar əmələ gəlməyəcək. Deyirlər ki, bizim dublajımız zəifdir. Mən sovetlər dönəmində doğulub boya-başa çatdığım üçün deyərdim ki, rus dublajı nömrə birdir. Çünki mən gözümü o dublajla açmışam. Amma mən xatırlayıram ki, uşaq vaxtı kinoteatrlara hind, rus filmlərinə baxmağa gedəndə, Azərbaycan dilində baxanda bizə necə doğma gəlirdi.”- söyləyir.
Müsahibələrinin birində isə deyir:- “Səməndər Rzayevin Kral Liri səsləndirməsindən xəbər tutan rolu ifa etmiş aktyor deyib ki, “mən heç bilmirdim ki, Azərbaycan dilində belə gözəl danışıram”. Çapayev öz filmini gəlib izləyəndə demişdi ki, “doğurdan, mən Azərbaycan dilində səlis danışıram”. Yəni, bizdə belə bir dublaj var idi. Çünki mən kolifeylərdən eşitmişəm ki, o vaxt dublaj sənətinə çox gözəl qiymət verilirdi. Şahmar Ələkbərov, Əminə Yusifqızı, Rasim Balayev, Səməndər Rzayev kimi sənətkarlarımız var idi ki, sadalamaqla bitməz. Onlar dublaja qiymət verir, canlarını qoyurdular. Amma bu gün dublajımız maliyyə tərəfdən çox bərbad bir vəziyyətdədir. Mən uzun müddət televiziyada dublajla məşğul oldum. Mənim bir günümə verilən məbləğin adını çəkməyə utanıram. “Joker” filmini səsləndirmək üçün mən iki gün o televiziyaya getdim. Sonda elə bir məbləğ aldım ki, bunu eşidən hamı şoka düşür.”
Giley-güzarı çoxdur. Teatr, kino sahəsindəki olan problemlər onu çox narahat edir:
“Rusiyada, Türkiyədə dublaja düşən aktyorlar sevinirlər ki, normal dolanacaqlar. Amma bizim aktyorlar fikirləşir ki, “tez bu filmi yazım, gedim o biri redaksiyada digərini yazım, sonra gedim televiziyada yazım, ortalığa nəsə bir məbləğ çıxsın”. Aktyor bilsə ki, ona işinə görə normal məbləğ veriləcək, ürəyini qoyar və tez-tələsik iş görməz. Ona görə də bizim dublajımızın bu vəziyyətdə olmasının səbəblərindən biri də maliyyədir. İkinci səbəb isə texnikanın güclü olmamasıdır. Dublaja gedirsən, bir də gördün komputer dayandı. “Yaramaz mən” cizgi filminin ikinci hissəsində Rusiyadan Dima adlı bir səs rejissoru gəldi. Biz səsləndirmə edirdik. Mən onu beş saata səsləndirdim. Dima mənə yaxınlaşıb dedi ki, “sənin bu səsləndirdiyin obrazı rus aktyoru 3 günə səsləndirdi.” Mən özümü tərifləmirəm. Bu gün dublajda niyə aktyorlar inkişaf etmirlər? Düşünürlər ki, niyə vaxtlarını buna sərf etsinlər. Gülməli bir məbləğ almaqdansa, gedib başqa işlə məşğul olarlar. Dublajda o dövrün tək-tük insanları qalıb. Dublaj çox gözəl sənətdir. Mən çox sevirəm çünki obraza can verirsən. Tamaşaçı bu obrazla səni sevir. Tamaşaçıya maraqlı gəlir ki, görəsən bu səsin sahibi kimdir. Prodakşnlar, rejissorlar bu işə can qoyanları düzgün qiymətləndirməlidir. Sinxron dublajın da öz qiyməti var. Azərbaycan dili çox musiqili bir dildir. Dilimizi qorumaq üçün bütün bunlara nəzarət etmək lazımdır. Biz bir olsaq dilimizi qoruyacağıq.”- söyləyir.
Xülasə, onun haqqında belə uzun-uzadı danışmaqda məqsədim yanvarın 19-da qeyd edəcəyi ad gününü təbrik etməkdir. Axı, bu dəfə sıradan bir ad günü deyil, 55 yaşı tamam olur, yubileyidir. Arzuları çin olsun!
...Bəli, Sumqayıt gənc şəhər olsa da, əməkdar artist Elman Rəfiyev köhnə sumqayıtlılardandır...
Hörmətlə, Elman Eldaroğlu