Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlanmasına, teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan "Öyrədərək Öyrənirəm" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında ustad dərslərinə başlayıb.
Bir aylıq davam edəcək ustad dərsləri zaman “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S.Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda təlimlər keçəcək. Ustad dərslərinin praktik və nəzəri biliklərinin təkmilləşdirilməsi məqsədilə yaradıcı kollektivlə M.F.Axundzadənin "Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur" pyesi əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” adlı tamaşa hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşviq Qarayev, geyim üzrə rəssamı Qönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti Ceyhun Yusifovdur.
Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva , Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov iştirak edəcəklər.
Yeni yaradıcılıq işinin premyerası dekabr ayında ictimaiyyətə təqdim olunacaq.