• 3 Sentyabr 2026
logo
Firəngiz Mütəllimova: Yaşar Nuri xalq tərəfindən çox sevilən sənətkar olub

Firəngiz Mütəllimova: Yaşar Nuri xalq tərəfindən çox sevilən sənətkar olub

Bu gün görkəmli aktyor, Xalq artisti Yaşar Nurinin doğum günüdür

Sənət elə bir möcüzədir ki, zamanın hökmünə qalib gəlir və böyük sənətkarları əbədiləşdirir. Onların səsi, mimikası, jestləri, hətta dillər əzbəri olan bircə kəlməsi belə illər sonra yaddaşlarda qalır. Azərbaycan tamaşaçısının qəlbində belə silinməz iz qoyan sənətkarlardan biri də gülüşü, səmimiyyəti və bənzərsiz aktyor oyunu ilə sevilən Xalq artisti Yaşar Nuridir. Bu gün onun yaratdığı obrazları xatırladıqca, sanki sevimli aktyorumuz yenidən ekran qarşısına keçir və özünəməxsus ifadələri ilə bizi gülümsədir.

AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarın anadan olmasından 75 il ötür.

1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gələn sənətkar özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, hamının sevimlisi idi. Aktyorun atası Azərbaycan kino və teatr tarixində çoxsaylı rolların mahir ifaçısı olub. Hər birimizin sevə-sevə izlədiyi “Yeddi oğul istərəm”, “Ulduz”, “Uşaqlığın son gecəsi”, “Sehrli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.

Yaşar Nuri hələ kiçik yaşlarında ikən səhnədə rol alıb. İlk dəfə 11 yaşı olarkən “Toy kimindir?” tamaşasında Tapdıq rolu ilə səhnəyə çıxan unudulmaz aktyorumuz, televiziyada “Yelkən” verilişinin aparıcısı olub, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişlərində iştirak edib.

Aktyor teatr səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub. Sevilən sənətkarımızın Azərbaycan teatr səhnəsində “Övlad” komediyasında Silva, “Bağlardan gələn səs” dramında Pərviz, “Ölülər” əsərində Məşədi Oruc və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri sevilərək izlənilən televiziya tamaşalarında da unudulmaz obrazlar qalereyası yaradıb. Məhz bu tamaşalar sayəsində o, milyonların yaddaşında “tamada Surxayzadə”, “Gülərin Həsənağası”, “Gülnarın Elçini”, “çəkməçi Dadaşov” kimi parlaq rollarla həkk olunub.

Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sənətkar “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı” və s. filmlərdə rol alıb. O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda “Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə “Spasibo” filmini çəkib.

Yaşar Nurinin baş rol ifaçısı olduğu tamaşaları bu gün də sevə-sevə izləyirik. O, Azərbaycan Dövlət Televiziyasının hazırladığı “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib.

“Sən yaxşı qızsan, Gülnar...” – bu sözlər hər birimizin yaddaşında dərin iz buraxan “Səni axtarıram” tamaşasındandır. Tamaşada Yaşar Nuri ilə tərəf-müqabili olan Xalq artisti Firəngiz Mütəllimova aktyorla bağlı xatirələrini AZƏRTAC-a danışıb.

“Yaşar Nuri çox pozitiv insan idi. Səhnədə tərəf-müqabillərinə qarşı son dərəcə diqqətli yanaşardı. Tariyel Vəliyevin quruluş verdiyi “Səni axtarıram” televiziya tamaşasında oynadığımız Elçin və Gülnar obrazları bizi sanki bir-birimizə qohum etdi, dostlaşdırdı. Mən Yaşarı demək olar ki, hər gün xatırlayıram. Şadam ki, televiziya kanallarında da onun yer aldığı tamaşa və filmlər tez-tez nümayiş olunur”, - deyə Xalq artisti vurğulayıb.

Firəngiz Mütəllimova Yaşar Nuri ilə tərəf-müqabili olduğu “Səni axtarıram” tamaşasının çəkilişləri zamanı yaşanan unudulmaz anları belə xatırlayır: “Çəkilişlərdən birində hava çox soyuq idi. Yaşar mənə dözümlü olmamı tövsiyə edirdi. Bəzi kadrlar alınmayanda narahat olurdum. Hətta bir səhnə var idi ki, orada ağlamalı idim. İndi dillər əzbəri olan “Sən yaxşı qızsan, Gülnar...” sözlərinin deyildiyi həmin səhnədə ağlaya bilmədim. Bir də gördüm ki, Yaşarın yanağından yaş süzülür. Mənim yerimə ağladı. Bu da çox təsirli alındı. Hətta bəzən Yaşar əsəbiləşirdi. Deyirdi ki, “Sənə demişəm, gözümün içinə bax, amma bu dərəcədə də yox”. Yarı zarafatla, yarı ciddi deyirdi. Mən sevinirəm ki, ilk dəfə rol aldığım tamaşada tərəf-müqabilim məhz Yaşar Nuri olub. Ondan çox şey öyrənmişəm. Mənə çox kömək edib, dəstək olub. O, xalq tərəfindən çox sevilən aktyor, sənətkar idi”.

Özünəməxsus səhnə mədəniyyəti, yüksək improvizə qabiliyyəti, fərdi ifa tərzi və obrazlara özünəxas yanaşması onu həmkarlarından həmişə fərqləndirib. Yaşar Nurinin film və tamaşalarda səsləndirdiyi “Sənə əjdaha lazımdır?”, “Hə, nolsun?”, “Ay moment” kimi ifadələr bu gün də dilimizdə tez-tez işlədilir və hər dəfə “Yaşar Nuri demişkən...” söylənilərək böyük sənətkarımız ehtiramla yad edilir. Bütün bunlar xalqın öz unudulmaz aktyoruna olan sonsuz sevgisinin və rəğbətinin təzahürüdür.

Dünya bir pəncərədir - hər gələn baxar, gedər... Yaşar Nuri bu həyat pəncərəsindən cəmi 61 il baxdı. Lakin arxada qoyduğu zəngin irs, unudulmaz obrazlar və qəlblərdə qazandığı sevgi göstərir ki, o, bu pəncərədən baxıb getsə də, xatirəsi əbədi yaşayacaq.

Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.