• 6 Oktyabr 2026
logo
“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentdə “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili bildirib:
“Əlbəttə, bu çox vacib və önəmli bir qanun layihəsidir. Baxmayaraq ki, hələ də cəmiyyətimizdə sovet dövründən qalma stereotiplər var. Vaxtilə Çörçill deyirdi ki, kapitalist cəmiyyətində var-dövlətin qeyri-bərabər bölünür, dövlətin idarə etdiyi iqtisadiyyata sahib sosializmdə isə yoxsulluq bərabər bölünnür. Ona görə də yoxsul sosializm cəmiyyətində dövlət əmlakının oğurlanması, məsələn SSRİ-nin dağılması ərəfəsində artıq ictimai qınağa səbəb olmurdu. Və dövlət əmlakını oğurlayanlar barədə məlumat verənlərə isə “işverən” deyirdilər.
İnsanların çoxu bu barədə bəzən anonim ərizələr yazırdılar. Öz adları ilə bu barədə məlumat verməkdən çəkinirdilər. Amma 88-ci ilin fevralında artıq anonim şikayətlərə baxılmaması haqqında da qərar qəbul olundu və bundan sonra ümumiyyətlə anonim şikayətlərə də baxılmadı.
İndi ölkəmizdə o stereotipləri dağıtmaq lazımdır və nəzərə almalıyıq ki, korrupsiya biznes mühitinin korlayır, ölkənin sürətli iqtisadi inkişafının qarşısında böyük bir maneəyə çevrilib. O baxımdan bu layihənin indi təqdim olunması çox təqdirəlayiqdir.
Amma hörmətli sədr, birinci oxunuşun tələblərinə uyğun olaraq nəyi təklif edirəm. Vaxtilə bu məsələləri mən parlamentdə qaldırmışdım.
Layihədə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlər-səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri, yaxud ixtisaslaşmış prokurorluq orqanı - özünü doğrultmayacaq.
Təşkilatın rəhbərliyinin məlumatı olmadan hər hansı bir sahədə korrupsiya cinayətlərinin baş verməsi olduqca çətin bir hadisədir. O baxımdan da məlumat verən şəxsin təşkilatın rəhbərliyinə müraciət etməsində bir məna görmürəm.
Biz əslində qanunda qeyd edək ki, müraciətlər Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya edilir. Bu zaman Korrupsiyaya qarşı mübarizə üzrə müvafiq Komissiya əsaslı hesab elədiyi həmin ərizəni araşdırılması üçün müvafiq dövlət orqanlarına göndərsin.
Burada qeyd olunub ki, cinayət xarakterli məlumatlar prokurorluğun tərkibində korrupsiyaya qarşı mübarizə üzrə idarəyə göndərilir. Amma tutaq ki, prokurorluqda korrupsiya cinayəti varsa və bu barədə məlumat daxil olursa, istər-istəməz orada idarə təəssübkeşliyi olacaq. Biz elə bu yaxınlarda şahidi olduq ki, Ukraynada prokurorluq orqanlarının əməkdaşları müəyyən zəng mərkəzləri vasitəsilə ağır cinayətlərin iştirakçısı olublar.
Onun üçün prokurorluqdan şikayət olarsa onu Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Dövlət Təhlükəsizliyi Xidmətinə, yaxud Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərə bilər.
Yəni qanun layihəsində məlumatı verən şəxslərə “siz bu orqanlara müraciət edə bilərsiniz”,- kimi seçim verməyin özünü doğruldacağını düşünmürəm.
Bir də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri istisna olmaqla, digərləri korrupsiyanın subyekti olan şəxslər olmamalıdır. Nə deputatlar, nə nazirlər, nə digər dövlət qurumlarının rəhbərləri. Komissiya tam müstəqil şəxslərdən ibarət formalaşdırılsa, düşünürəm ki, daha effektiv olar”.
Millət vəkili həmçinin əlavə edib:
“İkinci bir məsələyə də toxunmaq istəyirəm.
Burada bizim qanunvericilikdə beynəlxalq praktikadan fərqli olaraq, cinayətin iştirakçısı olmuş şəxslər tərəfindən korrupsiya cinayəti barədə məlumat verənlərlə bağlı məsələnin həlli tənzimlənmir.
Halbuki beynəlxalq praktikada, tutaq ki, Amerika Birləşmiş Ştatlarında cinayətin iştirakçısı olmuş şəxs korrupsiya cinayəti haqqında məlumat verirsə, o halda həmin şəxsin həm müdafiəsi, onun cinayət məsuliyyətindən azad olunması, həm də onun mükafatlandırılması məsələsinin necə həll olunması məsələsi qanunla tənzimlənir. Həvəsləndirmə üçün pul mükafatı müəyyən edilərkən şəxsin hansı şərtlər altında korrupsiya cinayətləri haqqında məlumat verməsi, hadisədən nə qədər vaxt sonra məlumat verməsi, cinayətdə iştirak edibsə onun rolu nəzərə alınır.
İfşa olunmaq təhlükəsini hiss edib bu barədə məlumat verən şəxsin mükafatlandırılması fərqli olmalıdır.
Bir də layihədə məlumat verən şəxs bununla əlaqədar əgər öldürülərsə cəmi 20 min manat kompensasiya ödənilməsi nəzərdə tutulur ki, bu olduqca kiçik bir rəqəmdir. Yəni bu rəqəmi ən azı indiki şərtlər altında heç olmasa minimum 150 min manat məbləğində nəzərdə tutmalıyıq.
ABŞ-də əgər şəxs hər hansı iri korrupsiya cinayətləri haqqında məlumat verirsə və o vasait dövlətə qaytarılırsa, qaytarılan vəsaitin 10 faizindən 30 faizə qədəri məlumat verən şəxsə ödənilir. Bizdə qanunda 5 faiz nəzərdə tutulması kifayət deyil. Hesab edirəm ki, bu da nəzərə alınmalıdır.
Bir də bizim mətbuatın üzərinə də çox böyük iş düşür ki, ictimai fikri hazırlasınlar. Yəni cəmiyyət bu tipli addımları qınamamalı, alqışlamalıdır. Əslində, bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir. Cəmiyyəti inkişafdan saxlayır. Dövlət indi öz tərəfindən addım atır, amma biz cəmiyyəti də hazırlamalıyıq ki, belə cinayətlər barədə onlar hüquq-mühafizə orqanları ilə əməkdaşlıq eləsinlər, dövlət orqanlarını məlumatlandırsınlar”.