2024-cü ildə Azərbaycandan 1 milyon 242.5 min ABŞ dolları dəyərində 1200 kq nərə balığının kürüsü ixrac edilib.
“APA-Economics”in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac olunan kürünün həcmi 85% və ya 550 kq, dəyəri isə 2.1 dəfə və ya 655.3 min ABŞ dolları artıb.
Hesabat dövründə 1 kq qara kürünün orta ixrac qiyməti 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 1760 manat təşkil edib.
Qeyd edək ki, qara kürü əsasən Birləşmiş Ərəb Əmirliklərinə (540 kq), Amerika Birləşmiş Ştatlarına (380 kq), Qazaxıstana (40 kq), Çinin xüsusi inzibati rayonu Honkonqa ( 30 kq), Sinqapura (20 kq), Yaponiyaya ( 20 kq), Almaniyaya ( 20 kq) və Səudiyə Ərəbistana (10 kq) ixrac edilib. Hesabat dövründə bu məhsul Birləşmiş Ərəb Əmirliklərinə 1712 manata, Amerika Birləşmiş Ştatlarına 1347 manata, Qazaxıstana 3400 manata, Səudiyə Ərəbistana 3855 manata, Sinqapura 3423 manata, Yaponiyaya 1100 manata, Almaniyaya isə 2190 manata satılıb.
Xatırladaq ki, bu dövrdə Azərbaycana Çindən 2 milyon 148.2 min ABŞ dolları dəyərində 7160 kq qara kürü idxal edilib. Bu məhsulun idxal qiyməti isə 510 manat təşkil edib.