Gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyası Azərbaycanın enerji balansına böyük töhfə verəcək.
Bu barədə mətbuat konfransında Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, bu layihə 1,5 il ərzində inkişaf etdiriləcək.
Nazir qeyd edib ki, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prioritet istiqamət kimi müəyyənləşdirib və bu, enerji mənbələrinin diversifikasiyasına böyük töhfə verəcək.
Xatırladaq ki, bu gün "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə "Qaradağ" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Qeyd edək ki, ötən ilin aprel ayında Azərbaycan Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "Masdar" şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə "İnvestisiya müqaviləsi", "Enerji alqı-satqı müqaviləsi" və "Ötürücü şəbəkəyə qoşulma müqaviləsi" imzalanıb. 2020-ci ilin sonunda isə Energetika Nazirliyi və "Azərenerji" ASC ilə "ACWA Power" şirkəti (Səudiyyə Ərəbistanı) arasında qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyası layihəsi üzrə müvafiq müqavilələr imzalanıb.