Ümid edirik ki, ölkəmizdə milli maraqların qorunmasına, həmçinin dövlət və xalqın rifahına xidmət edən araşdırmalar hələ də aparılır. Ənənəvi sistemləri sel kimi yuyub aparan internet və dünyada cərəyan edən mürəkkəb proseslər fonunda gözüyumulu addımlamaq milli dövlətçiliyin aqibəti ilə qumar oynamaq kimidir. Bəli, “idxal” olunan inkişaf ilə ola bilsin ki, hansısa sahədə müəyyən bir müddət uğur əldə etmək mümkündür, ancaq bu növ inkişaf dayanıqlılığı əsla təmin edə bilməz. Dünyada geriyə dönməz proseslər sürətlə inkişaf edir. İradəmizdən asılı olmayaraq müasir dünya artıq qlobaldır. Hər an yeniləşən rəqəmsal texnologiyalar isə lokallaşmanı sanki mümkünsüz edir. Müasirlik və miqyas naminə “təngənəfəs qaçaraq” virtual dünyaya daxil olmaqla əslində iradəmizin şərti açarlarını könüllü şəkildə tanımadığımız ögey adminə vermiş oluruq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Asif Adil söyləyib.
O deyib: “Sonsuz sayda mənbələrdən gələn fasiləsiz informasiya axını müasir insanın başını elə qatır ki, o əsasən müxtəlif təfərrüatlar barəsində düşünməyə macal tapır. Mühüm proses və təzahürlərin əsl mahiyyət və səbəbləri isə diqqətdən qaçır. Sadəcə funksional biliyin tirajlanmasına fokuslanmış təhsil sistemləri isə mövcud vəziyyəti daha da mürəkkəbləşdirir. Təsadüfi deyil ki, müasir dövrdə hətta “inkişaf” anlayışının məzmunu belə tədricən dəyişir. Dünyada yaşanan sərt rəqabət mühiti isə gənc və müstəqil dövlətlərin inkişafı üçün zaman tanımır. Əksinə onların asılılığını artırmaq üçün geosiyasi basqı daha da güclənir. Odur ki, bu cür məsələlərdə romantizm yolverilməzdir.
Məhz beynəlxalq “basqı” kontekstində ilk növbədə yada düşən məfhum əlahəzrət “ikili standartlar siyasətidir”. Sözügedən məfhumun müasir beynəlxalq münasibətlər sistemini xarakterizə edən əsas siyasi təzahürlərdən olduğunu isbat etmək üçün hətta bəsit statistik təhlillərin aparılması belə yetərlidir. Bəli, “ikili standartlar” siyasəti ilk növbədə təzyiq və manipulyasiya alətidir. Şahidlik etdiyimiz bəzi proseslərə istinadən deyə bilərik ki, sözügedən təsbit artıq təkzibolunmazdır. “İkili standartlar” ifadəsi gündəlik siyasi ritorikaya daxil olmaqla adiləşib və bu ifadə ilə bağlı cəmiyyətin ictimai təfəkküründə zamanında yaşanan emosiyalar da əsaslı şəkildə yumşalıb. Bunun nəticəsində də hansısa xoşagəlməz hadisə yaşanan zaman “bu ikili standartlar siyasətinin məhsuludur” kimi sözləri deyib kifayətlənirik.
Mövcud sahədə aparılan təhlillərdə sadəcə statistik göstəricilərin müəyyən olunması ilə özümüzü məhdudlaşdırmasaq görə bilərik ki, “ikili standartlar” siyasəti artıq sadəcə təzyiq aləti deyil. Sözügedən siyasət növü qlobal proses və tendensiyaları hərəkətə gətirən universal mexanizmə çevrilib. Müasir beynəlxalq münasibətlər sistemində yaşanan “ikili standartlara” həkimlər diabetə yanaşmağı tövsiyə etdikləri kimi yanaşmaq lazımdır. Yəni, sözügedən siyasət beynəlxalq münasibətlər sisteminin xəstəliyi deyil, onun yaşam tərzidir.
Bəli, dünyada müşahidə olunan tendensiyalara istinadən isbat edə bilərik ki, sabitlik dəbdən düşüb və statik vəziyyət dünyanın “super gücləri” üçün artıq sərf etmir. Necə ki, əyləclərə növbə ilə sığmaqla velosiped hərəkətə gətirilir, eləcə də “ikili standartlar” vasitəsilə beynəlxalq münasibətlərdə müəyyən tendensiyalar təhrik olunur. Odur ki, “ikili standartlar” yaxın perspektivdə müasir dünyanın qaçılmaz reallığıdır. Diqqətdən onu da qaçırtmaq olmaz ki, hər bir konkret halda sözügedən şərti “əyləcləri” sıxan tərəf həm beynəlxalq təşkilatlar, həm konkret ölkələr də ola bilər. Dəqiq olan odur ki, mütləq şəkildə “əyləcləri” sıxan ən azından bir tərəf olmalıdır.
Prezident İlham Əliyev öz rəsmi çıxış və müraciətlərində sözügedən məsələyə dəfələrlə işarə edib və müvafiq mesajlarını da ötürüb. Bu dəfə də sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edən zaman dövlət başçısı xüsusilə vurğulamışdır: “İkili standartlar, bəzi ölkələrə verilən üstünlüklər prinsiplərdən üstün olduqda, münaqişələr də məhz belə yaranır”. Odur ki, bəli sabitlik artıq dəbdən düşüb və bizim dövlət, cəmiyyət və ayrı-ayrılıqda hər bir fərd olaraq yeganə çıxış yolumuz sözün bütün mənalarında yalnız güclü olmaqdadır.