8 Noyabr 2026-cı il – Şanlı Zəfərimizin üçüncü ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövlətin sarsılmaz münasibətlərini, tarixi bağlılığını və gələcəyə yönələn strateji iradəsini bir daha nümayiş etdirdi.
8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlığını, milli iradəsini və tarixi ədalətin bərpasını təcəssüm etdirən ən möhtəşəm günlərdəndir. 2026-cı il noyabrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə Şuşaya səfəri bu əlamətdar tarixin siyasi və mənəvi məzmununu daha da zənginləşdirdi.
Prezident İlham Əliyev Türkiyə Prezidentini Şuşada qəbul edərkən onun Zəfər Günündə Azərbaycanda olmasını yüksək qiymətləndirdi. Bu görüş Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqımız tərəfindən böyük minnətdarlıqla xatırlandığını bir daha təsdiqlədi. Cənab Prezident bildirdi ki, “Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz - “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və buna görə şəxsən Sizə və qardaş Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdır”.
Qeyd edildi ki, 44 gün ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etmişdir. Bu döyüşlərdə 3000 şəhid olmuşdur. Qəhrəman ordumuzun fədakarlığı sayəsində onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.
Ölkə başçısı Bəyanatında vurğulayıb ki, bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və bu prosessin konkret nəticələrə gətirib çıxaracağına ümid etdiyini bildirib. Artıq bir ildən çoxdur ki, Ermənistan və Azərbaycan sülh sazişini paraflayıb, lakin hələ son imza atılmayıb. Bunun səbəbləri barədə Türkiyə və Azərbaycan ictimaiyyətinin məlumatı vardır.
Azərbaycan–Türkiyə münasibətlərinin inkişafında Şuşa Bəyannaməsi xüsusi yer tutur. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri rəsmən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi-siyasi çərçivə formalaşdırdı. Eyni zamanda, təhlükəsizlik və müdafiə sahəsində qarşılıqlı fəaliyyətin, regional və beynəlxalq məsələlərdə ortaq mövqelərin strateji əsaslarını müəyyənləşdirdi.
Şuşa Bəyannaməsinin məhz bu şəhərdə imzalanması xüsusi rəmzi məna daşıyırdı. Bir vaxtlar işğal altında olmuş, azadlığı uğrunda Azərbaycan əsgərinin qəhrəmanlıq göstərdiyi Şuşada iki qardaş ölkənin liderlərinin müttəfiqlik sənədinə imza atması tarixi ədalətin bərpasının və yeni reallıqların təsbitinin parlaq nümunəsi idi. Beləliklə, Şuşa həm Qarabağ Zəfərinin, həm də Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin simvoluna çevrildi. Prezident İlham Əliyevin dediyi kimi: “44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi. Ondan yeddi ay sonra burada, Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı və bu, bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Halbuki onsuz da biz hər zaman müttəfiq idik. Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Şuşa Bəyannaməsi, sadəcə olaraq, bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salmışdır”.
Ölkə başçısı Bəyanatında düşmənlərimizə açıq mesajını göndərdi: “Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz - iki xalq, ilk növbədə, iki lider bu sərvəti qoruyuruq və heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud da öz şəxsi maraqları naminə bizim birliyimizə, qardaşlığımıza, həmrəyliyimizə kölgə salsın”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın məhz noyabrın 8-də, Zəfər Günündə Qarabağda – Şuşada olması xüsusi siyasi və mənəvi məna daşıyır. Bu səfər Türkiyənin Azərbaycanla həmrəyliyinin, ortaq sevinc və qürurunun ifadəsidir. Eyni zamanda, iki qardaş dövlətin keçmişdə olduğu kimi, bu gün də, gələcəkdə də bir yerdə olacağına dair dünyaya ünvanlanmış aydın mesajdır. Zəfər Günündə Şuşada keçirilən görüş Azərbaycan–Türkiyə qardaşlığının növbəti təsdiqi olmaqla yanaşı, iki ölkənin ortaq strateji hədəflərinin, siyasi iradəsinin və gələcəyə hesablanmış baxışlarının nümayişi kimi tarixə düşdü.
Azərbaycan və Türkiyə münasibətləri zamanın sınaqlarından çıxmış, tarixin müxtəlif mərhələlərində möhkəmlənmiş və bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərdir. Şuşadan bir daha təsdiqləndi ki, bu birliyin təməlində ortaq tarix, qardaşlıq, qarşılıqlı etimad və milli maraqlar dayanır. Şuşa bu dəfə də tarixə iki qardaş ölkənin sarsılmaz birliyinin, həmrəyliyinin və ortaq gələcəyə inamının rəmzi kimi həkk olundu.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü