• 10 İyun 2026
logo
Qarabağda sahibkarlara vergi güzəştləri verilir

Qarabağda sahibkarlara vergi güzəştləri verilir

Hökumət sahibkarları işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın yenidən qurulmasına və inkişafına cəlb etmək, onları həvəsləndirmək üçün yeni təşviq siyasəti həyata keçirməyə başlayıb. Məqsəd bu prosesdə sahibkarların yaxından iştirakını təmin etməkdir. Hökumət Qarabağın iqtisadiyyatında sahibkarların rolunu artırmaq, onlara maliyyə dəstəyi göstərmək üçün müxtəlif stimullaşdırıcı addımlar da atır və bu poses davamlı olacaq. Belə ki, Qarabağda sahibkarlar uzun müddətə vergi və rüsumlardan azad edilir ki, bu da tam yeni yanaşma hesab oluna bilər.
“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılıb.
Dövlət başçısının müvafiq Sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb və Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq.
İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Habelə bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib. Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib. İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq.
Qeyd olunmalıdır ki, vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir. Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib.
Əslində Vergi Məcəlləsində edilmiş son dəyişikliklərin bir hissəsi investisiya mühtinin cəlbediciliyinin artırılması məqsədini hədəfləyir. Məlum olduğu kimi, Vergi Məcəlləsinə əsasən, sənaye, yaxud texnologiyalar parkının rezidentləri və investisiya təşviqi sənədini alan vergi ödəyiciləri tərəfindən istehsal sahələrinin tikintisi, elmi tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular idxal zamanı ödənilən ƏDV-dən azaddır. Lakin bu kateqoriyaya daxil olmayan vergi ödəyiciləri eyni əməliyyatlara görə gömrük orqanlarına böyük həcmdə vergi ödəməli idilər ki, bu da onların maliyyə vəziyyətində çətinliklərə səbəb olurdu. Sözügedən halların aradan qaldırılması, ölkədə investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə qanunvericiliyə edilmiş son dəyişikliklərlə idxal olunan əsas vəsaitlər ƏDV-dən azad edilib. Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq əsas vəsaitlərin idxalı müddətsiz olaraq ƏDV-yə cəlb edilməyəcək. Bu təşviqlər ölkə iqtisadiyyatı üçün prioritet hesab edilən sahələr üzrə idxal edilən əsas vəsaitləri, o cümlədən emal və istehsal avadanlıqları və digər əsas vəsaitlərin idxalını əhatə edəcək. Bununla da dövriyyə vəsaitlərinə qənaət edilməsi yolu ilə müvafiq sahələr üzrə iqtisadi artıma nail olunacağı proqnozlaşdırılır.
Hazırda azad edilmiş ərazilərin bərpası üzrə işlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılır. Regionun iqtisadiyyat quruculuğu həm də burada sahibkarların aktivliyindən asılı olacaq. Çünki yerli və xarici sahibkarlar Qarabağda əsas sərmayəçilərdən olacaqlar, yerli biznesi məhz onlar quracaqlar. Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, müxtəlif fondların vəsaitləri (Dirçəliş Fondu, Yaşat Fondu və s.) və sahibkarların yatırımlarıdır.
Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan 1332 müraciət daxil olub. Bunlardan 500-ə yaxını investisiya layihələri, 650-dən çoxu isə digər iş və xidmətlərlə bağlıdır. Müraciətlərin 33%-i ticarət və xidmətlər, 29%-i sənaye, 27%-i kənd təsərrüfatı və 11%-i tikinti, turizm, səhiyyə, təhsil və mədəniyyət sahələrini əhatə edir. Xarici iş adamları da Qarabağın gələcəck iqtisadiyyatına investisiya qoymaq niyyətindədir. 30-a yaxın ölkədən olan xarici şirkətlər tərəfindən KOBİA-ya 200-dən artıq layihə təqdim edilib. Burada Türkiyə, Rusiya, İsrail və Qazaxıstan şirkətlərindən daxil olan müraciətlər üstünlük təşkil edir.
İşğaldan azad olunmuş Qarabağın gələcək iqtisadiyyatında sahibkarlar kənd təsərrüfatı, sənaye, tikinti, turizm, ticarət və digər xidmət sahələrində fəaliyyət göstərməklə, əsas aparıcı qüvvə olacaqlar. Artıq bu regionda sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkına (ASP) sahibkarlar tərəfindən böyük maraq göstərilir. Ağdam Sənaye Parkı və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması KOB-lara bir sıra mühüm üstünlüklər verməklə yanaşı, müvafiq rayonların iqtisadi potensialının reallaşdırılmasında əhəmiyyətli olacaq. İşğaldan azad olunmuş rayonlarda biznes üçün yeni təşkilati-iqtisadi modellərin tətbiqi də nəzərdə tutulur. Bütövlükdə Qarabağ regionunun iqtisadiyyatının ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətlərinə və milli prioritetlərə uyğun dinamik, şaxəli inkişaf etdirilməsi məqsədilə müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturu yaradılmalı, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan investisiyalar cəlb edilməlidir.
Mahir Həmzəoğlu