• 21 Dekabr 2024
logo
345 manat alan adam 500 manatlıq cəriməni necə ödəsin?

345 manat alan adam 500 manatlıq cəriməni necə ödəsin?

Qanuna təklif olunan dəyişikliyə əsasən, 30 manatlıq cərimənin 500 manata qaldırılması Azərbaycan cəmiyyətinə adekvat deyil. Nəzərə alaq ki, bu gün Azərbaycanda minimum əmək haqqı 345 manat təşkil edir. Bu, yeni qanun layihəsində cərimənin həddinin 17 dəfə qalxması deməkdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin cərimlərin artırılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə hazırladığı dəyişikliklər layihəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, inzibati cərimənin qaldırılması, adətən, iki halda baş verir:

“İlk növbədə qanunu pozan şəxslərin sayının həddindən artıq çox olub-olmamasına diqqət yetirmək lazımdır. Məsələn, keçən il inzibati xətaya yol verənlərin sayı 100 nəfər olub, bu il 10 min nəfərdirsə, bu halda qarşısını almaq üçün cərimələr artırıla bilər. Amma bilirik ki, belə kütləvi pozuntu halları baş verməyib. Cərimələnənlərin sayı həddindən artıq olarsa, o zaman həcmi arta bilər. Ədalət, Hüquq Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə bu qanun layihəsinin əleyhinə səs verib”.

Niyaməddin Orduxanlı qeyd edib ki, Azərbaycan cəmiyyəti üçün cərimənin bu həddə qaldırılması doğru deyil:
“345 manat minimum əmək haqqı alan vətəndaş bu qaydanı pozduğu təqdirdə hansı vasitələrlə bu cəriməni ödəyəcək? Biz başa düşürük ki, cərimələrin yüksək həddə qaldırılması müəyyən qədər təsiredici amil ola bilər. Bir məqama da diqqət yetirmək lazımdır ki, keçən illə müqayisədə bu cərimələr büdcəyə nə qədər vəsait gətirib? Yəni bu, çox böyük bir vəsait deyil.

Ancaq indiki vəziyyətdə birdən-birə cərimələrin həddinin 17 dəfə qaldırılması fonunda vətəndaş qaydanı pozarsa, 500 manat, ikinci dəfə təkrarlanarsa, 700 manat ödəyəcək. Hüquqi şəxslər üçün artıq 5000-7000 manatdan söhbət gedir. Hesab edirəm ki, bu, vətəndaşların aldığı əməkhaqqıya qeyri-adekvat yanaşımdır. Güman edirik ki, parlamentin üzvləri qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bunları nəzərə alar, cərimələrin həcmi daha az olar”.

Qeyd edək ki, qanun layihəsində çoxsaylı dəyişikliklər təklif olunur: tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 50 manatdan 300 manata qaldırılır, qatar vaqonlarının pəncərələrindən zibil atanlar üçün cərimələr 16 dəfədən çox artırılır. Vaqon pəncərələrindən və ya qapılarından tullantı, yaxud başqa predmetlər atılmasına görə 500 manat cərimə tətbiq ediləcək. Avtomobildən bayıra hər hansı əşya, tullantı atan insanları isə 200 manatdan 4000 manatadək cərimə gözləyir.