• 12 Dekabr 2025
logo
MEK-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş lektoriya keçirilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş lektoriya keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Zamanlardan ucalan şəxsiyyət fenomeni” adlı lektoriya keçirilib.

MEK əməkdaşlarının və könüllülərinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin həyat yolu təkcə bir liderin taleyi deyil, bütöv bir xalqın inkişaf salnaməsidir. Direktor vurğulayıb ki, Heydər Əliyev Azərbaycanda dövlətçilik ənənələrinin formalaşması, milli özünüdərk prosesinin güclənməsi və xalqın gələcək istiqamətinin müəyyənləşməsi baxımından misilsiz xidmətlər göstərib.

H. Hüseynov qeyd edib ki, Ümummilli Liderin hakimiyyətinin hər mərhələsi Azərbaycan cəmiyyətinin modernləşməsi, elmin, təhsilin, mədəniyyətin inkişafı və dövlət institutlarının möhkəmlənməsi ilə yadda qalıb. Direktor əlavə edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutub. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndərin misilsiz xidmətləri olub. Onun həyata keçirdiyi məqsədyönlü dil siyasətinin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin daxil edilib.

MEK direktoru, həmçinin bildirib ki, bu kimi tədbirlər Ulu Öndərin irsinin daha dərindən öyrənilməsi, onun dövlətçilik fəlsəfəsinin gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova “Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyası: tarixi kontekst və gələcəyə baxış” adlı məruzəsində bu gün yalnız böyük bir tarixi şəxsiyyətin həyatına deyil, həm də bütöv bir xalqın taleyinə işıq salmış bir liderin — Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu bir daha vurğulayıb. Heydər Əliyevin Azərbaycan tarixində nadir rast gəlinən bir fenomen olduğunu bildirən məruzəçi onun fəaliyyətinin konkret dövrlərin sərhədlərinə sığmadığını, zamanları aşaraq milli yaddaşda yaşadığını diqqətə çatdırıb:

“1969-cu ildə respublikamıza rəhbərliyə gəlişi ilə başlayan böyük dönüş, əslində, milli oyanışın ilk güclü siqnalı idi. Az bilinən fakt budur ki, həmin il Azərbaycan Dövlət Universitetində etdiyi məşhur çıxışdan sonra ali təhsil sistemində 20-dən çox struktur dəyişikliyi həyata keçirildi, elm və dil siyasətində milli elementlər gücləndirildi. O, universitet auditoriyasını yalnız tələbə kimi deyil, Azərbaycanın gələcəyi kimi görürdü. Ulu Öndərin anım günündə xatırlamalı olduğumuz ən mühüm məqam odur ki, Heydər Əliyev xalqına yalnız rəhbərlik etmədi — o, xalqın düşüncə tərzini yenilədi. Mədəniyyətin qorunmasını milli təhlükəsizlik məsələsi kimi dəyərləndirən ilk liderlərdən biri idi. Məhz onun təşəbbüsü ilə 1970–80-ci illərdə yüzlərlə kitabxana və mədəniyyət ocağı yenidən quruldu, əlyazmaların mühafizəsi üçün xüsusi fondlar yaradıldı. Onun həyatının hər səhifəsi məsuliyyət, iradə və milli mənafeyi ən uca tutmaq prinsipinə söykənirdi. Müstəqilliyimizin yenidən bərpası illərində göstərdiyi müdriklik, ölkəni xaosdan çıxarması və dövlətçiliyi möhkəmləndirməsi isə Heydər Əliyevin tarixdəki yerini əbədi olaraq müəyyənləşdirdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi strateji xətt, onun ideyalarının müasir dövrdə davamı olaraq inkişaf edir. Bu da sübut edir ki, Ulu Öndərin dövlətçilik modeli sadəcə bir dövrün deyil, Azərbaycan xalqının uzunmüddətli inkişaf yoludur”,- deyə çıxışçı bildirib.

G. Bağırova-Hüseynova çıxışının sonunda bildirib ki, Ulu Öndər Heydər Əliyevin anım günü bizim üçün yalnız xatırlamaq deyil — öyrənmək, dəyərləndirmək və yaşatmaq günüdür. Onun irsi Azərbaycan dövlətçiliyinin bünövrəsində yaşayan canlı bir məktəbdir.

MEK-in əməkdaşı, baş kitabxanaçı Şölə Hüseynova isə gənclik illərinin müxtəlif dövrlərində Heydər Əliyevlə bağlı yadda qalan xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbir çərçivəsində Ümumilli Lider Heydər Əliyevin dövlətçilik irsi, ölkənin sosial-iqtisadi inkişafında gördüyü işlər, elmi, mədəni və təhsil sahəsindəki yenilikləri, həmçinin Azərbaycan xalqının rifahı üçün atdığı strateji addımların əks olunduğu videoçarx nümayiş olunub.