• 28 Aprel 2024
logo
ABŞ-ın təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi

ABŞ-ın təşəbbüsü regionda gərginliyi artıracaq – Brüssel görüşünün təhlükəli tərəfi

Aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə görüşü planlaşdırılır. Görüşün Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edəcəyi ehtimal olunur.

Vaşinqton görüşün “Bakı və İrəvan arasında sülh danışıqlarına aid” olduğunu bildirib. Rəsmi İrəvan isə görüşün “üçüncü tərəfə qarşı olmadığını” deyib.

ABŞ, Ermənistan və AB görüşün Azərbaycana qarşı yönəlmədiyini desə də bu, Bakının narahatlığını aradan qaldırmır. Ümumiyyətlə, Vaşinqton və Brüssel başa düşməlidir ki, bu günə qədər etdikləri Bakı nəzərində onların etibarını sarsıdıb. Misal üçün, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı. Bu məqsədlə son 3 il ərzində “Ermənilərin humanitar fəlakəti” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Bundan başqa Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndirirdilər. Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur.

Məsələ ondadır ki, Brüsseldə Ermənistanın “təhlükəsizliyinin gücləndirilməsi” adı altında keçiriləcək görüş hərbi paktın əldə edilmə riski daşıyır. Bu məqam və ümumilikdə risk faktoru Bakının maraqlarına ziddir.

Azərbaycan tərəfi dəfələrlə Avropa Birliyinin, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Rəsmi Bakı Ermənistan ilə sülh danışıqlarının davam etməsi etimad mühitinin yaranması, habelə prosesə təsir edə biləcək məqamlardan yayınılmasının tərəfdarıdır.

Hazırda iki ölkə arasında sülh istiqamətində mühüm addımlar atılır. 30 il ərzində olmayan və aparılmayan konstruktiv danışıqlar gedir. Bununla belə AB-nin regiona müdaxiləsi və danışıqlara zərər verəcək addımlar atması Bakını narahat edir.

Misal üçün, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca 40 nəfər mülki monitorinq ekspertindən ibarət qrupun yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunmuşdu. Lakin daha sonra həmin monitorinq Azərbaycanın razılığı olmadan AB-nin Ermənistandakı Missiyasına çevrildi.

Həmin missiya bu günə qədər ancaq anti-Azərbaycan təbliğatı aparıb. Bundan əlavə, Kanadanın AİEM-ə qoşulması ilə o, de-fakto NATO missiyası xüsusiyyətinə malikdir. Bu addımlar həmçinin AİEM-i çəkindirici qüvvə adlandıran və heç bir əsas olmadan Azərbaycanın mümkün müdaxiləsi barədə illüziya yaradan bəyanatlarla müşayiət olunur.

Bütün bunlar Bakını narahat etdiyi bir zamanda aprelin 5-də Brüsseldə AB-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsi sülh prosesinə zərbə vura bilər. Tərəflərin maksimum dərəcədə qarşılıqlı etimada zərər vuracaq vasitələrdən yayınması lazım olduğu halda belə addımların atılması doğru deyil. Rəsmi Bakı göz görə-görə yanı başında hərbi paktın əldə edilməsi ilə barışa bilməz.

Müəllif: Politoloq Turan Rzayev