Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəylinin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini oxuculara təqdim edirik
Gürcüstanda "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi ilə bağlı lokal etirazlar artıq qarşıdurma müstəvisinə keçib. Sizcə belə bir qanunu qəbul etmək bu qədər önəmlidir?
- Bu suala ən müxtəlif müstəvilərdən yanaşaraq, istənilən tərəfin mövqelərini əsaslandırmaq olar. Hər şey baxış bucağından, Gürcüstanın bir dövlət olaraq hədəf və prioritetlərindən, eyni zamanda Gürcüstan vətəndaşlarının öz dövlətlərini necə görmək istəklərindən asılıdır. Mövcud geosiyasi reallıqlar çərçivəsində, qənaətimə görə, ən optimal seçim olan dövlətçilik ənənələrinə münasibətdə mühafizəkar baxış bucağından dəyərləndiriləndə "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi qəbulu Gürcüstanın bir dövlət olaraq, xarici təsirlərdən qorunması kontekstindən zəruridir. Amma uzun illər boyu qanunvericilik sahəsindəki boşluqlardan faydalanan, nəinki Gürcüstan, o cümlədən ətraf ölkələr üçün “siyasi hədəfləri olan qrant plasdarmı”, yaxud “nüfuz müvəkkilləri şəbəkəsi əlaqələndiricisi” funksiyasını yerinə yetirən, fərdi və korporativ maraqlarını üstün tutan vətəndaş cəmiyyəti institutları və siyasi partiyalar üçün sözügedən qanun layihəsi məhdudlaşdırıcı addımdır. Hər halda regionda özünü Fransanın canişini kimi aparan Zurabaşvilinin israrlı mövqeyindən belə anlaşılır ki, qanun layihəsinin qəbul edilməməsi Gürcüstandan daha çox onun təmsil etdiyi geosiyasi qütb üçün zəruridir.
- Gürcüstandakı QHT-lərin bir hissəsi və müxalifət "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsini "Rus qanunu" adlandırır. Sizcə qanun layihəsi qəbul olunarsa bu Gürcüstanı Avropa İttifaqından uzaqlaşdıra bilər?
- Layihənin nə üçün “rus qanunu” adlandırıldığını deyə bilmərəm. Üslub və qıcıqlandırıcı təqdimatdan belə anlaşılır ki, qanun layihəsinin “rus qanunu” adlandırılması məqsədyönlüdür və daha çox yumşaq şantaj xarakteri daşıyır. Qeyd edim ki, oxşar qanun layihələrinə müxtəlif dövlətlərin təcrübəsinə rast gəlmək mümkündür. Ola bilsin ki, Gürcüstanda müzakirəyə çıxarılan qanun layihəsindən fərqli olaraq, bir sıra məhdudlaşdırıcı faktorlar müxtəlif sahəvi qanunların müddəaları içərisində məharətlə gizlədilib və gözə sıçramır. Məsələn, xanım Zurabaşvilinin sevimli vətənində - Fransada 1995-ci ildən hüquqi şəxslərin siyasi partiyalara ianələri qadağan edilib, fiziki şəxslərin ianələrinin həcmi isə məhdudlaşdırlıb. Polşada əvvəlki seçkilərin nəticələrindən asılı olaraq differensiallaşdırılmış dövlət maliyyə sistemi tətbiq olunur, xarici ianələr isə qadağandır. Nümunələrin sayını artırmaq olar. Nə üçün siyasi partiyalarla bağlı məsələni xüsusi olaraq önə çəkdim. Çünki xarici xüsusi xidmət orqanlarının “törəmə müəssisələri” kimi fəaliyyət göstərən bir sıra donor təşkilatlarının Gürcüstanın vətəndaş cəmiyyəti institutlarının əhəmiyyətli hissəsi üçün ayırdığı vəsaitlər, əksər hallarda təkcə Gürtcüstan daxilində deyil, həm də ətraf ölkələrdə siyasi məqsədlərə, bir çox hallarda nüfuz agentlərinin maliyyələşdirilməsinin təmin edilməsinə xidmət edir. Müqayisə aparmaq üçün bəzi analoji hallara diqqət yetirək:
ABŞ-da “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA) adlı qanun 1938-ci ildə, Almaniyanın İkinci Dünya Müharibəsi ərəfəsində apardığı təbliğata cavab olaraq qəbul edilib. Bir sıra dəyişikliklərdən sonra (1966, 1995 və 2007-ci illər) sənəd xarici siyasi maraqların lobbiçiliyi ilə mübarizə alətinə çevrilib.
Qanun xarici hökumətlərin, partiyaların, təşkilatların, şirkətlərin və ya şəxslərin maraqlarını təmsil edən və onların göstərişləri əsasında fəaliyyət göstərən qurum və fiziki şəxslərdən, o cümlədən ABŞ vətəndaşlarından ABŞ Ədliyyə Departamentində xarici agent kimi qeydiyyatdan keçməyi tələb edir.
2018-ci ildən Avstraliyada Xarici Təsir Şəffaflığı haqqında Çərçivə Aktı qüvvədədir. Buna əsasən, xarici agentlər dövlət reyestrində qeydiyyatdan keçməli və fəaliyyətləri haqqında hesabat təqdim etməlidirlər. Qanun ölkədə xarici təsirin xarakteri və miqyası haqqında məlumat əldə etmək üçün nəzərdə tutulub. O, parlamentdə, mediada lobbiçilik fəaliyyətini, maliyyə resurslarının təminatını əhatə edir. Qeydiyyat olmadan fəaliyyət göstərmək, şəffaflıq öhdəliklərinə əməl etməmək və ya yalan, çaşdırıcı məlumat vermək cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət hesab olunur.
2024-cü il martın 27-də Milli Assambleya (Fransa parlamentinin aşağı palatası) xarici müdaxilənin qarşısını almaq üçün qanun layihəsini təsdiqləyib. Senatda səsvermə may ayına təyin edilib. Təsdiqlənəcəyi təqdirdə qanunun 2024-cü ilin sonuna qədər qüvvəyə minməsi planlaşdırılır. Qanun layihəsinə görə, Fransa xarici agentlərin öz reyestrinə malik olmalıdır. Sənəd “lobbiçilik, kommunikasiya və ya ianə toplama fəaliyyəti” ilə məşğul olan əcnəbilərin qeydiyyatdan keçməsini tələb edir. Məlumatı (şəxsiyyəti, fəaliyyəti, əlaqələri haqqında) təqdim etməkdən imtina edən şəxsləri üç il həbs və 45 min avro məbləğində cərimə gözləyir. Göründüyü kimi, Fransa parlamentinin yuxarı palatasında bu ay ərzində belə bir qanunun qəbulu gözlənilir. Amma Fransanın Cənubi Qafqazdakı qeyri-rəsmi təmsilçisi Zurabaşvili və tərəfdarları Gürcüstanda "Xarici təsirin şəffaflığı" haqqında qanunun əleyhinə çıxış edirlər. Özünüz nəticə çıxarın...
- Gürcüstanda iki həftədir ki, sözügedən qanun layihəsinə qarşı mitinqlər, yürüş aksiyaları keçirilir və aksiyaçılar layihə geri götürülməyənə qədər etirazlarını davam etdirəcəklərini bildirirlər. Prosesin yekununu necə görürsünüz?
- Bununla bağlı heç bir proqnoz vermək niyyətində deyiləm. Bu aksiyalarda fərdi maraqlarla yanaşı kənar müdaxilələr də hiss olunur. Bəzi Qərb dövlətləri prosesdən faydalanaraq, aksiyaları Rusiya-Gürcüstan münasibətlərinin gərginləşdirilməsi üçün istifadə etmək istəyirlər. Hər şey hökumətin davranışlarından asılıdır. Zənnimcə, qanunun zəririliyini izah etmək üçün kifayət qədər ciddi əsaslar var.
Ümid edirəm ki, dost və qardaş gürcü xalqının böyük əksəriyyətinin baş verənlərin mahiyyətini dərindən başa düşmək imkanı var. Xaos və qarşıdurma, xüsusilə də indiki dövrdə Gürcüstanın milli maraqlarını ciddi şəkildə təhdid edə bilər. Hazırda region üçün həsas bir dönəmdir və belə bir dönəmdə sərt dönüşlər müsbət perspektiv vəd etmir. Gürcüstana sülh, rifah və əminamanlıq arzulayıram.
Əli