• 26 Sentyabr 2026
logo
Qarabağ Bəyannaməsi Azərbaycana nə verir?

Qarabağ Bəyannaməsi Azərbaycana nə verir?

Turan Rzayev: “Gələckdə bu bəyannamə strateji müttəfiqlik əlaqələrin yaranmasına gətirib çıxaracaq”

“Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada iki günlük qeyri rəsmi sammitində diqqətçəkən məqamları oldu. Sammit, qeyri-rəsmi təşkil olundu, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildi, Sammit, Şuşa şəhərində baş tutdu, Sammit, Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra Vaşinqtonda keçiriləcək NATO sammitindən isə (İyulun 9-11-də) dörd gün öncə keçirildi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə müsahibəsində politoloq Turan Rzayev deyib. O, həmçinin digər suallarımızı da cavablandırıb.
-Sammitin qeyri-rəsmi keçirilməsi ilk diqqətçəkən detal idi. Təcrübə göstərir ki, adətən belə situasiyalarda dövlətlər, ya da təşkilatlar aktual məsələləri müzakirə edir, mövcud vəziyyəti dəyərləndirir, mühüm qərarlar qəbul edirlər. Təşkilat üzvləri bu baxımdan birdən çox məsləni müzakirə etdi.
TDT-yə yeni üzvlərin qəbulu ehtimal ki müzakirə edilib. Söhbət daha dəqiq desək Macarıstan, Türkmənistan üzvlüyündən və Şimali Kiprin statusunun təyin edilməsindən gedir. Təşkilatdaxili siyasi, iqtisadi, hərbi əlaqələrin dərinləşdirilməsi üçün yeni sazişlərin imzalanması da müzakirə edilən mövzulardan oldu.
TDT sammitlərindən ümumi ən böyük gözlənti isə şübhəsiz, Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin təşkilat daxilində vahid xartiya halına gəlməsi idi. Hesab edirəm Qarabağ bəyannaməsin imzalanması elə bu məntiqlədir.
Görüşün Şuşada keçirilməsi də təsadüfi deyil. Bakı Şuşanın türk dünyasının siyasi paytaxtı halına gəlməsini istəyir. Başqa cür desək, Avropa İttifaqı üçün Brüssel nədirsə, Türk dünyası üçün Şuşa o ola bilər.
Sammit Azərbaycan Prezidenti İlham Əliyev təşəbbüsü ilə təşkil olunub. Əslində, bu detal kimi sammitin Şanxay Əməkdaşlıq Təşkilatının sammitindən bir gün sonra, Vaşinqtonda keçiriləcək NATO sammitindən isə dörd gün öncə keçirilməsi də diqqət çəkir. Bu onu deməyə əsas verir ki, müzakirə edilən məsələlər həm də geosiyasi olub.
Ümumiyyətlə, son günlər ard-arda Üçüncü Dünya müharibəsinin başlanmasına dair açıq mesajlar səsləndirilir. Türkiyənin xarici işlər naziri Hakan Fidanın da bu məsələyə reaksiya verməsi prosesin ciddiliyindən xəbər verir. Mümkündür ki, Şuşada həm də bu məsələ müzakirə edilib.
-Şuşada qəbul edilən Qarabağ Bəyannaməsi Azərbaycana nə verir?
- Qeyd etdiyim kimi Şuşa Bəyannaməsi imzalanarkən məqsəd təkçə Türkiyə-Azərbaycan münasibtələrini müttəfiqlik səviyyəsinə yüksəltmək deyil, həm də gələckdə NATO bənzəri TDT daxilinda vahid xartiyanın imzalanmasına hazırlıq görmək idi.
Bu istiqamtdə işlər davam edir. Hələlik TDT-ni NATO ilə müqayisə etmək olmaz. Amma Qarabağ Bəyannaməsi bu baxımdan olduqca mühümdür. Yəni gələckdə bu bəyannamə strateji, hərbi, siyasi, iqtisadi müttəfiqlik əlaqələrin yaranmasına gətirib çıxaracaq.
Bəyannamənin Azərbaycan üçün müsbət tərəfi isə heç şübhəsiz ölkəmizdə imzalanması ölkəmizi bu baxımdan tarixə salacaq olmasıdır. Yəni dediyim kimi, Aİ üçün Brüssel nədirsə, Türk dünyası üçün Şuşa o ola bilər.
-Bu addımlar fonunda sülh danışılqları ilə bağlı proseslər nə vəd edir?
- Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla Azərbaycan arasında sülh prosesindən danışıb.
Prezident deyib: “Zənnimcə, sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik”.
Ölkə başçısı bu fikri öncə də səsləndirmişdi. Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı ölkə başçısı demişdi ki, “COP29-dan əvvəl Azərbaycan ilə Ermənistan arasında sazişə nail olmaq, ən azı baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür”.
Ölkə başçısının fikirlərinə əsaslanaraq demək olar ki, Bakı ilə İrəvan arasında bir çox prinsipial məsələ həllini tapıb. Danışıqların hazırkı mərhələsində razılaşdırılan məsələlər ətrafında çərçivə sazişi imzalamaq olar. Lakin rəsmi Bakının çərçivə sazişini imzalamaq üçün də bir şərti var. Prezident İlham Əliyev qeyd etdiyi kimi, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Ermənistan konstitusiyasının dəyişdirilməsi indiki məqamda Bakı üçün ən vacib şərtdir. Çünki orada konkret Azərbaycan və region ölkələrinə qarşı açıq ərazi iddiaları var. Bundan başqa Ermənistanın gələcəkdə hüquqi əsaslar gətirərək sülh sazişindən yayınmasını təmin edəcək maddələr də var. Bütün bunlara görə, rəsmi Bakı israrla Ermənistan konstitusiyasının dəyişdirilməsini tələb edir. Mümkündür ki, bu məsələ bir neçə gün öncə Azərbaycanın Ermənistana göndərdiyi sülh müqaviləsi üzrə növbəti təkliflər paketində də öz əksini tapıb.
Prezident sülh mətninin bir neçə aya yekunlaşacağını bildirsə də 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsinin çətin olduğunu deyib. Bu məqam xüsusilə diqqət çəkir. Hesab edirəm, burada razılaşdırıla bilməyən məsələlərinin 1-2 ilə həll edilməsi çətin görülən başlıca məsələ məhz sərhədlərin delimitasiya və demarkasiyasıdır. Prezident əvvəllər bu məsələ ilə bağlı demişdi ki, bu proses uzun müddət də çəkə bilər.
Rəsmi Bakının verdiyi mesaj əslində çox açıq və dəqiqdir: “Gəlin, ilkin sülh müqaviləsi imzalayaq, siyasi, iqtisadi münasibətləri bərpa edək, delimitasiya və demarkasiya prosesini önümüzdəki illər ərzində də həll edə bilərik”.
Azərbaycan Ermənistanla sülh danışıqlarının birinci ili tamam olmadan ən azından ilkin sülh müqaviləsini imzalamaq istəyir.
-Hazırki beynəlxalq vəziyyəti necə dəyərləndirmək olar və Azərbaycanın yürütdüyü siyasət nə qədər adekvatdır?
- Azərbaycan Prezidenti İlham Əliyev Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Szinpin ilə bir araya gəldi. Görüş kifayət qədər diqqətçəkən məqamlar ilə yadda qaldı.
Bu gün də Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Münasibətlərin inkişafında xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri önəmli rol oynayır. Misal üçün, Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bundan başqa iki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir.
2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Bir Kəmər bir yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.
Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşün ən diqqətçəkən tərəfi isə şübhəsiz “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması oldu. Bu bəyannamə ilə iki ölkə münasibətləri strateji səviyyəyə yüksəlib.
Bəyannamənin bir sıra detalları diqqət çəkir:
Birincisi, bəyannaməyə görə, Azərbaycan daim “Vahid Çin” prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Əslində rəsmi Bakının bu mövqeyi təkcə Çinə xas deyil. Prinsip etibarilə Bakı bütün ölkələrin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan separatçılığı dəstəkləmədiyi kimi bu kimi fəaliyyətlərin də hər zaman əleyhinədir. Bakının bu mövqeyi həm də Pekinin keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı verdiyi dəstəklə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri də pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.
İkincisi, bəyanata görə, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür.
Azərbaycan Çinin irəli sürdüyü “Bir Kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Hətta bu layihəni mərhum prezident Heydər Əliyev prezidentliyi dövründə düzgün qiymətləndirmiş və maraq göstərmişdir. H.Əliyevin strateji və perspektivli gördüyü bu layihə İlham Əliyev tərəfindən davam etdirildi.
Belə ki, Çinlə nəqliyyat-loqistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq quran Azərbaycan bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir Kəmər bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü” ilə 10 noyabr bəyantına salınan maneəsiz hərəkət prinsipi (Zəngəzur dəhlizi) məhz “Bir Kəmər, bir Yol” təşəbbüsünə hesablanıb.
Belə ki, Azərbaycan “Bir Kəmər bir yol” təşəbbüsünün üç əsas xəttinin kəsişdiyi nöqtədədir. Şimal-cənub və şərq-qərb Beynəlxalq Nəqliyyat Dəhlizi məhz ölkəmizdə kəsişir. Bu kəsişmənin kilid nöqtəsi isə Zəngəzurdur. Bakının Zəngəzur dəhlizində israrlı olmasının təməl məntiqi məhz budur.
Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində Orta Dəhliz üzərindən yükdaşımaların həcmi 88% artaraq 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75% artıb. Zəngəzur dəhlizinin açılmasından sonra bu tranzit həcminin ildə 5-8 milyon ton artması gözlənilir.
Pekin və Bakının “Bir kəmər, bir yol” çərçivəsində əməkdaşlığı dərinləşdirməsi Zəngəzurdan maneəsiz keçid məsələsinin reallaşması baxımından həlledici ola bilər. Yəni Çin də bu məsələdə Bakıya dəstək verəcək və lazım gəldikdə Ermənistana təzyiq edəcək.
Üçüncüsü, bəyanatda qeyd olunur ki, “Bundan başqa Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak edir”.
Aydın məsələdir ki, Transxəzər layihəsinin bu günə qədər icra edilməməsinin əsas səbəbi məhz Kremldir. Kreml yaxşı anlayır ki, Transxəzər layihəsi reallaşsa Qazax, Türkmən, Özbək qazı Transxəzər boru xətti ilə Azərbaycana, buradan isə TAP və TANAP layihəsi ilə Avropaya çatdırılacaq. Bu isə faktiki olaraq Avropanın Kremldən olan qaz asılılığını yarıbayarı endirəcək. Lakin bu məsələnin Pekin ilə Bakı arasında razılaşdırılması onu deməyə əsas verir ki, Çin Rusiyanı bu məsələdə ya kənarda saxlayıb ya da maraqlarının qorunacağına qarant verib.
Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ərsəyə gələrsə bu Azərbaycanın Avropaya nəql edəcəyi qazın həcminin, həmçinin daşıyıcı ölkə kimi rolunun artması deməkdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi həmçinin gələcəkdə Xəzərin dibi ilə avtomobil və qatarların hərəkətini də mümkün edə bilər. Müqayisə üçün deyim ki, Türkiyə bunun bir bənzərini Avrasiya tuneli ilə reallaşdırıb. Bakı da Çin ilə birlikdə bunu icra edə bilər.

Əli