Olimpiada açılışını siyasi ritorikaya meydan etmək rəzilliklərin ən rəzilidir
2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində də biz növbəti dəfə Fransanın erməni üzünü gördük. Belə ki, açılış mərasimini canlı yayımlayan Fransanın "France 2" telekanalı bizim Qarabağı gündəmə gətirərək Olimpiya Oyunlarını siyasiləşdirməyə cəhd etdi.
Olimpiadanın açılışında Ermənistan nümayəndə heyəti paraddan keçərkən "France 2" TV-nin aparıcısı Olimpiya prinsiplərini pozaraq açıq şəkildə Ermənistana və ermənilərə heyranlığını nümayiş etdirdi, "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların ürəyinə yaxın bir ölkə" sözlərini dilə gətirərək erməniləri fransızların yaxın dostları adlandırdı, həmçinin Qarabağdakı qondarma, separatçı rejimin süquta uğraması ilə bağlı sərsəm fikirlər səsləndirərək ermənilərlə həmrəylik nümayiş etdirdi.
Lakin həmin aparıcının təxribatları bununla da bitmədi. Azərbaycan komandasının keçidi zamanı aparıcı ölkəmizi "Ermənistanla ərazi məsələsində münaqişədə olan Qafqaz respublikası" kimi təqdim edərək Olimpiadanın açılışını izləyən milyonlarla insanda ölkəmiz barədə öncədən mənfi rəy formalaşdırmağa cəhd etdi.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov “Xalq Cəbhəsi”nə deyib ki,
təbii ki, o aparıcı öz sözlərini demirdi. Canlı yayımda səsləndirilən ermənipərəst fikirlər sadəcə həmin aparıcının şəxsi rəyi deyildi. Fransız aparıcının səsləndirdiyi təxribatçı fikirlər əslində ermənipərəst Fransa hökumətinin mövqeyi idi, birbaşa Makronun özünün mövqeyi idi. Aparıcının ermənipərəstliyi ilə Emmanuel Makronun erməni heyranlığının arasında heç bir fərqi yox idi. Bu gün Fransa dövlətinin və prezidentinin anti-Azərbaycan mövqeyi fransız mediasında təzahür edir: “Fransa telekanalının aparıcısı siyasəti Olimpiya prinsiplərindən önə keçirərək açıq-aşkar qərəzlilik nümayiş etdirdi və dünya miqyaslı idman tədbirini ermənilərin xeyrinə siyasiləşdirməyə cəhd göstərdi. Biz bu təxribatı qəti şəkildə pisləyirik və Beynəlxalq Olimpiya Komitəsini (BOK) "France 2" telekanalının yol verdiyi təxribata adekvat reaksiya verməyə çağırırıq. Fransanın Olimpiada kimi qlobal idman tədbirini özünün geosiyasi maraqlarının alətinə çevirməsinə göz yumulmamalıdır”.
Politoloq Zeynal Əmrəliyevin fikrincə, Fransada keçirilən olimpiadada Paris bir daha Azərbaycana qarşı çirkin niyyətinə göstərdi. Şərhçinin düşmənçilik səpən qərəzli sözləri hadisənin mahiyyətini üzə qoyur.
“Şübhəsiz ki, bu təxribat Fransa rəhbərliyinin iradəsi əsasında baş verib. Kütləvi şəkildə Ermənistanı silahlandıran Fransa rəhbərliyi bu cür təxribatlara çirkin niyyətini ortaya qoymuş oldu. Daxili siyasi vəziyyəti bərbad vəziyyətdə olan, həm siyasi, həm iqtisadi böhran içində çabalayan Fransa öz problemləri ilə məşğul olmaq əvəzinə Cənubi Qafqazda gərginliyin artması üçün əlindən gələni edir. Fransanın Olimpiada təşkilatçılığı isə göründüyü kimi faktiki şəkildə biabrçılıq, fiasko idi. Paris tədbirdə cinsi azlıqların təbliğatı aparırdı. Olimpiyada oyunları hər zaman dünyada sülhün simvolu sayılsa da Fransa bu tədbiri cinsi azlıqların simvoluna çevirməyə çalışdı. Makron hökuməti yeritdiyi siyasətlə öz - özünü dünyada biabr edir. Buna görə də Fransa xalqı ona həm Avropa parlamentinə, həm də Fransa parlamentinə seçkilərdə layiqli cavabı verdi. Düşünürəm ki, Ermənistan yaxında ən böyük müttəfiqindən məhrum olacaq. Ehtimal ki, Makron prezidentlik müddətinə tamamlaya bilməyəcək. Çünki Fransa partiyaların hökumət qura bilməməsi səbəbindən çox ağır siyasi böhran içərisindədir".
Politoloq Azər Qasımovun fikrincə isə Fransa mənəvi cəhətdən necə kiçik dövlət olduğunu bir daha sübut etdi. Olimpiada açılışını siyasi ritorikaya meydan etmək rəzilliklərin ən rəzilidir.
O, bildirib ki, Fransanın olimpiadaya ev sahibliyi etməsi ona beynəlxalq hüquqa zidd hərəkət etmək hüququ vermir. Fransa dünyada beynəlxalq hüquqa ən çox tüpürən ölkədi: "İmperialist siyasət yürüdən, onlarla imperiya torpaqları olan və müstəmləkəçilik xəstəliyinə tutulan bir dövlətdən işğalçı Ermənistanı dəstəkləməkdən başqa heç nə gözləmək olmaz. Dünyanın qəbul etmədiyi "Arsax" adlı hansısa bir terrorçu qrupun yaratdığı bir qurumun adını olimpiadanın açılışında səsləndirmək terrorizmə,
separatizmə haqq qazandırmaqdır. Bu, Azərbaycana qarşı açıq hörmətsizlikdir. Amma bunun yaxşı tərəfi odur ki, Fransa Azərbaycanın əlindən nə dərəcədə yanıqlıdır ki, hər fürsəti istifadə etmək istəyir. Görünən odur ki, Azərbaycanın Fransanın dənizaşırı
müstəmləkə torpaqlarında yandırdığı azadlıq tələbinin alovu fransız aparıcını elə yandırır ki, bu yolla özünü soyutmağa çalışır. Amma Azərbaycan bu sərsəmləmənin cavabını müstəmləkəçi vəhşi və barbar, eyni zamanda, insanlığın üz qaraları üzdəniraqların vətəni olan fransızlara mədəni şəkildə verəcək.
Əsl dünyəvi dövlət olmaq necə olur onlara başa salacaq. Dağılan imperiyasının altında qalanda Allahın lüt xalqının başına gətirdiyi yadlarına düşər".
VI çağırış Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib ki, Fransa hər zaman ermənipərəst mövqedə olub. Əvvəllər bunu gizlədirdisə, son dörd ildə Azərbaycanın zəfər qazanmasından sonra bu mövqeyini açıq müstəviyə keçirib. Fransa Ermənistanın tərəfini tutmaqla Azərbaycana qarşı qarayaxma kampaniyasını aparmaqda davam edir.
K.Bayramov qeyd edib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi Fransanın "France 2" telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə şikayət edib. Bəyanatda deyilir: “Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə “Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı” (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, “BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır”.
Eyni zamanda, Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys də “France 2” telekanalına sanksiya tətbiq edilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən, Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir: “Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”. Amerikalı politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.
Bakı Təşəbbüs Qrupu da Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb. Bəyanatda deyilir ki, Fransa Respublikasının Prezidenti Emmanuel Makron və onun Hökuməti hazırda Fransada keçirilən “Paris-2024” Olimpiya Oyunlarını "sülh və ümid anı" kimi təqdim etsə də, Fransanın kolonial və neokolonial siyasəti bunun əksini deyir. Hazırda, Paris Olimpiadasının açılış mərasimində millətləri və dövlətləri bir-birinə tanıdan, yaxınlaşdıran nüanslardan əsər-əlamət olmayıb. Bütün bunlarla da Makron Fransası XXXIII Yay Olimpiya Oyunlarını məkrli siyasətinə alət edib.
K.Bayramov vurğulayıb ki, Makron və onun hökuməti “Paris-2024”ün açılışı mərasimini "sülh və ümid anı" kimi təqdim etmək istəsə də, Fransanın ləkəli tarixini və kolonial siyasətini bir daha nümayiş etdirdi. Bu dəfə də Sena çayı üzərində keçidlə təşkil olunan açılış mərasimi ölkələrin adlarını qəsdən düzgün ifadə etməməklə, Ermənistanı özünə dost adlandırmaqla, Azərbaycanı sanki bir işğalçı kimi tədim etməklə, ümumiyyətlə dünya xristianlığını təhqir edilən və alçaldılan səhnələri nümayiş etdirməklə yadda qaldı. Bu da dünya xristianları tərəfindən mədəniyyətszlik və dini dəyərlərin ələ salınması kimi dəyərləndirildi.
K.Bayramov əlavə edib ki, Paris Olimpiadasının açılış mərasimi dünyanın tanınmışları tərəfindən də tənqidlərə səbəb olub. İtaliyanın Baş nazirinin müavini və infrastruktur naziri Matteo Salvini “X” sosial şəbəkəsində yazıb:"Dəhşətli başlanğıc, əziz fransızlar. Yazıq". “İtaliya qardaşları” partiyasının üzvlərindən Alfredo Antoniozzi deyib ki, Makronun Fransası Olimpiadanın açılışında ən pisini göstərə bildi: əvvəlcə “Sonuncu şam yeməyi” dreq-kvin kimi təqdim edilməklə dünyadakı milyardlarla xristianı ələ salındı, sonra isə dövlət başçıları yağışda islandılar”.
Göründüyü kimi, Fransa bir çox lazımsız addımlarla yaddaşda qaldı. Bununla da XXXIII Yay Olimpiya Oyunlarında Fransa özünü biabır edərək ikiqat rüsvay oldu. Bir daha nə siyasi, nə də diplomatik baxımından uzaqgörən siyasət həyata keçirmədiyini nümayiş etdirdi.
Amerikalı politoloq və beynəlxalq münasibətlər sahəsində ekspert Piter Teys deyib ki, Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Azərbaycan komandasının ünvanına təxribat xarakterli ifadələr işlətdiyi üçün Fransanın müvafiq orqanları tərəfindən “France 2” telekanalına sanksiya tətbiq edilməlidir.
Ekspert qeyd edib ki, telekanalın aparıcılarının Azərbaycan millisi ilə bağlı neqativ ifadələri reallığa uyğun gəlmir və Bakı ilə Paris arasında ikitərəfli münasibətlərin korlanmasına səbəb olacaq.
“Parisdə təxribat xarakterli bəyanatlar müasir Avropa sivilizasiyasında yolverilməz olan dəhşətli presedentdir. Azərbaycan bütün Avropa ölkələri ilə tərəfdaşlıq edir və Parisdəki olimpiadada Bakıya qarşı bu cür qızışdırıcı bəyanatlar bizi Avropanın orta əsrlər tarixinin ən qaranlıq günlərinə qaytarır”, - P.Teys bildirib.
Politoloq vurğulayıb ki, bu cür bəyanatlarla Fransa onsuz da sarsılmış imicini itirir.
Daha əvvəl Azərbaycanın Yay Olimpiya Oyunlarının açılışı zamanı Fransa telekanalının bu cür bəyanatlarına görə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət göndərə biləcəyi bildirilmişdi.
Cavid