• 26 Sentyabr 2026
logo
“Azərbaycan heç vaxt etdiyi yaxşılığı xatırlatmağı xoşlamır”

“Azərbaycan heç vaxt etdiyi yaxşılığı xatırlatmağı xoşlamır”

Azər Qasımov: “Azərbaycan əleyhinə kampaniya aparanlar etdiklərindən peşman olacaqlar”

Ukrayna xalqı müharibənin içində əzildikcə haqlı, ya haqsız səbəbdən emosional olaraq gərginlik keçirir, çöküş yaşayır. Müharibənin sanki əsirinə çevrilir, irticası Rusiyanın adının digər ölkələrlə birlikdə hallanmasını qəbul etmir, qıcıqlanır, bunu hiddətlə qarşılayır. Məsələ ondadır ki, Ukrayna həm dövlət, həm də xalq olaraq hər kəsi Rusiyaya qarşı onun yanında olmağa, ona dəstək olmağa borclu hesab edir. Bunu tələb edir. Hətta birbaşa Ukraynaya hər şəkildə dəstək olan Qərbi və Avropa ölkələrini belə sərt üslubda ona dəstək olmağa çağırmaqdan belə çəkinmir. Ukraynanın Rusiya qarşısında onların da yerinə döyüşdüyünü ifadə edir. Təbii ki, müəyyən mənada Ukraynanın fikirləri doğrudur və onunla razılaşmamaq olmaz, amma siyasətin mövcud durumda mümkün olanı həyata keçirmək kimi bir üsulu var və "öz başından yuxarı tullana bilməzsən" deyə də bir misal var.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Azər Qasımov deyib.
Onun fikrincə, Ukraynaya az qala bütün dünya dövlətləri maddi, hərbi, mənəvi dəstək olurlar, amma güc Ukrayna dövlətinə və xalqına düşür. Ukraynanın isə potensialı bəllidir. Məsələ də budur. Ukrayna Rusiya ilə müharibə edir, insan və xammal potensialını tükədir, kənardan da dəstək olunur, amma Rusiya da böyük və potensialı güclü olan dövlətdir. İki il yarım müddət ərzində Ukrayna Rusiyadan çox şey ala, ziyan vura bilib, amma potensial fərqi öz işini görür. Bura Ukraynaya edilən külli miqdarda dəstək və yardımı da əlavə etsək, görmək olur ki, Rusiya nə qədər böyük potensiala malik ölkədir. Təbii ki, Rusiyanın da imkanları sonsuz deyil. Onun da zəif nöqtələri, yerləri vardır, hətta çoxdur. Amma Rusiyanın ideoloji olaraq birliyi onun ayaqda durmasına səbəb olur. Bu da bir yerə qədərdir, amma hələlik Rusiya böyük maddi, hərbi, insan itkiləri hesabına da olsa kiçik qələbələr qazanır və bu da onun ayaqda dayanmasını təmin edir: “Son günlər Rusiya Prezidenti Vladimir Putinin Bakıya 2018-ci ildən sonra ilk dəfə iki günlük rəsmi dövlət səfərinə gəlməsi və onun Bakıda isti qarşılanması, dövlətlər arasında bir sıra əməkdaşlıq müqavilələrinin bağlanması, xüsusi ilə, Azərbaycanın SOCAR şirkəti ilə Rusiyanın Qazprom şirkəti arasında əməkdaşlıq müqaviləsinin imzalanması Ukraynada etirazla qarşılanıb. Ukraynada SOCAR-a qarşı kampaniya başlanılıb və SOCAR-ın boykot edilməsi çağırışları edilir. Qeyd edək ki, SOCAR uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir və onun müharibə başlayandan sonrakı fəaliyyəti bir şirkətin adi fəaliyyəti çərçivəsindən çıxaraq daha geniş fəaliyyət növünə çevrilib. Bu fəaliyyət bütün Ukrayna xalqının və dünyanın gözü önündə olduğu üçün ondan hər kəsin xəbəri olub, eləcə də Rusiyanın. Rusiyanı isə xüsusi vurğulayıram, çünki bu fəaliyyət bilavasitə onun mənafeyinə zidd olub. Amma nə Rusiya buna etirazını bildirib, nə də Azərbaycan bundan çəkinib. Bu da Rusiyanın bir halda Azərbaycana ehtiyacının olduğu üçün narazılığı olsa belə, dilə gətirməməsi ilə əlaqəli olubsa, digər halda böyük və siyasi səviyyəyə malik olduğu üçün Rusiyanın Azərbaycanın da öz siyasi xəttinin olduğunu anlaması, bunu anlayışla qarşılaması olub. Ukraynanın etiraz etməsinin kökündə isə həqiqətən Rusiya ilə müharibədən qaçmaq üçün siyasi və tarixi ənənələrinin, təcrübəsinin olmadığının, eləcə də dövlət rəhbərlərinin bu kimi xüsusiyyətlərinin yoxluğu səbəbindən baş verdiyini qeyd edənlərin fikirlərinin əsaslı olması gerçəyinin doğruluğu ilə bərabər Azərbaycana qarşı etirazlarının kökündə də siyasi səbatsızlıq və təcrübəsizlik dayanır”.
Politoloq qeyd edib ki, Azərbaycan dünyada müstəqil siyasət yürüdən bir ölkə imici qazanıb. Azərbaycanın dünyada qarşı-qarşıya duran qütblərlə eyni səviyyədə əməkdaşlığı xarici müşahidəçilərdə belə təəccüb və maraq doğurur. Azərbaycan dövlət kimi qlobal Qərblə enerji daşıyıcıları sahəsində, hərbi sahədə əməkdaşlıq edərkən, eyni zamanda qlobal Cənub, Şərq adlandırılan qütblə eyni müvəffəqiyyətlə nəqliyyat dəhlizləri, ticarət sahəsində əməkdaşlığını artırır, strateji tərəfdaşlıq müqavilələri imzalayır.
Rusiya və Ukrayna arasında gedən müharibəyə baxmayaraq Azərbaycan Ukraynanın haqlı mövqeyini dəstəklədiyini açıq ifadə etməklə, yardımlar etməklə yanaşı Rusiya dövləti ilə strateji tərəfdaşlıq münasibətlərini davam etdirir. Bu, çox vektorlu praqmatik siyasətin bariz nümunəsidir: “Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticəsi kimi SOCAR-ın Qazpromla razılaşması sonrası Ukrayna tərəfində SOCAR-a qarşı kampaniyanın başlaması təbii ki, Azərbaycan və Ukrayna arasında münasibətləri pozmaq istəyən qüvvələrin əməlləridir.
Hər kəsə bəllidir ki, Azərbaycan və SOCAR-ın Ukrayna üçün etdikləri əslində, Rusiyanı qıcıqlandırmaq, Azərbaycana qarşı mövqe alması gözə alınaraq edilib. Azərbaycan Ukraynaya 100 milyon dollardan çox yardım edib. Müharibədən əziyyət çəkən ukraynalı uşaqların reabilitasiyası üçün əlindən gələni edib, indi də edir. SOCAR-ın Ukrayna üçün etdikləri isə ölçüyə gəlmir. Pulsuz olaraq yanacaq paylanmasından tutmuş deyilməsinə ehtiyac duyulmayan bir çox hallara kimi, bununla belə, Azərbaycanın heç kəsə borcu, öhdəliyinin olmadığı halda.
Azərbaycan 30 il torpaqlarının işğal altında olduğu zaman heç kəsdən, o cümlədən Ukraynadan hansısa əməli dəstək görməyib.
Azərbaycan torpaqlarının işğalında və Xocalı soyqırımında birbaşa şəxsən iştirak etmiş Serj Sarkisyanın Ukraynaya səfəri, Ukrayna prezidenti ilə görüşləri zamanı (2011) Azərbaycan buna isterik reaksiya verməyib, çünki Ukraynanın Azərbaycana görə öz xarici siyasətini qurmaq kimi öhdəliyi yox idi, necə ki bu gün Azərbaycanın öhdəliyi yoxdur.
Ukrayna mediasında Azərbaycanın SOCAR şirkətinə qarşı Qazpromla əməkdaşlıq etdiyinə görə çirkin kampaniyanın aparılmasını hesab edirəm ki, ukraynalıların bir hissəsində müharibə ilə əlaqəli psixikasının pozulması səbəbi hesab etmək lazımdır. Azərbaycan bunu anlayışla qarşılayır, Ukraynanı təmkinli və soyuqbaşlı düşüncəyə dəvət edir. Bütün dünyanın Ukraynanın çətin günlər keçirdiyini anladığı bir zamanda Azərbaycan da SOCAR-a qarşı kampaniyanın nəhayətdə Ukraynada kənardan necə çirkin və nankor göründüyünü anlayacaqlar. Ümumiyyətlə, SOCAR-ın Qazpromla razılaşmasına görə Azərbaycan şirkətinə qarşı kampaniyaya başlamaq absurddur. Çünki Ukrayna Rusiya ilə müharibə vəziyyətində ola-ola öz ərazisindən Rusiya qazının tranzitini dayandırmayıb və buna görə pul alır. Belə təcrübəyə heç bir müharibədə rast gəlinməyib. Bu gün Kursk ərazisindəki Sudja qazölçmə stansiyası ukraynalıların nəzarətinə keçəndən sonra da qaz nəqli davam edir. Ukraynada SOCAR-ı boykot etmək istəyirlərsə, SOCAR günü bu gün bütün aktivləri sayıb Ukraynanı tərk edə bilər, oradakı bazar SOCAR üçün elə də önəmli deyil”.
A.Qasımovun sözlərinə görə, SOCAR-ın Ukraynaya dəstəyi, İrpen şəhərinin bərpasında Azərbaycanın iştirakı, enerji avadanlığı və s. Azərbaycan Ukraynadan belə “sağol” eşidəcəyini düşünməzdi.
Azərbaycan heç vaxt etdiyi yaxşılığı xatırlatmağı xoşlamır. Amma elementar “sağol” əvəzinə bu cür absurd ittiham və iddiaları da haqq etməyib. Ukrayna
hakimiyyəti Azərbaycana qarşı bu iyrənc kampaniyanı sakit izləyir, halbuki bu ğun hərbi şəraitdə Ukrayna mediası tam nəzarət altında və senzuradadır. Bu o deməkdirmi ki, bu başlanan kampaniyanı elə hakimiyyət özü təşkil edib?
Azərbaycan 30 il işğaldan əziyyət çəkən, hələ də ərazi bütövlüyünü bərpa etsə də milyona yaxın məcburi köçkününü öz doğma yurdlarına qayıtmasını təmin etmək üçün gecə-gündüz çalışan, tikən, quran ölkə kimi Ukrayna xalqını başa düşür: “Hesab edirəm ki, Azərbaycan Ukraynadan gələn bəzi provakativ çağırışları ciddi qəbul etmir. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti "Müstəqillik Günü" ilə əlaqəli bir neçə gün öncə Ukrayna xalqını və Prezident Zelenskini təbrik etdi. Azərbaycan yenə də öz böyüklüyünü göstərdi.
Ukraynanın tanınmış adamları əslində Azərbaycanın da dövlət maraqlarının olduğunu yaxşı başa düşdüklərini qeyd edirlər. Onlar qeyd edirlər ki: "ilk növbədə Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır, rəsmi olaraq Ukraynanı dəstəkləyir, eyni zamanda da qeyri rəsmi olaraq, həm də çox güclü. SOCAR-ın Ukraynanın ən böyük vergi ödəyicisi olduğunu bildirirlər. Bununla yanaşı SOCAR-ın Ukraynaya deyilməsi mümkün olmayan, amma gələcəkdə mütləq deyiləcək dəstəyi vardır. Əgər SOCAR Qazpromla müqavilə imzahayırsa, deməli, bu, Azərbaycana lazımdır və biz, Azərbaycanın milli maraqlarına qarışa bilmərik. Biz, ancaq Azərbaycana SOCAR-ın göstərdiyi köməyə görə çox sağ ol deyə bilərik. SOCAR-ı boykot etmək istəyənlərə isə SOCAR-dan kənar durun deyirlər. İndiki müharibə dövründə biz deyə bilmərik ki, SOCAR bizə necə kömək edir, həm də çox böyük kömək edir. Bunu Ukrayna hakimiyyəti də bilir, Azərbaycan hakimiyyəti də." (Dmitri Qordon).
Göründüyü kimi Ukraynanın tanınmış insanları şəraiti doğru dəyərləndirir, məsələnin mahiyyətini anlayır, duruma doğru qiymət verirlər. Hesab edirəm ki, vaxt olacaq Azərbaycan əleyhinə kampaniya aparanlar etdiklərindən peşman olacaqlar.
Bir məsələ isə Azərbaycanın Rusiya ilə əməkdaşlığına Qərbin verdiyi qiymətdir. Məsələnin mahiyyətini hesab edirəm ki, Qərbdə də yaxşı bilirlər. Azərbaycanın Ukrayna üçün etdikləri Qərbə də bəllidir. Azərbaycanı Rusiya yönlü siyasətdə günahlandıranlar məsələnin dərinliyindən anlayışı olmayanlardır. Azərbaycanın Qlobal Şərqlə əlaqələri, BRİKS-ə daxil olmaq üçün müraciət etməsi Qərb üçün problem deyil. Azərbaycan Qərblə inteqrasiyasını çoxdan başa vurub. Qərbdən alacağını alıb, yenə də əməkdaşlığını davam etdirir. Bunu enerji daşıyıcıları, indi də yaşıl enerji ixracı sahəsində davam etdirir. Qərb də Azərbaycanın hansı qütblə əməkdaşlıq etməsinə baxmayaraq Qərblə olan əməkdaşlığının möhkəmliyinə inanır. Amma Azərbaycanın həm iqtisadi, həm də geosiyasi olaraq digər qütblərlə də əməkdaşlıq hüququnun olduğuna inanır, bunu qəbul edir, xüsusən də, ilk növbədə Rusiya, sonra isə Çin ilə. Hesab edirəm ki, bu siyasi və iqtisadi fəaliyyət dəqiq hesablanmış riyazi dəqiqlik tələb edən hesablama üzrə aparılır ki, bu da hər dövlətə xas olan siyasət deyil”.

Cavid