• 26 Dekabr 2024
logo
Kaliforniyalı nazir: Azərbaycanın "yaşıl" enerji potensialı böyükdür, biz tərəfdaşlar axtarırıq

Kaliforniyalı nazir: Azərbaycanın "yaşıl" enerji potensialı böyükdür, biz tərəfdaşlar axtarırıq

Kaliforniyalı nazir: Azərbaycanın "yaşıl" enerji potensialı böyükdür, biz tərəfdaşlar axtarırıq
14 noyabr 2024 09:17 (UTC +04:00)

Bakıda keçirilən COP29 tədbirində iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli ilə bağlı mühüm irəliləyişə nail olunacaq.

Bunu APA-ya açıqlamasında ABŞ-ın Kaliforniya ştatının təbii ehtiyatlar naziri Uayd Krofut deyib.

O, COP29-da müzakirə olunan məsələlərdən son dərəcə təsirləndiyini ifadə edib:

"Çünki ölkələrin iqlim dəyişikliyi məsələsi ətrafında müzakirə aparmaq üçün bir araya gəlməsi çox mühüm hadisədir. Biz iqlim dəyişikliyi problemini elə həll etməliyik ki, bu, həm dünyada yeni iş yerlərinin yaradılması, həm də iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların cəlbinə gətirib çıxarsın və insanların həyat səviyyəsini yaxşılaşdırsın".

Müsahibimiz qeyd edib ki, COP29 iştirakçı ölkələrə dünyanın müxtəlif regionları ilə yaxından tanış olmaq imkanı yaradır:

"Biz də burada olduğumuz günlərdə həm Bakı, həm Azərbaycan, həm də Xəzər regionu haqqında daha ətraflı məlumat ala biləcəyik".

U.Kroufut Azərbaycan energetika sahəsindəki potensialından da danışıb:

"Azərbaycan xeyli həcmdə neft və qaz hasil edərək, onların müxtəlif ölkələrə ixracını həyata keçirən bir dövlətdir. Bu sektor iqtisadiyyatın son dərəcə vacib sahəsidir. Eyni zamanda biz Azərbaycan hökumətindən eşitdik ki, Azərbaycan iqtisadiyyatın diversifikasiyası, daha doğrusu neft və qazdan asılı olmayan iqtisadi sistemin yaradılması istiqamətində işlər aparılır. Hesab edirik ki, bu çox gözəl bir haldır. Biz Kaliforniyada sözügedən prosesi kifayət qədər uğurla həyata keçiririk. Ştatımızda xeyli həcmdə neft hasil olunsa da, hesab edirik ki, iqtisadiyyat bərpa olunmayan enerji daşıyıcılarından azad olmalıdır. Bu səbəbdən biz günəş və külək kimi müxtəlif enerji mənbələrindən istifadə etməklə iqtisadiyyatın diversifikasiyası üzərində çalışırıq".

"Hesab edirəm ki, bu sahəyə xeyli sayda texnologiya cəlb etməklə bir şəhəri alternativ enerji mənbələri hesabına işıqlandırmaq olar. Ümumilikdə isə bu sahəyə xeyli sayda investisiya və texnologiya, habelə süni intellekti cəlb etməklə, bərpa olunan enerji və enerji səmərəliliyinin artırılmasına nail olmaq mümkündür", - deyə xarici qonaq əlavə edib.

O, vurğulayıb ki, Azərbaycanın və Xəzər dənizi regionunun böyük neft və qaz, eləcə də Günəş və külək enerjisi, habelə geotermal enerji potensialı var:

"Azərbaycanın malik olduğu potensial onu Xəzər dənizi regionunda ənənəvi enerji mənbələri olan neft və qaz sahəsində liderə çevirib. Bu isə o deməkdir ki, Azərbaycan eyni zamanda neft və qazın ixracından əldə etdiyi gəlirləri günəş, külək və geotermal enerji mənbələrinə investisiya etmək potensialına malikdir. ABŞ-də daha əvvəl neft və qazdan asılı olan ştatlar kimi digər dövlətlər də yekun nəticədə öz iqtisadiyyatlarının diversifikasiyasına nail ola biləcəklər".

U.Kroufut APA-nın "Kaliforniya şirkətləri Azərbaycanda "yaşıl" enerji layihələrinə investisiya etməyə maraqlıdırmı?" sualına belə cavab verib:

"COP eyni zamanda tərəfdaşlıqların formalaşdırılması imkanıdır. Biz Kaliforniyada mövcud olan şirkətlərə müxtəlif texnoloji həllərin tətbiqində dəstək olmağa çalışırıq. İqtisadiyyatımız kifayət qədər böyükdür. Hazırda aktiv şəkildə tərəfdaşlar axtarırıq. Azərbaycanın ev sahibliyi etdiyi COP29 həm çox fərqlənir, həm də bu ölkənin liderliyini daha da yüksəldir. Əlbəttə ki, Kaliforniya tərəfdaşlıqların genişləndirilməsində maraqlıdır".