• 21 Fevral 2025
logo
“Qərb liderləri Zelenskiyə daha çox nifrət edirlər, nəinki Putinə”-Qüdrət Həsənquliyev

“Qərb liderləri Zelenskiyə daha çox nifrət edirlər, nəinki Putinə”-Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, Trampın Zelenskini diktator adlandırmasına münasibətinizi bilmək istərdik. ABŞ ilə Ukrayna arasında nə baş verir?

- Tramp hələ birinci prezidentliyi dönəmindən Baydenin və ailə üzvlərinin korrupsiya cinayətlərinin işıqlandırılması barədə öz aralarında olan söhbəti açdığı üçün Zelenskiyə qəzəbli idi. O zaman buna görə demokratlar Trampa impiçment elan olunması məsələsini gündəmə gətirdilər. Bayden ailəsi haqqında məlumatlar sözsüz ki, Rusiyada da olmamış deyildi. Həmin vaxt Zelenskinin birmənalı mövqe sərgiləməməsindən Bayden də tam razı qalmamışdı və həm buna görə, həm də ola bilsin Rusiyaya işlədiyi üçün ona kömək etmədi. Zelenski təcrübəsizliyindən özünü və ölkəsini iki böyük güc arasına qarşıdurmanın iştirakçısına çevirmişdi. Həm də cəsarət nümayiş etdirib qaçmadığı və Qərb liderləri üçün “başağrısına” çevrildiyinə görə ona daha çox nifrət edirlər, nəinki Putinə. Zelenskinin növbəti səhvi ABŞ-yə və Avropadakı müttəfiq hesab etdiyi ölkələrə hədsiz güvənməsi oldu. Bu səbədən də Rusiya ilə münasibətləri yumşaltmadı və ölkəsini müharibədən yayındıra bilmədi. Halbuki, o, 2014-cü ildə Budapeşt memorandumunu imzalamış ölkələrin Ukraynaya verdiyi dəstəyin nədən ibarət olduğunu görmüşdü. O, Qərb ekspertlərinin aforizmə çevrilmiş “ABŞ ilə düşmənçilik təhlükəli, dostluq isə ölümcül qorxuludur” deyimini də, ABŞ-nin Əfqanıstandan dovşan qaçışını da nəzərə almadı. İndi isə növbəti dəfə müdriklik nümayiş etdirə bilmədi və Trampa ona hücum etmək üçün bəhanə verdi. O, ABŞ maliyyə nazirini nəinki qəbul etmək üçün gözlətməməli, onu dəmiryol vağzalında qarşılamalı və nadir metalların istismarına dair sazişi elə orada da imzalamalı idi. Çünki Ukraynaya ABŞ-nin dəstəyi həyati əhəmiyyətlidir. Xatırlayırsınızsa bir vaxtlar böyük dövlət adamı Heydər Əliyevə deyirdilər ki, o əlverişsiz şərtlərlə “Əsrin müqaviləsini” imzalayıb. Bugünkü, torpaqlarını işğaldan azad etmiş Azərbaycan daha çox həmin qərara borcludur. Tramp hakimiyyətdə əbədi qalmayacaq, müqavilənin şərtlərinə gələcəkdə baxmaq da olardı. Təəssüf ki, liderlərin səhvlərinin ağır nəticələrini sadə vətəndaşlar yaşayır.

- ABŞ-nin Ukraynadan istədiyi yalnız həmin sazişdirmi?

Əlbəttə yox. Tramp ciddi təhlükəsizlik təminatı vermədən atəşkəsə nail olmaq istəyir. ABŞ 1994-cü ildə eyni qaydada, Ukraynanı təhdid edərək, ciddi təhlükəsizlik təminatı vermədən Budapeşt memorandumunu ona imzalatdırdı, onun nüvə silahını əlindən aldı. Hazırada ikinci belə sənəd imzalatdırmaq istəyir. Açıq deyilməlidir, Tramp qarışıq bütün dünya liderləri, Putindən çəkinir, bəziləri isə ona xidmət edir. Rusiya böyük nüvə dövlətidir.