• 6 İyul 2025
logo
Mehriban Vəliyeva: ECO-nun Xankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı

Mehriban Vəliyeva: ECO-nun Xankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı

“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası böyüklüyü Xankəndidə öz təsdiqini bir daha tapdı. Oradan izlədiyimiz möhtəşəm səhnələr bizə qalib Dövlətin vətəndaşı olmaq qürurunu yaşatdı. Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədalətin beynəlxalq miqyasda tərənnümü, qalib Dövlətin dünyaya yeni imicdə təqdimatı idi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər saldı. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxundu və ötən dövrdə uğurlu sədrliyi münasibətilə Qazaxıstana öz təşəkkürlərini çatdırıb”.

Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, Azərbaycan bundan öncə də - 2006-cı və 2012-ci illərdə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib.
“Dövlətimizin başçısının da vurğuladığı kimi Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası, əhəmiyyəti var. Tarixi Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü baş tutub. Bu xüsusda ECO-nun Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi xalqımız üçün qürurvericidir. Bu həm də bir çox dairələrə vacib mesajdır. 30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilmiş vandalizm, talançılıq faktları mötəbər qonaqlara şəxsən təqdim edildi. Onlar eməni vəhşiliyinin əyani şahidi oldular. Qonaqlara dağıdılmış tarixi, mədəni, dini abidələr barədə ətraflı məlumatlar verildi. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmiş. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi”.
Millət vəkili Zirvə görüşündə dövlətimizin başçısının diqqətə çatdırdığı digər məsələlərə də toxundu: “Vətən müharibəsi başa çatandan bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistanın törətdiyi etnik təmizləmə, dini, mədəni abidələrin dağıdılması və minatəmizləmə problemi yalnız bir dövlətin faciəsi kimi yox, beynəlxalq hüquqa qarşı ciddi təhdid idi. Bu gün isə Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. İndiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İndiki məqamda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini vurğuladı. “İstanbul Bəyannaməsi”ndə də indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Cənab Prezident də çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb”.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindəki aktiv iştirakına diqqət çəkən Mehriban Vəliyeva bildirdi ki, ölkəmiz ECO çərçivəsində aparıcı mövqeyə malikdir: “Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr həyata keçirilir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır ki, bu da onun böyük potensialından xəbər verir. Təşkilat üzvlər dövlətlər arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatıb”.
Sonda millət vəkili qeyd etdi ki, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Xankəndi sammiti həmçinin bütün dünyaya işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və inkişafa söykənən proqramlarımızın təqdimatı baxımdan əhəmiyyətli oldu. Müsəlman- Türk birliyinin dövlət başçılarının Xankəndinə toplaşması ölkəmizin tək Qafqaz regionunda deyil, bütövlükdə Yaxın və Orta Şərqdə aparıcı aktorlardan biri olduğunu təsdiqlədi. Zirvə görüşündə dövlət başçılarının rəsmi və qeyri-rəsmi görüşləri, səmimi ünsiyyətlər, verilən mesajlar Prezident İlham Əliyevin qlobal arenadakı nüfuzunun və etibarlı tərəfdaş olmasının təsdiqidir”.