Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, Şuşada keçirilən IV Qlobal Media Forumu barədə fikirlərinizi bilmək istərdik...
- Prezidentin Forumun işinə qatılması onu böyük siyasi hadisəyə çevirir. Forumun yüksək səviyyədə təşkili və beynəlxalq miqyasda doğurduğu əks-səda layiqincə qiymətləndirilməlidir. Forum regional sabitliyin təmin olunmasında Azərbaycanın əhəmiyyətini və oynadığı rolu növbəti dəfə nümayiş etdirdi.
- Qüdrət bəy, 2025-26-cı tədris ili bitdi, yeni dərs ili başlayır, universitet məzunlarının işlə təmin olunması məsələsi, təhsil kreditlərinin verilməsi cəmiyyətdə ciddi müzakirə mövzusudur. Bu barədə də fikirlərinizi bilmək maraqlı olardı...
- Öncə kollecləri və ali təhsil müəssisələrini bitirən gəncləri təbrik edirəm, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Təəssüf ki, çoxsaylı məzunlar ləyaqətli həyatlarını təmin edəcək qədər əməkhaqqı verilən, yüksək ixtisas tələb olunan işlər tapmaqda çətinlik çəkirlər. Təhsil müəssisələri istehsalat və xidmət sahəsində fəaliyyət göstərən müəssisələrlə, şirkətlərlə əməkdaşlıq etməli, öz məzunlarına iş tapmaqda kömək etməlidirlər. Ölkədə qeydə alınmış işsizlərin 28.2 %-ni gənclər təşkil edir. Konstitusiyanın "əmək hüququ" adlanan 35-ci maddəsinin 8-ci bəndinə görə dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlardan istifadə etməlidir. Ali təhsilli gənclər satıcı işləməməlidir, dövlət yüksək ixtisaslı iş yerlərinin açılması üçün iqtisadi islahatları genişləndirməlidir.
Eyni zamanda bu il tələbə adı qazanmış gənclərimizi təbrik edirəm. 2025-ci ildə 57236 gənc və onlardan 29280-i ödənişli əsasla təhsil almaq hüququ qazanmışdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, təhsil kreditləri bütün tələbələr üçün əlçatan deyil. Bu səbəbdən 2025-ci ildə 13 minə qədər tələbə, bunlardan 6122 nəfər bakalavr, 1897 nəfər magistratura səviyyəsində təhsil haqqını ödəyə bilmədiyi üçün təhsil müəssisələrindən xaric olunublar. Təəssüf ki, yalnız ödənişsiz yerləri seçdiyi üçün qəbul olunmayanların sayı DİM tərəfindən ayrıca açıqlanmır. Hazırda standart təhsil krediti almaq üçün tələbənin "ümumi orta müvəffəqiyyət göstəricisi" 71 baldan yuxarı olmalı və illik təhsil haqqının 20%-i ödənilməlidir. Hesab edirəm "Təhsil haqqında" qanuna əlavə etməliyik ki, qəbul haqqında sənədi təqdim edən istənilən tələbə təhsil krediti almaq imkanına malik olsun.
Təəssüf ki, ölkəmiz xeyriyyəçilik səviyyəsinə görə beynəlxalq indekslərdə orta və aşağı-orta səviyyədə qiymətləndirilir. Ölkəmizdə hər kəs, din xadimləri, ziyalılar, QHT-lər, media xeyriyyəçiliyin, təhsilə yardımın savabları barədə danışmalı, ölkəmizin xoşbəxt gələcəyinin bundan asılı olması təbliğ olunmalıdır. Konstitusiyanın 38-ci maddəsinin 5-ci bəndinə görə dövlət xeyriyyəçilik fəaliyyətinin inkişafı üçün imkanlar yaratmalıdır.
Bu gün Qərb ölkələrində ayrı-ayrı özəl şirkətlər elmi araşdırmalara milyardlarla vəsait ayırır. Universitetlər sahibkarlara müraciət ünvanlamalı, imkansız tələbələrin təhsil haqlarının ödənilməsinə dəstək vermələrini xahiş etməlidir. Tələbələr ödənişli ixtisasları seçməkdə tərəddüd etməməlidir. Bir nəfər də olsun gənc təhsil haqqını ödəyə bilmədiyi üçün təhsilini dayandırmamalıdır. Hökumət ali məktəblərə və kolleclərə qəbulu orta məktəbin buraxılış imtahanları əsasında keçirməli və bununla da repetitorluğa son qoymalı, kollec və ali məktəblərin buraxılış imtahanlarının test yolu ilə DİM tərəfindən keçirilməsini təmin etməlidir.