• 29 Noyabr 2026
logo
“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

“Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da…” – Qüdrət Həsənquliyevdən ŞOK AÇIQLAMALAR

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Musavat.com-a sensasion açıqlamalar verib.

Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

- Qüdrət bəy, ötən müsahibəmizdə rəsmi İrəvanın öhdəliklərinin icrasından yayınmaq cəhdlərindən bəhs edərkən demişdiniz ki, Ermənistanın qarşısına konkret tələblərlə yanaşı, vaxt da qoyulması, əks halda, sərt tədbirlərə əl atılması zərurəti var. Belə görünür, rəsmi Bakının sülh sazişi üçün zəruri xəbərdarlıqları, prinsipial mövqeyi öz sözünü dedi. Ermənistanda artıq yeni konstitusiya və Zəngəzur dəhlizi ilə bağlı prosesə start verilib. Bundan sonrakı gedişatı necə proqnozlaşdırırsınız?

- Əlbəttə, həm konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması, həm də TRIPP layihəsinin icrasına başlanılması müsbət bir tendensiyadır. Amma yenə də Paşinyan çox da səmimi görsənmir. Seçkilərdən beş ay sonra bu layihəni ictimai müzakirəyə təqdim etməsi, ictimai müzakirələrə altı ay vaxt ayırması da bunu təsdiqləyir. Halbuki, neçə illərdir Azərbaycan Respublikasının Prezidenti deyir ki, siz konstitusiyanı dəyişməsəniz, sülh olmayacaq! Əgər Paşinyan sülh istəyirdisə, konstitusiya layihəsi çoxdan hazırlanmalı idi. Amma seçkiləri gözlədi, seçkilərdən sonra da yenə nə qədər vaxt keçdi... Həmişə demişəm ki, o, seçkiləri özünün istədiyi formada keçirə bilərdi. Onsuz da seçkinin nəticələrinə müdaxilə olunmuşdu...

Vd0Ysimd45lJX0JPOKXkuM55mWYxSp5sdxuBWxGH-600.jpg (32 KB)

- Razılaşmamaq olmur. Sanki 6 mandatı bilərəkdən müxalifətə verdi...

- Bəli, özü məqsədyönlü şəkildə konstitusion çoxluğu əldə etmədi ki, bu problem uzansın. İndi deyir altı ay ictimai müzakirələr olacaq, bundan sonra məsələ parlamentin müzakirəsinə çıxarılacaq. Parlamentdə müzakirə nə qədər çəkəcək, orada qərar qəbul olunacaq, olunmayacaq… Olunmasa, yenidən parlament buraxılacaq və seçkilər keçiriləcək. Bununla o, zaman udur. Mən bunu həmişə demişəm: Paşinyan Rusiya-Ukrayna müharibəsinin nəticəsini gözləyir və ona uyğun da ölkənin xarici siyasətini müəyyənləşdirəcək. Hələlik çalışır ki, Rusiya ilə münasibətlər gərginləşməsin...

- Yeri gəlmişkən, prezident Putinlə 3 dekabr görüşünə hazırlaşır. Özü də dekabrda Rusiyaya üç dəfə səfər edəcək...Bu görüşlərlə bağlı gözləntiləriniz necədir?

- Bəli. Sonra 11-12-də gedəcək. Çalışacaq ki, zaman udsun. Rusiya ilə də açıq qarşıdurmadan yayınmağa çalışır. Səfərqabağı bəyan etdi ki, Ermənistan sərhədlərini özü qoruyacaq. Fikrimcə, bu, danışıqlarda bazarlıq üçün səsləndirilmiş bir fikirdir. Rusiya Ermənistanda yeni atom elektrik stansiyası tikmək niyyətindədir. Rusiya həm Qazaxıstanda tikir, həm də Özbəkistanda.

- Hətta Azərbaycanla bağlı da istəyi var...

- Bütün sovet respublikalarında atom elektrik stansiyası tikmək istəyir. Bilir ki, sonradan bu elektrik stansiyalarının işlədilməsi birbaşa Rusiyadan asılı olacaq və Kreml postsovet ölkələrini özünə iqtisadi baxımdan daha sıx bağlamaq niyyətindədir. Ermənistana ABŞ-də də modul tipli kiçik nüvə reaktorlarının quraşdırılmasını təklif edib. İndi Ermənistan çətin durumda qalıb, hansına üstünlük verəcək? Yəni Rusiyada bunlar müzakirə olunacaq. Ermənistan Rusiya ilə anlaşa bilməsə, söhbət yaxın gələcəkdən gedir, TRIPP layihəsinin həyata keçirilməsi ciddi sual altına düşəcək. O layihə hətta tam icra oluna bilər, amma sonradan yoldan istifadə qeyri-mümkün ola bilər. Rusiya istəməsə, hətta İran onu bombalaya, sıradan çıxara da bilər. Hər şey ola bilər. Görürsünüz, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini dondurub, amma oradan çıxmır. Ona görə çıxmır ki, İranın mümkün təzyiqlərindən özünü qorumaq istəyir. Ermənistana təcavüz olarsa, Rusiya, KTMT üzvü olan digər dövlətlər onu müdafiə etməlidirlər. Ermənistan da istəyir ki, onların çətiri altında həmin layihəni reallaşdırsın.

PASİN SON.jpg (202 KB)

Paşinyan Rusiya, Qərb, İran və Azərbaycan arasında “rəqs edir”.

- Amma Azərbaycan və türk mahnılarını da dinləyir…

- Göstərmək istəyir ki, onda türklərə qarşı nifrət yoxdur. Yeni konstitusiya layihəsində də yazıblar ki, onlar yaxın qonşuluq siyasəti yürüdəcəklər.

- Saxta “soyqırım” iddiasından da imtina var…

- O məsələ də yeni konstitusiyadan çıxarılıb. Yaxın qonşuluq siyasəti xüsusi qeyd olunub və müharibə təbliğatı konstitusiya ilə qadağan olunur. Bu da müsbət bir haldır.

- Hüquqşünas olaraq Ermənistanın yeni konstitusiya layihəsini necə dəyərləndirirsiniz?

- Mən konstitusiya layihəsi ilə tanış oldum, çox demokratik, hüquqi dövlət quruculuğuna yol açan bir konstitusiyadır. Ordunun, hüquq-mühafizə orqanlarının ciddi mülki nəzarətə götürülməsinə imkan verən, parlamentin digər dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə nəzarətini gücləndirən sənəddir. Parlamentin istintaq komissiyası yaratmaq səlahiyyətinin konstitusiyada öz əksini tapması müsbət məqamdır. Bizdə Məhkəmə-Hüquq Şurası var, onlarda Ali Məhkəmə Şurası nəzərdə tutulur. Ali Məhkəmə Şurasına çox geniş səlahiyyətlər verilir və tamamilə müstəqil bir qurum kimi fəaliyyət göstərir. Prokurorluq Şurasının yaradılması da mütərəqqi məqamdır. Son dərəcə demokratik bir konstitusiya layihəsidir. Mən ümid edirəm ki, erməni xalqı onu dəstəkləyəcək. Bu sənədi dəstəkləməmək üçün gərək son dərəcə ağılsız və özünün düşməni olasan.

c275082b30b8abcc596a1799bf16dce3.jpg (206 KB)

- Bu günlərdə əsas müzakirə mövzusu Azərbaycan və Türkiyə ilə bağlı dəyişikliklərdir…

- Ərazi iddialarının hamısı oradan çıxarılıb.

- Çıxarılıb, amma revanşizmin mövcudluğu şəraitində qəbul edəcəklərmi?

- Söhbət ondan gedir ki, revanşistlər parlamentdə layihənin referenduma çıxarılmasına imkan verəcəkmi? Mən onun üçün deyirəm ki, Rusiyanın xeyir-duası olmasa, çətin olacaq.

- Parlamentdəki gülləbaran təkrarlana bilərmi?

- Ya 1999-cu ildəki kimi bir terror hadisəsi baş verəcək, ya da orada sabitliyi pozacaqlar. Düşünmürəm ki, Rusiya seyrçi mövqe tutacaq, kənarda dayanıb prosesləri izləyəcək.

u54bPv1hmmDaCdpAEyC3srzn1iAjN1acli2jiEOz_1200.jpg (93 KB)

- Hətta bu günlərdə tikintisinə start verilən TRIPP marşrutu ilə bağlı da Kremldən xəbərdarlıq gəldi…

- Ermənistan indi tələb edir ki, konsessiya sazişi əsasında Rusiya dəmir yol xəttindən istifadə hüququnu Qazaxıstana, yaxud başqa bir üçüncü dövlətə versin. Rusiya buna getməyəcək. Kreml əslində bölgədə prosesləri tam şəkildə öz nəzarətində saxlamaq istəyir. Onun üçün hər şey Azərbaycan, Ermənistan, Rusiyanın oturub bir yerdə bu prosesləri müzakirə etməsindən, Türkiyənin, Birləşmiş Ştatların bu məsələdə rolundan asılı olacaq. Həm Ərdoğan, həm də Tramp Putinlə işləməlidirlər, çalışmalıdırlar ki, onu burada sülhün olmasında maraqlı etsinlər və Rusiya sülh sazişinin imzalanmasına öz razılığını versin.

1492699175-9226.jpg (51 KB)

- On illər boyunca Ermənistan üçün “nəfəslik” rolunu oynamış İran necə, sonda hansı mövqedən çıxış edəcək? İlkin təzyiq rıçağı kimi o “nəfəsliyi” bağlayıb, Ermənistanı “boğmaq” istəyə bilərmi?

- İranın mövqeyi Rusiyanın mövqeyi ilə sinxronlaşdırılıb. Yəni Rusiya xeyir-dua versə, İran da xeyir-dua verəcək. Rusiya xeyir-dua verməsə, İran hətta TRIPP layihəsini bombalaya da bilər. Önəmli olan Rusiyanın məsələyə yanaşması olacaq. Dediyim kimi, bu, həm Rusiyanın Azərbaycan və Ermənistanla, həm də Kremlin ABŞ və Türkiyə ilə olan danışıqlarından asılı olacaq.

- Qüdrət bəy, bu arada, İranı MDB-yə üzv etmək planı var və Tehranın müsbət reaksiyası diqqət çəkir. Bu təşəbbüsü necə dəyərləndirirsiniz?

- Əslində, bu, çox yaxşı olardı.

- İranın “zərərsizləşdirilməsi” baxımından?

- Yox. İndi MDB üzvü olan ölkələrdə bir qorxu var ki, əslində sovetlər dağıldıqdan sonra yaradılan Müstəqil Dövlətlər Birliyi Sovet İttifaqını hansısa formada qoruyub saxlamağa xidmət edən bir qurumdur. Fikrimcə, İranın və Türkiyənin ora qoşulması MDB-yə yeni nəfəs verə, bu təşkilatın güclənməsinə yol aça bilər. Mən həmişə bunu söyləyirəm ki, keçmiş sovet respublikaları, üstəgəl, İran və Türkiyənin iştirakı ilə yeni bir Avrasiya ittifaqı yaradılsa, bu, Avropa İttifaqı ilə Çin arasında yeni güc mərkəzinin yaranmasına gətirib çıxarar. Bu, bölgədə sülhə, təhlükəsizliyə, inkişafa, rifaha böyük töhfə verər. İranın MDB-yə qatılmasına ən ciddi dəstəyi Azərbaycan verməlidir. Ona görə ki, orada bizim 40 milyon soydaşımız var. İran həm də bir türk dövlətidir. Mən bundan çox məmnun olaram.

İRANİ .png (999 KB)

- Yəni deyirsiniz İran Türk Dövlətləri Təşkilatına yox, MDB-yə üzv olmalıdır?

- MDB-yə də üzv ola bilər, Türk Dövlətləri Təşkilatına da. Onsuz da Ukrayna, Gürcüstan, Moldova MDB-dən gedib. Əslində, MDB elə türk dövlətləri və Rusiyadır. Tacikistan və Ermənistan qalır, onlar da kiçik ölkələrdir. Türkiyə ilə İran da bura gəlsə, keçmiş sovet respublikaları MDB-dən qorxmaz və regionda ciddi bir beynəlxalq təşkilat yaranar… Düzdür, Türkiyə Avropa İttifaqına can atır, amma Türkiyə böyük dövlətdir, Avropa İttifaqı onu qəbul etməyəcək, həm də regionun böyük müsəlman ölkəsidir. Avropa İttifaqı geniş anlamda xristian dövlətlərinin klubudur. Türkiyəni ora qəbul etməyəcəklər. Ona görə Türkiyənin üzünü Şərqə çevirməsi çox doğrudur. Həm də Türkiyənin Rusiya ilə ən ciddi iqtisadi, siyasi, mədəni, humanitar əlaqələri var. Hər il Türkiyə rusiyalı turistlərdən on milyard dollara yaxın pul qazanır. Yəni bu, çox böyük bir vəsaitdir. Həmçinin, ruslar orada daşınmaz əmlaka investisiya yatırırlar. Akkuyuda atom elektrik stansiyası tikirlər. Onun üçün mən hesab edirəm ki, Türkiyənin və İranın da bura gəlməsi böyük dövlətlərin birləşməsinə gətirib çıxaracaq ki, bu da Azərbaycan üçün böyük bir açılım olacaq. Bu halda bizim iqtisadiyyatımız da inkişaf edəcək. Böyük ittifaqlar çərçivəsində bizim sahibkarların da öz bizneslərini böyütmək, yaxud biznes qurmaq imkanları xeyli asanlaşacaq.

- Təhlükəsizlik çətiri kimi təsəvvür edirsiniz?

- Bəli, həm də o mənada təsəvvür edirəm. Həm də sözün doğrusu, bir var bizim ölkə təkbaşına iqtisadi öhdəliklərin yerinə yetirilməsinə, yaxud qanunların icrasına nəzarət edə, bir də var azərbaycanlılar ruslarla, qazaxlarla, yaxud elə İran vətəndaşları ilə birgə müəssisələr qura, birgə iş görə. Bu halda onların fəaliyyətinə kənar müdaxilələr xeyli çətin olacaq.

- Maraqlı yanaşmalardır...

- Onların mülkiyyətinin qorunması, biznes imkanlarının genişlənməsi baş verəcək, biznes mühiti xeyli yaxşılaşacaq. Bu baxımdan hesab edirəm ki, Azərbaycan İranın MDB-yə qoşulmasını alqışlamalı, Türkiyəni MDB-yə dəvət etməli və bütün gücü ilə bu ideyaya dəstək verməlidir.

- Ermənistanla münasibətlərin kifayət qədər irəliyə aparılması fonunda Fransa başda olmaqla, Avropadan təzyiq kampaniyası davam edir. Eyni zamanda amerikalı konqresmenlər, xüsusilə də Konqresdə demokratların üstünlük qazanması və sair proseslərin fonunda növbəti dəfə anti-Azərbaycan və anti-Türkiyə kampaniyasına başlamaları, Ermənistanla gərginliyi artırmaq cəhdləri nədən qaynaqlanır? Bunlar nə etmək istəyirlər? Ermənistanın normal bir ölkəyə çevrilməsini istəmirlər?

- Donald Trampın buraxdığı ciddi səhvlər nəticəsində demokratlar aralıq seçkilərdə, həm Senatda, həm də Nümayəndələr Palatasında ciddi qələbə qazandılar. Trampın ən böyük səhvi ondan ibarət idi ki, öz tərəfdarlarını və onu müdafiə edən insanların azadlıqlarını əlindən alıb, onları pulla çalışan muzdlu əsgərə çevirdi. O, öz komandasındakı insanların fərqli fikirlərinə çox böyük dözümsüzlük nümayiş etdirirdi, “You are fired!” deyib onları komandadan qovurdu. Qorxu sədaqət yox, itaət görüntüsi yaradır, nifrət doğurur, hakimiyyəti həqiqəti eşitməkdən məhrum edirdi. O, ətrafının qorxusunu öz gücü kimi qəbul edir, “görünən güclə” real dayanıqlıq arasında uçurumu görmür, xalqın dəstəyini itirdiyini anlaya bilmirdi. Bu da onun süqutunda önəmli rol oynadı. İndi çoxları onun məğlubiyyətində İran müharibəsinin rol oynadığını söyləyirlər, amma məncə, birinci faktor qeyd etdiklərim idi. Demokratların bizə münasibəti zaman-zaman bəlli olub, ona görə ki, erməni lobbisinin onlara təsir imkanları çox böyükdür. Elə respublikaçılara da təsiri böyükdür, amma demokratlara daha çox təsir imkanları var. Bizim də Trampla yaxşı münasibətlərimiz sözsüz ki, onları daha da qıcıqlandırır. O baxımdan əlbəttə, indi biz Konqresdən yaxşı olmayan müəyyən sürprizlər gözləyə bilərik. Hələ Trampın varisinin də, yəni respublikaçıların da prezident seçkilərində qalib gəlməsi çox müşkül görünür.

7c31054ae7c21ec005fb62e285a28917.jpg (444 KB)

- Belə olduğu təqdirdə, proseslərin Zəngəzur dəhlizi – TRIPP marşrutuna maneə yarada biləcəyini zənn edirsiniz?

- İki il ərzində Tramp bu marşrutu aça biləcəkmi, marşrut fəaliyyətə başlaya biləcəkmi, bu, çox böyük sual altında olan bir məsələdir. Ona görə deyirəm ki, Tramp Putinlə oturub ciddi danışmalıdır. Lazımdırsa, Rusiyanı da orada payçı etmək lazımdır ki, Kreml buna “xeyir-dua” versin. Tramp hakimiyyətdən gedənə qədər, qarşıdakı iki il ərzində çalışmaq lazımdır ki, bu məsələni köklü şəkildə həll edək. Bu, iki il ərzində Azərbaycanda da müəyyən ciddi işlər görülməlidir. Açığını söyləyirəm, həm daxildə milli birliyin gücləndirilməsi, həm demokratlarla əlaqələrin qurulması və həm də Qərblə münasibətlərin yumşaldılması istiqamətində böyük işlər görülməlidir ki, biz doğrudan da o dövrə hazır ola bilək. Əks halda, demokratlar tərəfindən Azərbaycana qarşı sanksiyalara qədər pis sürprizlər gözləyə bilərik. Diqqətdən qaçırmamalıyıq ki, erməni lobbisinin demokratlara təsiri çox böyükdür. Elə vaxtilə 907-ci düzəlişin müəlliflərindən biri Bayden idi…