Bu il noyabrda Bakıda keçiriləcək COP29 bütün dünyanın diqqətini özünə cəlb edib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul üzrə deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Türkiyə olaraq biz də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasını (COP29) dəstəkləyir və qürur duyuruq.
Onun sözlərinə görə, COP29-un Bakıda keçirilməsinə Türkiyə hökuməti də xüsusi əhəmiyyət verir.
İqlim dəyişikliyinin dünyanın hər tərəfində ən aktual mövzu olduğunu vurğulayan deputat deyib ki, Azərbaycanın beynəlxalq tədbirlə bağlı təşkilatçılığı yüksək səviyyədə olur:
"Yüz mindən çox insanı rəsmi səviyyədə qarşılamaq, qəbul etmək, yola salmaq, tədbirin qüsursuz keçirilməsi üçün aparılan təşkilati işlər çox diqqətlə həyata keçirilir. Bütün bunlar asan məsələ deyil. Əminəm ki, bütün beynəlxalq tədbirlər kimi, COP29 da Azərbaycanda uğurla həyata keçiriləcək".
Ş.Ayrım əlavə edib ki, beynəlxalq tədbir işğaldan azad edilmiş bütöv Azərbaycanın dünya miqyasında tanıdılması üçün də xüsusi əhəmiyyət kəsb edir.
"Belə tədbirlər Azərbaycanın tanıdılması baxımından da çox vacibdir. Azərbaycanın nüfuzu, dünyada güvəni, etibarı, ölkəyə turist axını gündən-günə artır. Azərbaycanı daha gözəl gələcək gözlədiyinə inanıram", - o vurğulayıb. BMT-nin Baş katibinin köməkçisi, təşkilatın siyasət üzrə iş və proqram dəstəyi Bürosunun direktoru Markos Neto (Marcos Athias Neto) COP-da Azərbaycan sədrliyinin yaxşı nəticələr əldə edə biləcəyini söyləyib.
Bu barədə BMT İnkişaf Proqramının (UNDP) “X” hesabında paylaşım edilib.
M.Neto qeyd edib ki, COP29 maliyyə COP-udur və ilk olaraq yeni ölçülə bilən iqlim maliyyəsi məqsədi ilə razılaşdırılmalıdır.
Onun sözlərinə görə, yaşıl enerjiyə keçid trilyonlarla dollara başa gələcək.
“Bu səbəbdən noyabrda Bakıda razılaşdırılmalı olan, maliyyə ambisiyalarını təyin edən sistemə ehtiyacımız var. BMT İnkişaf Proqramı olaraq Azərbaycan hökumətinə dəstək olmaq istərdik və bütün beynəlxalq ictimaiyyət hədəfə nail olmaq üçün COP sədrliyinə yardım etməlidir. Bu, çox mühüm məsələdir, əminəm ki, Azərbaycan sədrliyi yaxşı nəticələr əldə edə biləcək”, - M.Neto əlavə edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil (Simon Stiell)deyib ki, bütün BMT sistemi COP29 üçün Azərbaycana dəstəkdir.
"Baş katibin də aydın formada ifadə etdiyi budur ki, COP29 üçün BMT sistemi tam şəkildə Azərbaycana dəstəkdir. Mənim də təmsil etdiyim BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası katibliyi (UNFCCC) uğurlu COP konfransının keçirilməsi üçün sədrliyi və tərəfləri dəstəkləməkdə əsas rola malikdir", - deyə o qeyd edib.
O, vurğulayıb ki, bu gün görülən işlər qlobal iqlim probleminin qarşısını almağa xidmət edir. O, gənclərin iqlim dəyişikliyinə qarşı prosesdə iştirakını dəstəkləmək üçün lazım olan addımların atılmasının vacibliyini qeyd edib:
“Mən iqlim böhranını həll etmək səlahiyyətinə malik yeganə qlobal hökumətlərarası bir prosesi təmsil edirəm. Bu gün gördüyümüz işlər - bəzi ləng və çox mürəkkəb proseslər bütün dünyanın üzləşdiyi iqlim probleminin qarşısını almağa xidmət edir. Həmişə gənclərimizin enerjisi, yaradıcılığı, ideyaları, prosesə bağlılığı məni heyrətə gətirir və açıq şəkildə bildirirəm ki, Katibliyin mandatı çərçivəsində gənclərin prosesə qoşulmasını dəstəkləmək üçün lazım olan hər şeyi edəcəyəm”.
S.Stilin fikrincə, iqlim dəyişikliyinə qarşı mübarizədə 198 ölkə yeni maliyyə hədəfləri ilə bağlı razılığa gəlməlidir: “Dubayda keçirilən COP28 bizdə böyük gözləntilər yaratdı və 2030-cu ilə qədər biz bu gözləntilərin müəyyən hissəsinin həyata keçirildiyini görmək istəyirik. Bakıda keçiriləcək COP29-da prosesi irəliyə doğru aparmalıyıq. Maliyyə bu ilin əsas mövzusudur və Azərbaycanın sədrliyindən bunu dəstəkləmək və asanlaşdırmaq, 198 ölkənin yeni maliyyə hədəfinin necə görünməsi ilə bağlı razılığa gəlməsi tələb olunur. Buna paralel olaraq, cari ildə nəyin inkişaf edəcəyi və gələn il Braziliyada nələrin təqdim ediləcəyi iqlim planlarının yeni mərhələsidir.
Bu planlar milli səviyyədə müəyyən edilmiş tədbirlərdən ibarətdir. Emissiyaları 2030-cu ilə qədər iki dəfə azaltmalıyıq. COP28, 29 və 30 birləşərək harada olduğumuzu müəyyənləşdirməyi, kursun düzəldilməsini və bu iddialı, lakin zəruri hədəflərə çatmağı tələb edir. Tərəflərin hər birinin yerinə yetirməli olduğu məsuliyyəti var. COP olaraq bizim də öz məsuliyyətimiz mövcuddur”.
O, istixana qazı emissiyalarının azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədinə nail olmaq yolunda mövcud olan maneələrdən danışarkən deyib ki, siyasi iradənin olmaması iqlim fəaliyyətinin daha da inkişafına maneədir.
O, qeyd edib ki, müzakirələrin və mübahisəli məsələlərin maliyyə və texniki detallarla bağlı olmasına baxmayaraq, bunların hər birinin həlli var, tək çatışmayan siyasi iradədir.
"Ümumilikdə isə maliyyə məsələsi bu ilin əsas gündəmidir. Azərbaycan sədrliyi tərəfindən bunu dəstəkləmək və asanlaşdırmaq üçün böyük səy tələb olunur. Həmçinin 190 ölkə yeni maliyyə məqsədi barədə razılığa gəlməlidir. Buna paralel olaraq, bu il hazırlanacaq və gələn il Braziliyada təqdim ediləcək yeni iqlim planları ölkələrin milli səviyyədə öhdəliklərini müəyyənləşdirəcək. Nəticədə emissiyaları 2030-cu ilə qədər yarıya qədər, 2035-ci ilə qədər isə 60 % azalda bilərik", - S.Stil əlavə edib.
Onu da qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin “The National News” nəşrində Azərbaycanın bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşmasına dair məqalə yayımlanıb.
2-ci Şuşa Qlobal Media Forumunun iştirakçısı Con Dennehinin müəllifi olduğu yazıda Prezident İlham Əliyevin Forumun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən səsləndirdiyi fikirlərə də yer verilib.
Məqalədə qeyd olunub ki, Azərbaycan bu ilin noyabrında COP29-a ev sahibliyi etməklə dünyanın müxtəlif bölgələri arasında növbəti dəfə körpü rolu oynayacaq. Azərbaycan Prezidentinin “Bizim üçün bu, misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq”, - sözlərini xüsusi vurğulayan müəllif qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qurduğunu diqqətə çatdırıb.
Yazıda Azərbaycanın neft sənayesinin tarixindən geniş bəhs olunub, dünyada sənaye üsulu ilə ilk neft quyusunun ölkəmizdə qazıldığı, Bakının bir vaxtlar dünyanın neftə olan tələbatının yarısını ödədiyi vurğulanıb. Bildirilib ki, məhz buna görə Azərbaycan qədim dövrlərdən “Odlar yurdu” adlandırılır.
Müəllif qeyd edib ki, zəngin qazıntı yanacağı resurslarına malik ölkə hazırda iqlim dəyişikliyi məsələlərinin müzakirə olunduğu COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Təxminən üç aydan sonra 200-ə yaxın ölkədən nümayəndələr Bakıda bir araya gələrək iqlim dəyişikliyi məsələsini həll etməyə çalışacaqlar. Azərbaycanın iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrin problemlərinə xüsusi həssaslıq göstərdiyi vurğulanıb, Prezident İlham Əliyevin iqlim dəyişikliyi məsələsində hələ də qeyri-müəyyənliklərin olması, xüsusilə Qərbin bu məsələdə qeyri-obyektiv mövqeyi barədə fikirləri diqqətə çatdırılıb: “Bir tərəfdən Avropa bizdən xahiş edir ki, hasilatı artıraq və onu Avropaya nəql edək. Çünki onların buna ciddi ehtiyacı var. Digər tərəfdən, onlar bunu maliyyələşdirmirlər... Yəni, biz ağılsızıq ki, onların ehtiyacı olmadığı qaza 10 milyardlarla vəsait qoyaq? Yəni, sonra da deyək ki, bizim qazımız haradadır. Yəni, mənim mesajım o oldu ki, gəlin, bu oyuna son qoyaq, faydalı qazıntı yanacağı olmadan yaşamaq mümkün deyil”.
Meksikanın tanınmış “Milenio” qəzetində də ölkənin nüfuzlu ali təhsil ocaqlarından olan Meksika Milli Muxtar Universitetinin professoru Talya İşcanın müəllifliyi ilə ölkəmizin ev sahibliyi edəcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dair məqalə dərc edilib.
Azərbaycanın meksikadakı səfirliyindən bildirilib ki, müəllif məqaləsində COP29-un bu ilin noyabrında Bakıda keçiriləcəyini xatırladaraq, bu xüsusda cari ilin iqlim dəyişikliyi ilə qlobal mübarizədə mühüm mərhələ kimi qeyd olunduğunu diqqətə çatdırıb. Avropa və Asiyanın kəsişməsində yerləşən ölkəmizin davamlılığa və az karbonlu iqtisadiyyata keçidə güclü sadiqlik nümayiş etdirdiyini vurğulayıb.
İnklüzivliyi və multikulturalizmi ilə tanınan, Qoşulmama Hərəkatına sədrlik edən və beynəlxalq arenada bir çox məsələlərdə fəallıq göstərən Azərbaycanın bugünkü dəyişkən və təlatümlü dünyada iqlim dəyişikliyi kimi eksiztensial çağırışın öhdəsindən gəlmək istiqamətində irəli addım atmasının və beynəlxalq ictimaiyyətin böyük dəstəyini əldə etməsinin sevindirici hal olduğunu bildirib.
Məqalədə Azərbaycanın neft sənayesində birinciliyindən söz açan müəllif bu kimi ölkələrin iqlim dəyişikliyi probleminə ciddi yanaşmasının ümid yaratdığını deyib. O, ölkəmizin davamlılıq sahəsində mühüm irəliləyişlər əldə etdiyini, bərpaolunan enerjiyə, xüsusən də günəş və külək enerjisinə sərmayə qoyduğunu və “fossil” yanacaqlardan asılılığını azaltmaq üçün müvafiq qərarlar qəbul etdiyini, strateji yerləşməsi və mühüm təbii ehtiyatları ilə təmiz enerji sahəsində regional lider kimi yüksəldiyini diqqətə çatdırıb.
Cavid