• 12 Dekabr 2024
logo
Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub - Detallar

Özəl pensiya sisteminin necə işləyəcəyi məlum olub - Detallar

Azərbaycanda özəl pensiya sisteminin 2026-cı ilin əvvəlindən fəaliyyətə başlayacağı gözlənilir.

Bu barədə “APA-Economics”ə sığorta bazarındakı mənbədən bildirilib.

Məlumata görə, “Qeyri-dövlət pensiya fondları haqqında” qanun layihəsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən aidiyyatı qurumlarla, o cümlədən Mərkəzi Bankla müzakirə edilir.

Bildirilib ki, vətəndaşların pensiya kapitalının bir hissəsi özəl pensiya fondlarına yönəltmə imkanı əldə edəcək. Vətəndaş 50-55 yaşında toplanan pensiya kapitalını birbaşa götürərək biznes və ya hansısa təsərrüfat yarada, ev ala və digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının DSMF-də qalan hissəsindən isə təqaüd almaqda davam edəcək. Birbaşa götürüləcək pensiya ödənişinin 50-70% civarında ola biləcəyi bildirilir. Bununla belə, vətəndaşın bu sistemə qoşula biləcəyi və birbaşa pensiya məbləğindən istifadə edə biləcəyi yaş, o cümlədən ödəniləcək birbaşa pensiya məbləği və bəzi digər məqamlar hələlik müzakirə predmetidir.

Qeyd edilib ki, burada açıq qalan məsələlərdən biri əhalinin böyük qisminin minimum əmək haqqı müqabilində pensiya kapitalının daha aşağı olmasıdır. Bu isə ancaq onların minimal pensiya məbləğini formalaşdırmağa kifayət edir.

Müzakirə predmeti olan məsələlərdən biri isə özəl pensiya sisteminin özəl pensiya fondu və ya həyat sığorta şirkətləri vəsitəsilə həyata keçiriləcəyidir. Bildirilib ki, özəl pensiya sisteminin həyat sığorta şirkətləri vəsitəsilə həyata keçirilməsi sığorta bazarının inkişafı üçün yeni təkan ola bilər. Sığorta bazarı hər il minimum 400 milyon manat civarında arta bilər. Bu isə sığorta bazarının Mərkəzi Bankın 2028-ci ilə qədər ümumdaxili məhsulun 3%-i civarına çatırılması ilə bağlı hədəfinə uyğundur.